Interposta.Info

Rusiyanın təcridi Azərbaycanın xeyrinə, yoxsa ziyanınadır?

Siyasət
 2-04-2018, 13:31     10 372

Tofiq Abbasov: “Azərbaycan özü özünü düşünməlidir”; Əhəd Məmmədli: “Güclü Rusiya həmişə Azərbaycanın ziyanınadır”
Qərb ölkələri tərəfindən Rusiyanın dünyadan təcridolunma siyasəti daha sərt xarakter alıb. Skripal olayından sonra bir sıra ölkələrin rus diplomatlarını ölkədən çıxarması və ya buna yönəlik mesajlar verməsi, eyni zamanda, Kremlin bumeranq rolu oynayan reaksiya sərgiləməsi vəziyyətin nə qədər ciddi olduğuna işarədir.

Mövcud durumun Azərbaycanın xeyrinə və ya ziyanına ola biləcəyi barədə mövqelər birmənalı deyil. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, Rusiyanı qlobal proseslərdən təcrid etmək mümkünsüz bir məsələdir: “Qərb əgər bunu öz qarşısına məqsəd kimi qoyursa, demək, onlar tarixin dərslərini yaxşı öyrənməyiblər. Çünki belə hallar indiyədək baş verib. Rusiya inqilabından sonra, eləcə də sovetlərin dönəmində Qərb dünyası Rusiyanı təcrid, tənbeh etmək istəyir, ərazilərinin bir hissəsini mənimsəməyə çalışırdı. Amma bunun nə ilə nəticələndiyini hamımız yaxşı bilirik. Rusiyanı dünyadan təcrid edə bilmədilər. Bu ölkənin müxtəlif proseslərdə oynadığı rol bunu mümkünsüz edir. Cəhdlər edilir ki, Kremllə əlaqələri olan ölkələrə də təsirlər edilsin, onları Rusiyadan qoparsınlar, bu ölkənin bazarını sındırsınlar. Kubanı uzun illər Amerika təcrid etmək istədi. Hətta bu ölkəni belə təcrid edə bilmədilər. Bütün çətinliklərə baxmayaraq, blokada şəraitindəki Kuba bu günə qədər mövcuddur. Qərbin özünün əzmə siyasəti özü-özlüyündə mənfurdur. Məsələn, on illərdir Amerika İranı bütün proseslərdən təcrid etməyə çalışır, aclığa düçar etməyə cəhd edir. Amma bunlar alınmır. Çünki Amerikanın yaxın müttəfiqləri olan ölkələr İranla münasibətlər qurmağa çalışır. Xüsusilə, 2015-ci ilin iyulunda bağlanan nüvə sazişindən sonra onlar yaxşı anlayırlar ki, dünya iqtisadiyyatla yaşayır. İndinin özündə o dövlətlər Amerikadan uzaqlaşır ki, ABŞ Avropanın daxili işlərinə qarışmasın. Düzdür, Amerika bütün gücü ilə təsir göstərməyə çalışır. Rusiyanın çox ciddi müttəfiqləri var. Onlardan Çini, Hindistanı, Yaponiyanı, Cənubi Koreyanı misal çəkə bilərik. Böyük dünyanın olduğu və orada kifayət qədər müstəqil siyasət aparan dövlətlərin mövcudluğu göz önündədir. İngiltərənin təkidi ilə hazırda Rusiyaya qarşı başladılan kampaniyaya onlar qoşulmayacaq. Hətta Türkiyə belə bu proseslərdən kənarda qalacaq. Nəyə görə kimlərinsə təkidi ilə sübut olunmamış bir cinayətə görə kimlərsə kimlərdənsə uzaqlaşmalıdır? Dövlətlərarası münasibətlər on illər, hətta yüz illiklər ərzində qurulub.

Onu bir anda qırmağın özü anormal bir haldır. Azərbaycana gəlincə, Rusiya yaxın qonşumuzdur. Müəyyən mənada müttəfiq ölkələrdir. Bizim Rusiya bazarında, onların da bizim bazarda maraqları var. Bu hər iki tərəfə xeyir gətirir. Azərbaycana qarşı təzyiqlərin olacağı istisna deyil. Fevral ayında Amerika kəşfiyyatının rəhbərinin məruzəsi dərc olunub, orada bir neçə ölkəyə, o cümlədən, Azərbaycana xəbərdarlıq olunub ki, Rusiyadan silah almasın. Niyə belə olmalıdır? Biz müharibə şəraitində yaşayan ölkəyik. Biz heç bir beynəlxalq qanunları pozmadan bunları edirik. Nəyə görə Amerika bizə təsir göstərməlidir? Sizlərin Rusiya ilə haqq-hesabı ola bilər, bunun bizə nə dəxli var? Ukrayna Qərbin ucbatından Rusiya ilə münasibətlərini birmənalı pozdu. Nə qazandı? Ukraynanın baş bilən naziri var idi, Azarov. O bildirmişdi ki, siyasətlə iqtisadiyyatı birləşdirmək olmaz. Onun dediklərinə məhəl qoyulmadı və hazırkı durum nəticədə yarandı. Hər zaman belə olub, böyük dövlətlər öz haqq-hesablarını çürüdəndə kiçik ölkələri düşünmür. Bu baxımdan Azərbaycan özü-özünü düşünməlidir. Kampaniyalara uymadan problemlərimizi həll etməyə çalışmalıyıq. Hansı ölkələr strateji maraqlarımıza təhlükə gətirirlərsə, onlardan uzaq durmalıyıq. Rusiya ilə biz düşmən mövqeyində ola bilmərik. Çünki onların bizdən, bizim də onlardan böyük asılılığımız var. Orada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan bu sahələrdə böyük səriştə toplayıb, məharətlə də siyasətini yürüdür”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Rusiyanın dünyadan təcridolunma siyasəti uğurla başa çatarsa, bu, ölkəmizin xeyrinədir: “Rusiyanın dünyadan təcrid olunacağı iddiasını irəli sürmək hələ tezdir. Nə vaxta qədər ki, rus qazı Avropaya gedir, bu ölkənin təcrid olunmasından danışmaq tezdir. Rusiya təcrid olunmasına rəğmən bütün təzyiqlərə tab gətirə biləcəksə, bu qarşıdurmadan güclü çıxacaq. Güclü Rusiya isə Azərbaycanın həmişə ziyanınadır. Yox, əgər Rusiya təcrid olub zəifləyəcək, çökəcək, bölünəcək və dağılacaqsa, bu təbii ki, Azərbaycanın xeyrinədir. Bu halda Azərbaycan ən azı Qarabağ və Ermənistan problemini qısa zamanda öz xeyrinə həll edib, həqiqətən də Qafqazın lider dövlətinə çevrilə bilər. Rusiyanın təcridi və bundan zəifləmiş hala düşməsi Azərbaycana imkanlar yaradacaq ki, Qarabağ problemini nəhayət çözə bilsin. Bu imkanlardan Azərbaycanın necə yararlanacağı başqa bir məsələdir. Rusiyanın təcridi bu ölkənin daxilində gərginliyi pik həddə gətirib çıxara və bu da Kremlin başının ancaq özünə qarışması ilə nəticələnə bilər. Bu da Azərbaycanın və region ölkələrinin xeyrinə ola bilər ki, Rusiya təzyiqi və təhlükəsindən heç olmasa müvəqqəti qurtula bilib, öz problemlərini həll edə bilsinlər. Rusiyanın təcridi ilk öncə özünə təhlükədir. Rusiya dünyanın ən böyük ərazisidir. Bu coğrafiyada gərginlik region və dünya üçün də təhlükəli ola bilər. Amma imperialist Rusiyanın varlığından daha çox onun çöküşü dünya və region üçün daha məqbul və az təhlükə gətirən bir hadisə olar”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26