Interposta.Info

Vüqar Bayramov:

Siyasət
 25-01-2018, 09:18     10 436

Dünyanın diqqəti yenə İsveçrənin kiçik bir kəndindədir. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə gedib, orada çoxsaylı görüşlər keçirməkdədir.

Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.

Dünya İqtisadi Forumu zamanı qeyri-rəsmi ikili görüşlər də ən azı rəsmi proqramdakı toplantılar qədər diqqət çəkir. Bundan əlavə, forum artıq sadəcə qlobal iqtisadi durumun müzakirə olunduğu və gələcəyə dair gözləntilərin dartışıldığı bir görüş olmaqdan çıxıb. Belə ki, gündəlik və operativ çıxış yolu gözləyən siyasi və sosial problemlər son illərdə daha çox diqqət çəkməyə başlayıb.

İqtisadçı-ekspert, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Davos yeganə forumdur ki, dünyanın aparıcı liderlərini, dövlət və hökumət başçılarını, eləcə də aparıcı biznes qurumlarının rəhbərlərini, QHT və KİV təmsilçilərini bir araya yığa bilir: “Bu baxımdan, Davos Forumu çox ciddi bir tədbirdir. Qlobal olaraq məsələlərin müzakirə oluna biləcəyi, dövlətlərin öz potensialını təqdim edə biləcəyi bir tribunadır”.

Davos həm də Azərbaycanın yüksək önəm verdiyi azsaylı tədbirlərdən biridir:
“Azərbaycanın dövlət rəhbəri səviyyəsində təmsil olunması da göstərir ki, bu forum ölkəmiz üçün əhəmiyyətli tədbirdir. Postneft dövründə Azərbaycanın bir tədbirə qatılması daha çox lazımdır. Çünki ölkə iqtisadiyyatı investisiyalara ciddi ehtiyac duyur. Bu investisiyaları cəlb etmək üçün Davos İqtisadi Forumu, oradakı görüşlər, müzakirələr əlverişli platformadır. Eyni zamanda burada Azərbaycan apardığı islahatları təqdim etmək üçün səmərəli imkanlar əldə edir. Builki tədbirdə dövlət başçısı lazım olan mesajlarını ifadə edib”.

Ekspert hesab edir ki, Azərbaycan da Davos Forumu üçün vacib tərəfdaşlardan biridir:
“Bir neçə il öncə Davos İqtisadi Forumunun regional forumunun Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda keçirilməsi göstərir ki, forum ölkəmizə ciddi tərəfdaş kimi yanaşır. Azərbaycanın da Davos kimi tribunaya ehtiyacı var. Azərbaycan orada öz potensialını, iştirakçılara təqdim edir. Düşünürəm ki, bütün bunlar qarşılıqlı əməkdaşlığın həm forum, həm də Azərbaycan üçün səmərəli olmasını göstərir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26