Interposta.Info

"Rusiya bankirləri Amerikanı müharibə ilə qorxudurlar"

Siyasət
 24-01-2018, 09:51     10 403

"Financial Times" yazır ki, Rusiyanın aparıcı banklarından VTB-nin rəhbəri Avropada hərbi münaqişə riski barədə xəbərdarlıq edib. Andrey Kostin bildirib ki, ABŞ-ın Rusiya üzərinə bundan sonra da sanksiyalar qoyması "müharibə elan edilməsinə" bərabər sayıla bilər.

Andrei Kostin deyib ki, ən böyük təhlükə Avropada çox sayda silahların konsentrasiya olunmasındadır. Onun fikrincə belə bir hal NATO və Rusiya qüvvələri arasında toqquşmaya səbəb ola bilər.

Putinin yaxın adamlarından olan Kostin Davosda keçirilən Dünya İqtisadi Forumunun kuliarlarında "Financial Times" qəzetinə deyib ki, "biz yeni silahlanma yarışı dövrünə qədəm qoymuşuq".

"NATO Avropada çox sayda silah toplayır və Rusiya heç şübhəsiz buna eyni şəkildə reaksiya verəcək, -bankir deyib, - Bundan kim qazanacaq? Yalnız generallar və silah istehsalçıları. Amerika deyir ki, Avropa silahlanmaya indikindən çox xərcləməlidir. Bu, kimə lazımdır?"ABŞ-ın Maliyyə Nazirliyi bu yaxınlarda Konqresə cənab Putinə yaxın olan oliqarx və "yarımdövlət biznes vahidlərinin" siyahısını təqdim etməlidir. Bu siyahı Rusiyaya qarşı növbəti sanksiyalar üçün baza rolunu oynayacaq.

"Financial Times" yazır ki, Rusiyanın dövlətin nəzarətində olan iki ən böyük bankı - VTB və Sberbank, ABŞ-ın onları Swift beynəlxalq banklararası ödəniş sistemindən kənarlaşdıra biləcəyindən narahatdır.

Kostin deyib ki, o, şəxsən özünə qarşı sanksiyalardan, Amerikaya səfər edə bilməməsindən və yaxud Amerikada bank hesabının olmamasından narahat deyil. Onun narahatlığı təsisatlar üzərinə iqtisadi sanksiyaların qoyulmasındandır.

"Şəxsən mən deyirəm ki, bu, müharibə elan etmək kimi bir şeydir. Mən Rusiya səfirinin bundan sonra Washington-da qalmasında və ya ABŞ səfirinin Moskvada buzlu suda çimməsində məna görmürəm. Düşünürəm ki, vəziyyət Soyuq müharibə zamanında olduğundan daha təhlükəlidir. Məncə, Amerika odla oynayır, çünki münasibətlər pisdən betərə doğru gedir və buna görə məsuliyyəti biz daşımırıq".

VTB bank İdarə Heyətinin sədri Andrey Kostin

Bundan əvvəl, ötən ilin dekabrında Rusiya Sberbankının rəhbəri German Qref demişdi ki, o, ABŞ-ın Rusiya banklarını Swift sistemindən çıxarmaq kimi cəhdlərindən narahatdır. O xəbərdarlıq etmişdi ki, bunun nəticəsində yarana biləcək vəziyyətin yanında "Soyuq müharibə toya getməli olacaq".

"Bir-birinə yaxın məsafədə o qədər silah var ki. Nə desən baş verə bilər, - Kostin deyib, - Ola bilər, bu nüvə müharibəsi olmasın, amma bu bizim münasibətlərimizi daha da pisləşdirəcək. Suriyada, Baltikada və ya hazırda Amerika gəmilərinin üzdüyü Qara dənizdə bundan sonra nələrin baş verə biləcəyini kim bilir?.."

Kostin bildirib ki, "ABŞ Rusiyadan Şimali Koreya üzərinə təzyiq qoyulmasında daha çox əməkdaşlıq tələb edir. Amma Rusiya niyə əməkdaşlıq etməlidir? Buna görə Amerika Rusiya üzərindəki sanksiyaları qaldırmalıdır. Onlar bizə sanksiya qoyurlar, biz isə əməkdaşlıqla cavab verməliyik?" (BBC).

https://www.bbc.com/azeri/international-42771177

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26