Putinin seçki öncəsi Suriya gedişi...
Rusiya ordusunun bir hissəsi Suriyanı tərk edir, amma ruslar daha 50 il bu ölkədə qalacaqlar
Xəbər verdiyimiz kimi, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyaya səfər edib. Eyni gündə Misir və Türkiyəyə də səfəri planlaşdırılan Rusiya prezidentinin təyyarəsi səhər saatlarında Suriyanın Laziqiyyə vilayəti ərazisində yerləşən Xmeymim Hərbi Bazasına gəlib.
Burada Putini hərbçilər və Suriya prezidenti Bəşər Əsəd qarşılayıb. Putinə bazada məruzə edilib və daha sonra Rusiya lideri hərbçilər qarşısında çıxış edib. Putin İŞİD üzərində qələbə qazanıldığını qeyd edib və eyni zamanda Rusiya silahlı qüvvələrinin Suriyadan çəkiləcəyini bildirib. Putin xüsusilə geri çəkilmək ifadəsi üzərinə vurğu edərək bu qərarın geri çəkilmə olmadığını, əməliyyatın əsas hissəsinin başa çatması ilə əlaqədar verilən qərar olduğunu bildirib. Eyni zamanda o deyib ki, Rusiya ordusunun əhəmiyyətli hissəsi Suriyadan çıxarılsa da, Xmeymim və Tartusdakı bazalar qalacaq.
Qeyd edək ki, Putini Suriya səfərində müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Gerasimov müşayiət edib. Şoyqu jurnalistlərə bildirib ki, artıq əsgərlərin Suriyadan çıxarılması prosesi başlayıb. Ancaq jurnalistlərin prosesin nə qədər davam edəcəyi ilə bağlı sualına Şoyqu dəqiq cavab verməyərək, bunun “duruma bağlı olacağını” deyib.
Xatırladaq ki, SSRİ ilə Suriya Respublikası arasında 1971-ci ildə bağlanmış müqaviləyə əsasən Suriyanın Tartus liman şəhərində SSRİ hərbi dəniz bazası qurub. Daha sonra bu baza ruslarda olub. Ötən il Rusiya və Suriya arasında Tartusdakı hərbi bazanın icarə müddəti 49 il artırılıb. Bu il Rusiya Dövlət Duması bu qərarı təsdiqləyib.
Məlum olduğu kimi, artıq Suriyada İŞİD-in məğlub edildiyi rəsmən bəyan olunub. Doğrudur, hazırda Deyr əz-Zor vilayətinin şərqində - İraq sərhədi və qismən daxili bölgələrdə - İŞİD-in nəzarət etdiyi bölgə qalıb. Bundan başqa, Hama və İdlib vilayətləri arasında, həmçinin Dəməşq yaxınlığında fələstinli qaçqınların yerləşdiyi Yərmuk düşərgəsində, habelə cənubda İsraillə sərhəddə hələ də İŞİD-in nəzarətində olan ərazilər var. İdlibdə və cənub vilayətlərində Rusiyanın terrorçu hesab etdiyi “Fəth əş-Şam” və “Təhrir əş-Şam” kimi bir neçə qruplaşma hələ də qalır. Yəni rusların Suriyada qarşıya qoyulan vəzifəni tamamilə bitirdiyini demək olmaz. Hazırda Suriyada hərbi əməliyyatlar davam edir. Təbii ki, Rusiya rəhbərliyi də bu gerçəyi bilir və münaqişə tam başa çatmadan Suriyadan çıxmanın zərərli olacağının fərqindədir. Digər tərəfdən, aydın məsələdir ki, ruslar Suriyada iki bazanı saxlayacaq. Eyni zamanda S-400 Hava Hücumundan Müdafiə Sistemlərini də çıxarmayacaq. Çünki bu, Əsədi tamamilə zərbə altında qoymaq olardı.
Rusların Suriyadan çıxara biləcəyi qüvvələr çevik əməliyyat birlikləri, hərbi polis və hərbi aviasiyanın və vertolyotların bir qismi olacaq. Bunların çıxarılması isə əslində labüd idi. Çünki artıq uzun müddətdir ki, Rusiya hərbi aviasiyası Saratovdan qalxan "TU-22M" strateji bombardmançıları ilə İŞİD mövqelərini vurur. Çünki nisbətən alçaqdan uçan "SU-24" bombardmançıları daha çox risk daşıyır.
Yəni əslində rusların Suriyadan çəkdikləri qüvvələr çıxarılması labüd olan birləşmələr olacaq. Ümumilikdə 70-dən çox Rusiya təyyarəsinin Suriyada olduğunu nəzərə alsaq, bir xeyli təyyarə geri çəkiləcək. Suriyada əsasən “ovçu” qırıcılar, operativ döyüş vertolyotları qalacaq. Və sapyorlar. Bununla da Rusiya zahirən qüvvələrinin böyük bir qismini, çoxlu sayda quru qüvvələrini çıxaracaq.
Rusiya liderinin xüsusi mərasimlə ordunun Suriyadan çıxarılmasını elan etməsi Rusiyanın Suriyada ikinci Əfqanıstan yaşamadığı, qarşıya qoyduğu vəzifəsini uğurla yerinə yetirərək çəkildiyini göstərmək, yəni qələbə elanı məqsədi daşıyırdı. Bu, eyni zamanda Rusiyada daxili siyasət üçün uğurlu gedişdir. Martda Rusiyada seçkilər keçiriləcək və seçki öncəsi Putin xalqın o qədər də xoşlanmadığı (Suriyada ölən rus əsgərlərdir - K.R.) Suriya kampaniyasını başa çatdırdı. Bütün hallarda dəyişən ciddi bir hal olmayacaq. Əməliyyatlar, hava zərbələri davam edəcək. Ancaq eyni zamanda Rusiya uğurlu bir kampaniyanı bitirərək rəsmən Suriyanı tərk etdiyini bəyan etməklə bir mənada rəqiblərinə meydan oxudu./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26