Interposta.Info

Kremlin beş rayon razılığı:

Siyasət
 3-05-2017, 16:22     795

Rusiya məkanında ictimai fikrə təsir etmək gücünə malik olan Duqin son illər Rusiya-Azərbaycan münasibətlərinin dinamikasını dəyərləndirərək çox vacib açıqlamalarla çıxış edir.

Bu sözləri Axar.az-a Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, filosof, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin Bakı səfəri əsnasında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Zahid Oruc deyib. Millət vəkili hesab edir ki, Rusiya informasiya məkanında səslənən belə mövqelərin çəkisi Bakı üçün daha böyükdür:

“Açığı, bu fonda Rusiya mövqeyinin dominantlıq təşkil etməsi və rus politexnoloqlarının Azərbaycan fikir məkanını işğal etməsi kimi yanaşmaları qəbul etmirəm. Çünki bir sıra hallarda Rusiya əleyhinə mövqelərin heç bir əsası olmur və ya ən azı ikinci, üçüncü dairələrin əli ilə məkanımıza yeridilir. Biz də bəzən onların planlarına düşürük və antirusiya mövqeyi körüklənir, nəticədə bundan başqa dairələr qazanırlar. Bütövlükdə, münasibətlər yalnız tarixin hansısa nöqtələri üzərindən qurula bilməz. Yəni siyasət fərqli meyarlar tələb edir. Dinamizm, çeviklik, düşmən ölkənin fikir məkanına təsir, onun müttəfiq olduğu ölkələrin münasibətlərində mühüm rol almaq çox önəmlidir. Duqin dünən Bakı tribunasından çox mühüm fikirlər səsləndirib. Dağlıq Qarabağın bir hissəsinin qaytarılması mövqeyi əslində bizim mövqeyimizi gücləndirir. Bu şəxslər sanki Azəbaycanın Ermənistana qarşı savaşında iştirak etmiş olurlar. İrəvan indi bundan çox narahatdır. Ermənistanın informasiya sistemini quranlar çox yaxşı fərqindədirlər ki, Duqin kimdir və onun buradan antierməni mövqeyi Bakının mənafeyinə necə xidmət edir. Azərbaycan tərəfindən bu siyasət çox uğurla tətbiq olunur”.

Millət vəkili bildirib ki, bu fonda Rusiya məkanında aparıcı şəxslərlə əlaqələr qurmaq lazımdır, çünki məhz bu təmaslar aradakı divarı sındıracaq:

“Bu əlaqələr müxtəlif dairələrə, Qərb dövlətlərinə və antitürk qüvvələrə qarşı çox böyük fayda verə bilər. Rusiya məkanında Azərbaycan siyasətinin reallıqlarını, əsas iqtisadi əlaqələrini tutmağı bacaracağımız təqdirdə bu, təkcə 150 milyonluq dövlətlə deyil, eləcə də Qərblə münasibətlərimizə təsir göstərəcək. Yəni biz birhədəfli mövqe qura bilmərik. Ona görə də gələcəkdə Duqin çevrəsindən müxtəlif formatlı iş birlikləri qurula bilər. Hansısa xətdə, Qərb mövqeyində dayananlar öz siyasətlərindən geri çəkilməsinlər, çünki onların da bizə faydası böyükdür. Hətta bu gün İranla münasibətlərin faydasına çalışanların üzərinə də qətiyyən süngü ilə getmək olmaz”.

Millət vəkili hesab edir ki, bu gün Rusiya məkanında baş verənləri bilməyimiz çox önəmlidir:

“Dünən Putin iki illik fasisələdən sonra Angela Merkeli Soçidə qəbul etdi. Elə həmin gün Rusiya dövlət başçısının Trampla telefon danışığı oldu. Bunlar dünyanın əsas problemləri üçün çox əhəmiyyətlidir. Həmin regional proseslər o addımlardan sonra bir qədər dəyişəcək. Biz o xətləri izləməliyik. Duqin çox mühüm bir açıqlama verdi ki, İlham Əliyev regional və beynəlxalq problemlərin həllində çox uğurlu rol oynayır. Yəqin ki, Rusiya və ABŞ qərargah rəhbərlərinin görüşü nəzərdə tutulurdu, o cümlədən Rusiya-Türkiyə münasibətlərinin bərpası.

Bu gün Ərdoğan Rusiyaya səfər edib. Ümumən mayda Türkiyə rəhbərliyinin çox əhəmiyyətli xarici siyasət görüşləri olacaq. Bunlar bizim üçün də önəmlidir. Duqin üzərindən siyasətçilərimizin daha yaxşı təhlillər aparması və bu siyasi məkanı yeni-yeni ideyalarla zəngiləşdirməsi imkanları artmış olur. Ona görə də Azərbaycanın gələcəkdə Avrasiya Birliyinə üzv olub-olmayacağı, avrasiyaçılığın banisinin Bakıya buna görə dəvət olunması, cəmiyyətin buna hazırlanması haqda düşünənlər qoy öz mövqelərində qalsınlar. Önəmlisi budur ki, cəmiyyətdə hər bir ideoloji rəqabət olmalıdır. Yalnız o halda biz düzgün yolları tapa, ölkəmizin mənafeyini qoruya bilərik”.

Qeyd edək ki, məşhur rusiyalı ictimai-siyasi xadim, filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 1-də Bakıya səfər edib. Kremlin ideoloqu kimi tanınan politoloq bildirib ki, tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Onun sözlərinə görə, Qarabağ və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və çox vaxt tələb edə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26