Interposta.Info

İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı

Siyasət
 1-05-2018, 19:35     10 463

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

interposta.info
fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 293; 2006, № 5, maddə 401; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır.”;

1.2. 3-cü hissədə “İqtisadiyyat Nazirliyinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

***

18:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №12 (I kitab), maddə 2328) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:

“2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;”;

2.2. 2.2.5-ci yarımbənddə “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin;

2.3. 4.4.10-cu yarımbənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) vergi öhdəliklərindən azad edilməsi, habelə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası üç ay müddətində Fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Fond:

6.1. bu Fərmanın 2.1-ci bəndinə müvafiq olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. fəaliyyət istiqamətləri üzrə yarana biləcək mümkün maliyyə itkilərinin ödənilməsi üçün xüsusi ehtiyat fondların yaradılmasını təmin etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün”.

***

Prezident İlham Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26