Interposta.Info

Duqinin 5 rayon təklifi - tələ, yoxsa...

Siyasət
 30-12-2017, 09:59     10 415

Kreml ideoloqunun Qarabağla bağlı mövqeyinə iki fərqli baxış

Rusiyanın ideoloqlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağla bağlı səsləndirdiyi ənənəvi fikirlərlə yenidən gündəmə gəlib. Başa çatmaq üzrə olan 2017-ci illə bağlı açıqlamalar verən Rusiyanın “danışan dili” əvvəlkilərdən heç də fərqlənməyən fikirlər dilə gətirib, “5 rayon söhbəti” edib.

Dağlıq Qarabağın ətrafındakı 5 rayonun qaytarılması ilə bağlı qərarın 2016-cı ildə hazırlandığını qeyd edən Duqin qərarın icrasını Ermənistan hakimiyyətinin ləngitdiyini bildirib. Həmçinin, Azərbaycanın aprel savaşı tipli bir əməliyyatı yenidən təkrarlamasının vacibliyi bildirilir. Belə olan təqdirdə nəinki 5 rayon, işğal edilən digər ərazilərimizin azad edilməsi üçün qarşımızda imkanlar açılacağı deyilir.

“Yeni Müsavat”ın yazarı Kənan Rövşənoğlu Duqinin açıqlamalarına bu cür şərh verdi: “Duqinin gələn il 5 rayonun qaytarılması ilə bağlı açıqlamaları bir neçə tərəfdən bizim üçün maraqlıdır. Bu cür açıqlamalar azərbaycanlılarda müəyyən ümid yaratsa da, aydın məsələdir ki, Duqinin də etiraf etdiyi kimi, bu planın həyat keçməsi qarşısında ciddi maneələr var. Özü də təkcə Ermənistanda deyil, həm də Rusiyanın özündə. Amma son iki ildə biz Duqinin də timsalında gördük ki, Rusiyada Azərbaycana, eləcə də Qarabağ münaqişəsinə yanaşmada bizim də ”dostlarımız" var - həm dövlət aparatında, həm də ictimai-siyasi sektorda.

Duqin, Şevçenko kimi ictimai rəyə təsiri olan şəxslər Qarabağ münaqişəsinin ədalətli, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə azad edilməsini müdafiə edirlər. Özü də bunu təkcə Azərbaycana görə etmirlər. Söhbət ondadır ki, avrasiyaçılar bu regionda anti-Amerika blokunun yaranmasını müdafiə edirlər. Bunun üçün də Rusiya, Türkiyə, İranın ittifaqı lazımdır. Təbii ki, bu “zəncir”in ortasında Azərbaycan da var. Bu səbəbdən də Duqinin tez-tez səsləndirdiyi fikirlər həm də onun beynində qurduğu projenin konturlarına daxildir. Bu prosesin nə qədər davam edəcəyi və Duqinin göstərdiyi xətt üzərində nə dərəcədə sabit olacağını indidən demək çətindir. Amma aydındır ki, antiqərb bloku bu tezisi müdafiə edəcək. Çünki Rusiyaya Avrasiyada möhkəm, güclü müttəfiqlər lazımdır. Bu isə onu Türkiyə və İrana yaxınlaşdırır".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli 5 rayon məsələsinin Rusiyanın əlində bir alver obyektinə çevrildiyini söylədi: “İlkin variantda 5 rayonun ermənilərin heç bir şərt irəli sürmədən geri qaytarılması məsələsi müzakirə edilərsə, bəlkə də buna razılaşmaq olar. Amma Qərb, Avropa Birliyi, Amerika işğal edilmiş ərazilər dedikdə 7 rayonu nəzərdə tuturlar. Doğrudan da sülhə doğru getmək istəyiriksə, 7 rayonun qaytarılması gündəmə gətirilməlidir. Amma 5 rayon deməklə Rusiya Azərbaycanla alver etmək istəyir. Bu alverin əsas mahiyyəti odur ki, Dağlıq Qarabağa keçici status verilsin. Bu keçisi status Dağlıq Qarabağı məsələsini yeni bir mərhələyə qaldırır. Bu mərhələ də gələcəkdə Dağlıq Qarabağın müstəqilliyi üçün tramplin rolunu oynaya bilər. Bu baxımdan düşünürəm ki, 5 rayon məsələsi də aldadıcıdır. Burada söhbət işğal edilmiş ərazilərimizdən və ərazi bütövlüyümüzdən getdiyi üçün Azərbaycanın bu məsələyə yanaşması tamam fərqlidir. Azərbaycan 7 rayonun geri qaytarılması məsələsini müzakirə edə bilər. Daha sonra isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində respublika statusu verə bilər. Bu məsələnin ən ədalətli həlli yoludur. Başqa cür variantların təklif edilməsi Dağlıq Qarabağı Azərbaycanın əlindən almağa xidmət edir. Ermənilər hətta naz edirlər ki, bir qarış torpaq da geri qaytarmayacağıq. Çünki onlar arxalarında rusları görüb, bu qədər özlərində əminlik hiss edirlər. Bütün dünya hazırda separatizmə qarşıdır. Çünki Avropada da artıq bu tipli narahatedici proseslər baş verir. Azərbaycanın aprel savaşı tipli bir əməliyyat həyata keçirməsi ilə bağlı deyilənlərə münasibət bildirmək çətindir. Çünki hərbi əməliyyatların başlaması məsələsi çox risklidir. Sözsüz ki, Azərbaycan ordusu hazırlıqlarını hər an davam etdirməlidir. Amma düşünürəm ki, torpaqlarımızı azad etmək üçün daha münasib zamanı gözləməyə məcburuq. Çünki Rusiyanın önə sürdüyü həll variantları var. Bütün bunlar məsələyə ehtiyatlı yanaşmağı tələb edir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26