Interposta.Info

Prezident Müdafiə Nazirliyinə tapşırıq verdi

Siyasət
 1-03-2018, 13:11     10 523

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

interposta.info xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 998-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26