Erməni qadınlar Türkiyəyə, kişilər Rusiyaya... – şok faktlar
Boşalan işğalçı ölkənin acı sonluğu: il-ildən ağır gəlir; Erməni polis rəisindən ilginc açıqlamalar; 2017-ci ildə düşmən ölkədə emiqrasiya, insan istismarı rekord həddə çatıb; hər xalq öz rəhbərinə, seçdiyi müttəfiqə və... aqibətə layiqdir
Belə bir ibrətamiz fakt var: 2-ci Dünya müharibəsindən az sonra Qərbi Almaniyada olan rus yazıçılarından biri öz təəccübünü gizlədə bilmir və heyrət içində sual edir: “Necə olur, müharibəni udan biz, amma yaxşı yaşayan almanlardır?” İndi bizim bədxah qonşularımız ermənilər də bu sual qarşısında qalıblar. Guya Qarabağ müharibəsinin qalibidirlər, amma “məğlub” Azərbaycanın əhalisindən qat-qat ağır gündə yaşayırlar.
Hər halda, ildən-ilə ən sürətlə boşalan, iqtisadiyyatı daha böhranlı duruma düşən ölkə məhz “qalib” Ermənistandır. Yanvarın 1-dən isə Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda ən vacib ərzaq məhsullarının, eləcə də benzinin bahalaşması gözlənilir ki, bu da onsuz da ağır dolanışığı olan erməni toplumunu daha fəlakətli duruma salacaq.
*****
Səbəb məlumdur - Ermənistanın 1-ci Qarabağ müharibəsindəki “Pirr qələbəsi”, bu qələbənin, yəni işğalın məntiqi sonucu olaraq, Ermənistanın yaşadığı iqtisadi blokada.
Bu xüsusda erməni deputatı, general Seyran Saroyanın aşağıdakı sözlərinə diqqət edin. Ermənistan cəmiyyətində ötən ilin aprel ayında Azərbaycan ordusunun ələ keçirdiyi Lələtəpə yüksəkliyinin geri qaytarılması ilə bağlı müzakirələrə şərh verən general deyib: “Allah göstərməsin ki, müharibə başlasın. Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də əhəmiyyətli deyil” (Virtualaz.org).
Əlbəttə ki, Lələ-Təpə yüksəkliyi əhəmiyyətlidir - həm də strateji əhəmiyyətli. Belə olmasaydı, Azərbaycanın bu uğurlu əməliyyatına görə prezident Serj Sərkisyan dərhal bir neçə generalı həbsə atmaz, təcili şəkildə Müdafiə Nazirliyi rəhbərliyində “təmizləmə” aparmazdı.
O ki qaldı “müharibə başlasa, erməni xalqının qırğına getməsi”nə, bu, gerçəkdən də realdır. Ən azından, elə ötən ilin aprelindəki “4 günlük müharibə” bunu deyir. Yəni bu məsələdə erməni generalı tamamilə haqlıdır. Üstəlik, xüsusən Lələtəpə məğlubiyyətindən sonra Ermənistanda düz-əməlli kişi də qalmayıb, orduya heç vaxt olmadığı qədər çağırışçı problemi yaşanır.
Az öncə tələbələrin hərbi xidmətdən möhlət hüququnun götürülməsi də ən əvvəl bu zərurətdən yaranıb. O da təsadüfi deyil ki, 2016-cı ilin aprelindən sonra erməni ordusunda xidmət eləmək istəyən qadınların sayı iki dəfə artıb (mənbə jam.news.net). Orduda qadın isə kişi amilini kompensasiya edə bilməz. Bu aksiomdur.
*****
Bəs erməni kişilər haradadır? Suala yuxarıda qismən cavab verildi. Daha detallı cavabı isə Ermənistandakı Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin insan alveri ilə (traffikinq) mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyanın dilindən eşitmək olar.
“Yeni Müsavat”ın 1 in.am nəşrinə istinadən verdiyi məlumata görə, Ovsepyan öncə deyib: “2017-ci ildə traffikinq və insan istismarı əlamətləri üzrə Ermənistanda 9 cinayət işi qaldırılıb. 1 cinsi istismar halı daxillə bağlıdır, ikisi xariclə - Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə. 6 əmək istismarı faktının isə ikisi xarici ölkə ilə - Rusiya və Gürcüstanla bağlı olub. Zərərçəkmiş qismində tanınan 13 şəxsdən 7-si qadın, 6-sı isə azyaşlıdır”.
Onun sözlərinə görə, Ermənistan ənənəvi olaraq insan alverinin (traffinqin) keçdiyi ölkə hesab edilir. “Yəni Ermənistanda verbovka edilib başqa ölkələrə aparılan insanların (qadın və kişilərin - red.) sayı başqa ölkələrdə verbovkla edilib Ermənistana gətirilən insanların sayından müqayisəyə gəlməz dərəcədə böyükdür. Əmək miqrantı (kişilər) istismarı üçün bizim vətəndaşların əsas istiqaməti Rusiya, cinsi istismar (qadınlar) üçün isə Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri olaraq qalır”, - deyə o etiraf edib.
Ovsepyan qadın və kişilərin istismarının əsas səbəbi kimi Ermənistandakı ağır sosial durumu, hüquqi biliklərin aşağı səviyyədə olmasını və savadsızlığı göstərib.
*****
Sözsüz ki, səbəblər arasında ağır iqtisadi-sosial durum öndə gəlir. Elə olmasaydı, hazırda təkcə Türkiyəyə on minlərlə qanunsuz erməni miqrant, xüsusən də erməni “ağçi” (qadın) çörək-pulu qazanıb eyni zamanda Ermənistandakı ailələrini saxlamazdılar.
Belə acı sonucun tək səbəbi əlbəttə ki, “Pirr qələbəsi”dir. Bir hərbi qələbə ki, onun faydasını başqa dövlət (Rusiya) görəcək, ölkəni həmin dövlətin vassalına çevirib xalqı acınacaqlı duruma salacaq, erməni kişilərin Rusiyaya, zənənlərin isə Türkiyəyə kütləvi köçünə nədən olacaq, ona sevinməyə dəyərmi?
Erməni xalqı üçün daha acınacaqlısı odur ki, bu mifik qələbənin acı meyvələri hələ yeyilib qurtarmayıb. Çünki hakimiyyətdəki kriminal-oliqarxik “Qarabağ klanı” - Sərkisyan rejimi və Rusiya faktoru buna imkan vermir, konfliktin həllinə, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə barışmasına mane olur.
Ən böyük bədbəxtlik də elə budur əslində - heç olmasa, fəlakətin yarısından qayıtmağa imkan verilməməsi. Ancaq bu, ilk növbədə erməni xalqının problemidir. Necə deyərlər, hər xalq öz rəhbərinə, seçdiyi müttəfiqə və... aqibətə layiqdir./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26