Interposta.Info

“Tezliklə Avropa separatçıların hamısına eyni mövqedən yanaşacaq” -

Siyasət
 4-12-2017, 08:22     10 346

Politoloq: “Artıq hiss olunur ki, Avropa Birliyi Qarabağa da yanaşmanı dəyişir”

Ötən aylarda Kürdüstan, ardınca isə Kataloniyada “müstəqillik” referendumu keçirildi. Birinci İraqdan, digəri isə İspaniyadan ayrılmaq istəyirdi. Lakin hər iki bölgədə referendumun nəticəsi oxşar oldu. Belə ki, İraqda rəsmi Bağdad referendumu qeyri-legitim elan etdi və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan etdi. Daha sonra isə İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirdilər və məsələ qapandı.

İspaniyanın Konstitusiya məhkəməsi isə Kataloniya regionunun birtərəfli şəkildə müstəqillik qərarını ləğv etdi. Məhkəmə Kataloniya regional parlamenti tərəfindən sentyabrda qəbul olunmuş keçid dövrü haqqında qərarı da qəbul etmədi. Hər iki bölgədə referendum məsələsinin gündəmdə olduğu ərəfədə ekspertlər bildirirdilər ki, Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyadakı proseslər dövlətlərin qurulması ilə nəticələnəcəyi halda, bu, Azərbaycanın əleyhinədir. Belə ki, ermənilər də öz çirkin niyyətlərini həyata keçirmək üçün fəallaşa bilərdilər.

Bəs Kataloniya və Kürdüstanın müstəqilliyi məsələsinin artıq tarixə qovuşduğunu söyləmək olarmı? “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Azərbaycan prizmasından bu məsələ artıq tarixə qovuşub: “Azərbaycan üçün nə lazımdırsa alındı, separatçılar cəzalandırıldı. Yeganə cəza almayan erməni separatçılarıdır. İraq Kürdüstanı müstəqillik əldə etmək istədi, ancaq Kərkük kimi ərazini itirdi. İspaniyada da baş verənlər Azərbaycan prizmasından baxanda bitmiş sayılır. Hesab edirəm ki, yaxın bir neçə ildə İraq Kürdüstanının məsələn, 2 ay bundan öncəki səviyyəyə çatması mümkün deyil. Eləcə də Kataloniya müstəqilliyə getməyəcək. Oranın əhalisi müstəqilliyin əleyhinə minlərlə insanın iştirakı ilə mitinq keçirdi. Düşünürəm ki, Kataloniyadakı müstəqilliklə bağlı məsələlərdə uzun müddət fasilə yaranacaq. Bu müddət ərzində isə biz Dağlıq Qarabağ məsələsini tamamilə Azərbaycan konstitusiyası çərçivəsində həll edəcəyik. Prezidentimiz 3 il bundan öncədən bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlədir. Onu da dedi ki, niyə siz Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü tanıyırsız, Azərbaycana gəldikdə isə məsələyə fərqli yanaşırsınız. Avropa İttifaqının Brüssel sammitinin ”Şərq Tərəfdaşlığı" üzrə yekun bəyannaməsində heç bir münaqişənin adı yazılmayıb. Bütün münaqişələrə isə vahid yanaşma ortaya qoyulub. Eləcədə də Avropa İttifaqının özünün yekun sənədində də üzv və tərəfdaş dövlətlərin hamısının ərazi bütövlüyü, müstəqilliyi, dövlət suverenliyi və sərhəd toxunulmazlığına dəstək bildirilir. Demək istəyirəm ki, 3 il öncə prezident bu ideyanı ortaya qoydu və nəticəsini gördük. İndi isə Azərbaycan prezidenti Brüsseldəki son çıxışı zamanı da Avropa məkanındakı bütün separatizmə vahid yanaşma məsələsini ortaya qoydu. Bu, deməkdir ki, necə olur ki, Kataloniyanın baş naziri Karlos Puşdemonu həbs edirsiz, Bako Sahakyan isə Fransada sərbəst şəkildə gəzir?"

Politoloqa görə, yaxın illərdə Avropa tərəfi bütün separatçılara vahid formada yanaşacaq: “Kataloniyada referendum keçirilən ərəfədə Avropa İttifaqı bütün şirkətlərinə göstəriş verdi ki, oradan çıxsınlar. Müstəqilliyin əleyhinə mitinq edən yerli əhali də əslində şirkətlərin ərazini tərk etmə qorxusundan meydanlara çıxdılar. Avropa İttifaqında da Brüssel sammitinin səhəri günü Avrokomissiyanın ticarət palatası Avropa şirkətlərinə xəbərdarlıq etdi ki, Dağlıq Qarabağ ərazisində iqtisadi fəaliyyət göstərmək, Azərbaycanın qanunlarını pozmaq deməkdir. Bu isə cinayət məsuliyyəti yaradır. Artıq hiss olunur ki, Avropa İttifaqı Dağlıq Qarabağa da yanaşmanı dəyişir. Əslində belə qəbul olunmalıdır ki, İspaniya Kataloniyaya qarşı hansı qaydada mübarizə aparıbsa, Azərbaycan da həmin formada Dağlıq Qarabağa qarşı mübarizə aparmalıdır. Sənədlə Azərbaycan Dağlıq Qarabağa rəhbər təyin etməli və onu hüquq-mühafizə orqanlarının müşayiəti ilə Xankəndində oturtmalıdır. Necə ki, bunu Kataloniya etdi. Yəni bizim özümüz də bu məsələlərdə təşəbbüskar olmalıyıq. Hansı məsələyə ki, təşəbbüskarlıq edilir, gec-tez Avropa buna reaksiya verir. Xüsusilə nəzərə almaq lazımdır ki, Avropanın özündə artıq əhval-ruhiyyə dəyişir. Kataloniyadakı proseslər fonunda Jan-Klod Yunker açıq şəkildə dedi ki, millətçilik Avropa üçün zəhərdir. Azərbaycanın dövlət siyasəti də millətçiliyi inkar edir. Ona görə də düşünürəm ki, dünyada baş verən bu kimi hadisələr bizim faydamızadır. Bütün bunların fonunda Avropa Ermənistana yox, bizə yaxınlaşır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26