Interposta.Info

Lavrov Kremlin gerçək niyyətini açıqladı

Siyasət
 21-11-2017, 09:24     9 322

“Azərbaycanı da Avrasiya İqtisadi Birliyində görməkdən çox məmnun olarıq”; Kreml Azərbaycan ərazilərinin işğalına son qoymaq istəyirmi?; “Səfər müəyyən mətləblərdən xəbər verir” - ilginc ekspert rəyləri...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri bitdi. Görüşlərdən sonra rus diplomatın açıqlamalarında Qarabağ probleminin həlli ilə bağlı Rusiyanın o qədər də həvəsli olmadığı bəlli oldu. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə.

İki ölkə arasındakı əlaqələrdən bəhs edən Rusiya XİN rəhbəri qeyd edib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. “Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”, - deyə o vurğulayıb.

Azərbaycan prezidenti isə iki ölkə arasındakı münasibətləri bütün qonşular və tərəfdaşlar üçün nümunə olaraq vurğulayıb. Ancaq görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacaqlarını xüsusi vurğulamaqla Bakının bu məsələyə önəm verdiyinə diqqət çəkib. Azərbaycan üçün prioritet olan torpaqlarının azadlığı məsələsi təbii ki, Ermənistanla hərbi müttəfiqliyi olan bir ölkənin baş diplomatı üçün o qədər də əhəmiyyət kəsb etmir. Kremli maraqlandıran məsələlər başqadır. Necə ki, S.Lavrov 2016-cı ilin aprel döyüşlərindən sonra Bakıya etdiyi səfər zamanı dilə gətirdiyi kimi, budəfəki vizitində də həmin önəmli mövzuya ayrıca yer ayırıb.

“Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diktə etməmişik”.

Rusiya xarici işlər naziri ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib (APA). O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını bildirib. “Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq”, - deyə Rusiya XİN başçısı əsas məqsədini açıqlayıb.

S.Lavrov ABŞ-Rusiya münasibətlərindəki gərginliyin Qarabağ məsələsi ilə bağlı prosesə təsirini də istisna edib. “ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir” - nazir bildirib. O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir.

ADA Akademiyasında çıxışında Lavrov Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu deyib. O qeyd edib ki, iki ölkə arasında fəal əməkdaşlıq qurulub və bunu ticarət dövriyyəsinin rəqəmləri ilə də görmək olar: “Ölkələrimiz arasında Putinlə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var”.

Noyabrın 20-də isə Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü keçirilib. Nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib. “Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”. XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır. “Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu” - Məmmədyarov deyib (APA).

Həmsədrlərin sayına gəldikdə, E. Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?

“Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk Qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımları atmalı olduğumuzu hamı bilir. Sadəcə, hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”, - deyə nazir əlavə edib.

“Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq”.

Bunu isə S.Lavrov deyib. O bildirib ki, Rusiya həmsədr dövlət kimi son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həll istiqamətində çalışacaq. “Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır”,- deyə o vurğulayıb.

Rusiya xarici işlər naziri dünən Bakıdan İrəvana uçub. O, 20-21 noyabr tarixlərində Ermənistana səfər çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşəcək. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, S. Lavrov İrəvandakı görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək. Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.

Politoloq Arzu Nağıyev səfərlə bağlı bunları bildirdi:
“Rusiya xarici işlər naziri Lavrovun səfəri ilə bağlı əvvəlcədən verilən anonslarda bildirilirdi ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlət kimi Qarabağ münaqişəsi ilə bağlı həm Bakıda, həm də İrəvanda görüşlər keçiriləcək, müzakirələr aparılaçaq. Lavrov Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüş zamanı bu məsələnin vacibliyini qeyd edən prezidentə cavabında bir daha gəlişinin məqsədini təsdiqlədi. Zənnimcə, bu görüşlərin keçirilməsində Türkiyə prezidenti cənab Ərdoğan və Rusiya prezidenti cənab Putinin Soçi görüşlərinin də təsiri olub. Sərkisyanın Moskvaya çağırılması, Lavrovun regiona səfəri müəyyən mətləblərdən xəbər verir”.

Rusiya XİN başçısının Bakıdan İrəvana hansı təkliflərlə getməsinə gəlincə, A.Nağıyev bildirdi ki, Lavrov bu görüşlərdə Kazan və Sankt-Peterburq görüşlərinə uyğun olaraq danışıqlar apara bilər: “Bizim tərəfin əsas şərti və tələbi ərazi bütövlüyümüz və işğalçı ordunun qeyr-şərtsiz ərazilərimizi tərk etməsidir. Qərb də bilir ki, bu məsələ birbaşa Rusiya ilə bağlıdır və o, açar fiqurdur. Ona görə də münaqişənin həllində əsas rolu Rusiya oynamalıdır. Dolayı yolla bu haqda cənab Ərdoğan da bildirdi. Rusiya da təbii ki, öz nüfuzunu bərpa etməyə çalışır. Ümumiyyətlə, danışıqların intensivləşməsi münaqişənin həllinin, necə deyərlər, ölü nöqtədən tərpənməsinə müsbət təsir edə bilər və bu da ermənilərin xeyrinə deyil. Lakin bu gün artıq Azərbaycan diktə edən tərəfdir, Rusiya isə bunun hərbi yolunu istəmir və çəkinir. Tam şəkildə münaqişənin həllinə ümidim olmasa da, intensiv danışıqları müsbət dəyərləndirmək olar”.

“Lavrovun səfərindən hər hansı bir gözləntimin olmadığını daha öncə də demişdim. İndi də o qənaətdəyəm ki, Rusiya münaqişənin həllində maraqlı deyil”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli əməkdaşımıza açıqlamasında bildirdi.

Ekspert qeyd etdi ki, S.Lavrovun səfərinin də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prosesin intensivləşməsinə xidmət etdiyini düşünmür:
“Moskva bu gün özü üçün prioritet saydığı və Rusiyanın regiondakı nüfuz dairəsinin qorunub-saxlanılmasına xidmət edən məsələlərə daha çox üstünlük verir. Rusiyanın regiona yönəlik bütün davranışlarının əsasında özünün nüfuz dairəsindən kənar əməkdaşlıq və inkişaf perspektivlərini əngəlləmək niyyəti dayanır. Bu baxımdan da Rusiyanın xarici işlər nazirinin Azərbaycan və Ermənistana səfərinin münaqişənin həllinə xidmət etmədiyi ehtimalı daha çoxdur. Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra Rəcəb Tayyib Ərdoğanın Putinin Dağlıq Qarabağ probleminin həllinə münasibəti barədə fikirləri, zənnimcə, real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur”.

E.Mirzəbəyli hesab edir ki, Moskva nəinki problemi həll etmək niyyətində deyil, əksinə, problemin həllinə imkan yaradan bütün vasitələri belə sıradan çıxarmaq, prosesi yalnız öz əlinə cəmləmək niyyətindədir:
“Çar Rusiyası Azərbaycan xanlıqları ilə müqavilə imzalayanda, yaxud onları öz təbəəliyinə keçirəndə Azərbaycan xanlarının ən yaxın adamlarını Sankt-Peterburqda girov saxlayırdı. Müasir Rusiya isə dövlətləri öz nüfuz dairəsində saxlamaq üçün onların ərazisini girov saxlayır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Lavrovun çıxışının mətbuat üçün açıq hissəsində dediyi bir neçə cümlədən gəldiyi qənaət budur:
“Birincisi, Lavrovun münaqişənin həlli ilə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək. Deməli, Kreml Azərbaycanın tələb etdiyi ”mərhələli həll" planına soyuq yanaşır. Üçüncüsü, Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, “əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.

“Əgər Rusiya Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni ”Putin planı"nı Azərbaycana təqdim edəcək". Bu iddia isə erməni siyasi yazar Tevos Arşakyana məxsusdur. (Publika.az). “Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sərkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sərkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək” - o bildirib. Mümkündür ki, İrəvanda bu mövzu daha ciddi müzakirə olunsun./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26