Fəlakət ssenarisi: İran və Səudiyyə arasında müharibə nələrə səbəb ola bilər?
Səudiyyə Ərəbistanı və İran arasındakı gərginlik son zamanlar daha da şiddətlənib.
Qaynarinfo xəbər verir ki, keçdiyimiz günlərdə husilər tərəfindən Səudiyyə kralı Salman ibn Əbdüləziz əl Səudun paytaxt Ər-Riaddakı iqamətgahını hədəfləyən ballistik raket atılıb. Raket havada zərərsizləşdirilib. Səudiyyə bu hücuma görə İranı günahlandırıb. İran isə Yəməndəki heç bir silahlı qruplaşmaya silah satmadığını və bu hücumla da heç bir əlaqəsinin olmadığını bildirib.
Baş verən bütün bu hadisələr Yaxın Şərqdə 2 fərqli məzhəb - sünnilər və şiələr arasında baş verə biləcək dəhşətli müharibə ehtimalını gün-gündən artırır.
Bəs bu iki güc dövləti qarşı-qarşıya gəlsə nə baş verə bilər?
BBC "The Inquiry" adlı proqramında mütəxəssislərlə birgə məsələni müzakirə edib. Verilişə Vaşinqton İnstitutunun Körfəz bölgəsi üzrə mütəxəssisi Maykl Nayts, NATO və ABŞ ordusunun Yaxın Şərq üzrə məsləhətçisi Antoni Kordesman, Cons Hopkins Universitetinin Strateji İşlər Fakültəsinin müəllimi Mara Karlin və Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Əli Vaez qatılıb. Onlar iki ölkə arasında baş verə biləcək savaşı 4 mərhələdə izah ediblər.
Soyuq müharibə
Mütəxəssislər hər iki ölkənin hazırda dolayı yolla münaqişə içərisində olduğunu bildiriblər. Bir tərəfdə Səudiyyə Ərəbistanının arxa durduğu silahlı qruplaşmalar, digər tərəfdə isə İran İnqilab Keşikçiləri Ordusunun dəstəklədiyi qüvvələr arasında bir çox ölkələrdə, o cümlədən Yəmən və Suriyada münaqişələr baş verir.
Yəmənin Səudiyyə Ərəbistanının cənub qonşusu olduğundan, mütəxəssüslər buranın Səudiyyə üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıblar. Həmçinin Suriyada da fərqli qruplaşmalar dəstəklənir.
Bu rəqabət savaşı İraq, Livan və Bəhreynə də təsirsiz ötüşməyəcək. Mütəxəssislər kiçik bir qığılcımın soyuq savaşı qızğın müharibəyə çevirə biləcəyindən ehtiyatlanırlar.
Üç ölçülü şahmat
Mütəxəssislər iki ölkə arasındakı gərginliyin qızğın müharibəyə çevriləcəyi təqdirdə savaşın əsasən hava qüvvələri arasında ola biləcəyini ehtimal edirlər. Onlar İranın hava qüvvələrinin köhnə olmasına baxmayaraq, yararlı vəziyyətdə olmasını, texnikaların əsasən 1980-ci illərdə İraq müharibəsi zamanı və daha sonra Rusiyadan alınan döyüş təyyarələrindən ibarət olduğunu diqqətə çatdırıblar. Bu əsnada Səudiyyənin daha müasir silahlara sahib olduğu bildirilib.
Statistik məlumatlarda Səudiyyənin bütün növ texnikalarda (ballistik raketlər istisna olmaqla) İranı üstələdiyi irəli sürülsə də, təbii ki, nə İranın, nə də Səudiyyənin səhraların altında nələr gizlətdiyini dəqiq demək mümkün deyil.
Hər iki ölkənin enerji və su ehtiyatları baxımından həssas olduğu vurğulanır. Həmçinin qeyd edilir ki, istər İran, istərsə də Səudiyyə Ərəbistanı dünyanın qlobal enerji qaynaqları hesab edildiyindən, Avropaya nəql olunan neft və ya təbii qaz yataqlarının bombalanması təkcə bu 2 ölkəni deyil, bütövlükdə dünyanı çıxılmaz vəziyyət qarşısında qoya bilər. Bu baxımdan hər iki ölkənin dünya miqyasında önəmi, digər dünya dövlətləri ilə müttəfiqliyi baş verə biləcək müharibəni çoxölçülü sistemə, yəni fərqli cəbhələrə bölə bilər.
Digər ölkələrin müharibəyə qatılması
Səudiyyə Ərəbistanı başda ABŞ olmaqla Böyük Britaniya və Fransa kimi böyük dövlətlərlə müttəfiqdir. İranın isə Rusiya və İraqla sıx əlaqələri mövcuddur. Belə bir münaqişəyə həmçinin İsrail və ABŞ-ın da daxil olması ehtimalı çox yüksəkdir.
Hörmüz boğazı enerji tədarükü üçün ən əhəmiyyətli tranzit nöqtələrindən olduğundan İran buranı hərbi məqsədlərlə minalamağa çalışacaq və bu da təbii ki, ABŞ-ın qəzəbinə səbəb ola bilər. Mütəxəssislər bölgədə ABŞ-ın çoxlu sayda bazasının, 35 minə yaxın canlı qüvvəsinin, təyyarə daşıyan gəmilərinin olduğunu qeyd edir və ABŞ-ın belə bir şəraitlə bir neçə saat içərisində müharibəyə qatılacağını istisna etmirlər. Belə olduğu təqdirdə İranın bir neçə cəbhədə vuruşmasının onu zəiflədəcəyi bildirilir.
Müharibədən sonra
Mütəxəssislər belə bir müharibənin tez bitəcəyini, bu səbəbdən itkilərin az olacağını, lakin təsirinin uzun illər davam edəcəyini düşünürlər.
Müharibənin sonunda enerji qaynaqlarının zərər görməsi səbəbindən neftin qiymətində kəskin artım olacağı proqnozlaşdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26