Interposta.Info

Əfv müəmması -

Siyasət
 9-12-2017, 08:47     10 454

Əliməmməd Nuriyev: “Ayın sonunda əfv verilməzsə...”; Mirvari Qəhrəmanlı: “Əfv Komissiyasının üzvünə komissiya adından danışmaq səlahiyyəti verilməyib”

Bu ilin sonunda əfv sərəncamının olub-olmayacağı ilə bağlı dəqiq məlumat yoxdur. Aylar öncədən sərəncamın olacağı ilə bağlı səslənən iddialara dekabrın 6-da Əfv Komissiyasının üzvü Rəşad Məcid son qoyub. Onun ilin sonunda əfv sərəncamının gözlənilmədiyi barədə açıqlamaları müzakirələri daha da artırıb.

Xüsusilə, R.Məcidin açıqlaması bir faktı üzə çıxarıb ki, hazırda Əfv Komissiyasının iclasları belə keçirilmir. Komissiya üzvü bu ay ərzində qurumun iclasının gözlənilmədiyini də qətiyyətlə bildirib. O, Novruz bayramı ərəfəsində iclasın gözlənildiyini qeyd edərək, o zaman əfv sərəncamı ilə bağlı qanun layihəsinin hazırlanacağını qeyd edib.

Onun bu açıqlamasının ardından bir qrup hüquq müdafiəçisinin əfv xahişi ilə ölkə başçısına müraciət etmələri müzakirələrin axarını dəyişib. Bu müraciətin hansı nəticələr verəcəyi, əfvin olub-olmayacağı ilə bağlı çoxsaylı fikirlər meydana çıxıb.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev cəmiyyətdə belə müzakirələrin hər zaman aparıldığını qeyd etdi: “Bütün bunlar mövcud olan taktikadan irəli gəlir. Son illərə qədər belə bir praktika mövcud olmuşdu. Bir dəfə ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı cənab prezident tərəfindən sərəncam imzalanmışdı. Amma 2016-cı ilin sonunda belə bir sərəncam verilmədi. Yalnız mart ayında sərəncam imzalandı. Əfv verilməmişdən əvvəl bir qayda olaraq komissiyanın iclasları keçirilir. Bu ay üçün artıq birinci on günlük başa çatır. Düşünürəm ki, komissiyanın qalan qısa müddət ərzində toplanmasında, rəy hazırlanmasında vaxtla bağlı müəyyən problemlər yarana bilər. Amma istənilən halda əfv sərəncamı cənab prezident tərəfindən verilir və bunun vaxtını müəyyən etmək onun müstəsna səlahiyyətlərinə aiddir. Hüquq müdafiəçilərinin bu müraciətini təbii qarşılayıram. Onlar hər zaman insanların həbsdən azad olunmasına çalışıblar. Cənab prezident tərəfindən hər zaman humanizm nümayiş etdirilib. 2003-cü ildən bu yana ölkə başçısı tərəfindən verilən əfv sərəncamları ilə 3700-dən artıq məhbus azadlığa çıxıb. Bu çox böyük bir rəqəmdir. Müstəqillik illəri ərzində verilən 61 əfv sərəncamı ilə 7 mindən artıq şəxs azad olunub. Bu ilin martındakı əfvlə 423 nəfər azad olundu. Bu bəlkə də əfvə düşən məhbusların sayı baxımından fərqlənən sərəncamlardan biridir. Bundan əlavə, gələn il ölkəmizdə bir sıra hadisələrin əlamətdar ildönümləri olacaq. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının yüz illiyi, mərhum Heydər Əliyevin anadan olmasının 95 illiyi olacaq. Bunlar çox mühüm tarixlərdir. Bu tarixlər ərəfəsində də əfv sərəncamları gözləyə bilərik, amnistiya aktı da verilə bilər. Çünki bir qayda olaraq, belə mühüm tarixlərdə cəmiyyəti əhatə edən qərarlar çox verilib. Ölkə başçısı tərəfindən cəzaların humanistləşdirilməsi ilə bağlı qərarı da unutmayaq. Bundan əlavə, Cinayət Məcəlləsinin 300 maddəsinin tərkibində dəyişikliklər baş verdi ki, artıq bunlar qüvvəyə minib. Dəyişikliklər nəticəsində qərarlar qəbul olunur. Hesab edirəm ki, bunları mütləq nəzərə almaq lazımdır. Bu ayın sonunda əfv verilməzsə, bu amillər burada mühüm rol oynaya bilər. İnanıram ki, cənab prezident tərəfindən indiyə qədər göstərilən humanistlik nəticəsində hazırlanan mərhəmət aktları və siyasət davam edəcək. Atılan addımlar bunu bir daha sübut edir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızının hələ aylar öncədən komissiyasının daim işlədiyi barədə fikirlər səsləndirdiyini bildirdi:
“Əfvi prezident verir. Bu baxımdan Rəşad Məcidin fikirləri konkret mövqe deyil. Siyahılar həmişə katiblikdə var. İndi də hüquq müdafiəçiləri prezidentə müraciət edib əfv imzalanmasını istəyiblər. Elə insanlar var ki, əfv üçün müraciət etmirlər. Biz müraciət edənlərin də, etməyənlərin də azad edilməsini xahiş edirik. Əfv Komissiyasının üzvünə komissiya adından danışmaq səlahiyyəti verilməyib. Əfvi də komissiya deyil, prezident verir. Komissiyanın işi odur ki, siyahıları hazırlayıb prezidentə versin. Düşünürəm ki, əfv ola bilər. Yalnız prezident deyə bilər ki, əfv olmayacaq, çünki əfv vermə səlahiyyəti yalnız ona məxsusdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26