Interposta.Info

“Vaşinqtonda yaxşı dərk edirlər ki,

Siyasət
 5-10-2017, 09:54     5 394

Viktoriya Nulandı əvəzləyən Ues Mitçell ABŞ-ın hansı planlarını həyata keçirəcək? - ekspertlərdən ilginc açıqlamalar

Ötən ayın sonlarında ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin namizədliyini təsdiq etdi. Nəticədə bu postda məşhur Viktoriya Nulandı Ues Mitçell əvəzlədi.

Bununla bağlı ilkin məlumatı yayan virtualaz.org ABŞ-ın, o cümlədən, Azərbaycanla münasibətlərini formalaşdıracaq bu adamın kimliyi və hansı mövqenin sahibi olması barədə araşdırma apararkən maraqlı məqamları vurğulamışdı. “Rəngli inqilabların xaç anası” kimi tanınmış xanım Nulandın yerinə təyin olunan Mitçellin fəaliyyətinin nə vəd etdiyi barədə müxtəlif təxminlər var.

Qeyd olunur ki, cəmi 30 yaşı olan Ues Mitçell həmin vəzifəyə təyin olunana qədər mənzil-qərargahı Vaşinqtonda və Varşavada yerləşən Avropa Siyasətinin Analizi Mərkəzinin (CERA) rəhbəri olub. O, Amerikanın iri neft şirkətləri ilə yaxın əlaqələrə malikdir və Rusiyaya qarşı daha sərt siyasətin tərəfdarıdır.

ABŞ-la danışıqlara cəlb olunmuş Ukrayna mənbələri qeyd edirlər ki, Mitçell Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya döyüş silahları verilməsi ideyasının qatı tərəfdarlarındandır. Habelə gözlənilir ki, yeni postda o, Baltikyanı regionda, Polşa və Finlandiyada “rus təhdidi”inə qarşı millətçi və yarımhərbi birləşmələrin yaradılmasına dəstəkdə israr edəcək. Mitçellin Moldovada Rusiya təsirlərini azaltmaq üçün xüsusi missiyanı üzərinə götürəcəyi, Bolqarıstanın rusiyayönümlü prezidenti Rumen Radayevlə bağlı işləyəcəyi, Macarıstanda rusiyameylli baş nazir Orbanın hakimiyyəti ilə qarşılıqlı münasibətlərə xüsusi fikir verəcəyi gözlənilir. Düzdür, Mitçellin məktubunda Azərbaycandan bəhs olunmur. Hətta Azərbaycan ərazilərinin işğalına da toxunulmur. Lakin müşahidəçilər hesab edir ki, ABŞ dövlət katibinin yeni köməkçisi Azərbaycana Amerikanın təsir sferasına qayıtmaqda kömək göstərməyə çalışacaq. Bu zaman boru kəmərləri layihəsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflərdən istifadə edəcək.

Virtualaz.org da yazıb ki, Mitçell CERA-ya rəhbərlik edərkən Cənubi Qafqazda ABŞ-ın təsirlərinin gücləndirilməsinin vacibliyi haqda analitik hesabatlar hazırlayıb. Tamamilə aydındır ki, ABŞ-ın Azərbaycanda nüfuzunun artmasına ancaq Vaşinqtonun Qarabağ münaqişəsinin həllinə yönələn güclü səyləri imkan yarada bilərdi. Bu baxımdan, gözləmək lazımdır ki, nüfuzlu amerikalı strateqin Dövlət Departamentində Azərbaycanın da yerləşdiyi region üzrə siyasətin formalaşdırılmasına cavabdeh şəxs postuna gətirilməsi Vaşinqtonun Qarabağ məsələsindəki siyasətinə hansı təsirləri göstərəcək. Ancaq son zamanlar Qərbin Azərbaycana artan təzyiqlərinin, ABŞ Senatında Azərbaycandan olan məmurlara qarşı sanksiya qərarlarının müzakirəsi fonunda bu təyinat diqqət çəkir.

Politoloq Hikmət Hacızadənin sözlərinə görə, hələ ki Tramp və onun dövlət katibi “rəngli inqilab"lara qarşı olduğunu bəyan edib. “Rəngli inqlab”lardan başqa, Avropa və Avrasiyada iş çoxdur. Əsas da Şimali Koreyadir.

Ancaq bununla belə, H.Hacızadə 2018-ci ildə Rusiya və Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladaraq, ABŞ-ın bu iki postsovet ölkəsindəki proseslərə laqeyd qalmayacağını vurğuladı. Ekspert hesab edir ki, son zamanlar ABŞ-da Rusiya və Azərbaycana qarşı sərt mövqenin formalaşması fonunda yeni təyinatın olması səbəbsiz deyil. Bu mənada H.Hacızadə yeni təyinatın ardınca təzyiqlərin artmasını istisna etmir.

Politoloq Arzu Nağıyev isə Mitçellin geosiyasət üzrə mütəxəssis olduğunu vurğuladı: “Əsasən NATO-nun Şərqi Avropaya genişlənməsini dəstəkləyən, ümumiyyətlə, bu regionda ABŞ-ın təsir dairəsinin genişlənməsinin vacibliyini qabardan bir siyasətçidir. Bundan başqa, o, Rusiyanı daima düşmən obrazında görən, ona qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayan bir şəxsdir və Rusiya da buna görə Mitçelli antirus mövqeli sayır. Mitçell Baltikyanı dövlətləri də Rusiya əleyhinə qaldırmağa çağırış edir, Krımın qaytarılmasını, Ukraynanın ərazi bütövlüyünün bərpasının vacibliyini daima qabardır. Yəni ABŞ-ın nüfuz dairəsini artırmaq üçün siyasi baxışları ilə tanınır, Rusiyanın nüfuzunu salmaq üçün və onun supergüc olmaması üçün cənab Trampa Avropada nüfuz sahibi olmaq üçün ilk növbədə Rusiyanı çökdürmək istiqamətində məsləhətlər verir. Həmçinin Obamanın Polşada və Estoniyada sona çatdıra bilmədiyi siyasətini davam etdirməkdə yardımçı kimi çıxış edir”. Politoloqun fikrincə, Mitçell Cənubi Qafqazda son vaxtlar hiss edilən ABŞ-Rusiya nüfuz davasının ABŞ ın xeyrinə bitməsi üçün əlindən gələni edəcək: “Mitçellın bir sıra neft və qaz ixracı ilə məşğul olan böyük korporasiyalarla əlaqəsinin olmasını nəzərə alsaq, o ”Əsrin kontraktı"nın uzadılması faktorunu dəstəkləyəcək və bundan anti-Rusiya kartı kimi də istifadə edəcəyi istisna deyil. Düşünürəm ki, onun ABŞ rəhbərliyinə məsləhəti ilə Dağlıq Qarabağ məsələsində aktivləşmə baş verə bilər. Mitçell burada da ABŞ-ın nüfuzunu qaldırmağa çalışacaq. Rusiyanı qorxudan da budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məhz ABŞ vasitəsilə həyata keçirilə bilər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında fərqli fikirlər söylədi: “Viktoriya Nulandın yerinə təyin olunan Ues Mitçell Azərbaycan üçün təhlükəli fiqur deyil. Bəli, mümkündür ki, Mitçell Nulanddan daha sərtdir, ”rəngli inqilab"ın memarlarından da sayıla bilər. Ancaq məsələ burasındadır ki, Vaşinqtonun indiki şərtlər altında Azərbaycanda inqilab etmək fikir yoxdur. İndi 2000-ci illərin əvvəlləri deyil, bölgədə vəziyyət və şərtlər fərqlidir. Sizə bir misal deyim: bəli, Nuland Ukraynada hakimiyyət dəyişikliyində rol oynadı, “Maydan” hərəkatına dəstək verdi. Vaşinqtonun və Nulandın Ukraynada məqsədi ruspərəst Yanukoviçi devirib yerinə qərbpərəst qüvvələri hakimiyyətə gətirmək idi. Vaşinqton və Nuland eyni fəaliyyəti Azərbaycanda həyata keçirmirdilər. Nuland Kiyevlə yanaşı, Bakıya da gəlmişdi. Nulandın, başda Azərbaycan prezidenti olmaqla, rəsmilərimizlə görüşləri normal məcrada oldu. Nuland vəzifəsinin başında olduğu illərdə Ukraynadan fərqli olaraq, Azərbaycanın daxili işlərinə qarışmadı. Çünki Vaşinqtonda yaxşı dərk edirlər ki, əgər Azərbaycanda sabitlik pozulsa, bundan şimal və cənubdakı bəlli qüvvələr istifadə etməyə çalışacaq və 1990-cı illərin əvvəllərində olduğu kimi, Azərbaycanı parçalamağa çalışacaqlar. Bu isə Amerikanın maraqlarına cavab vermir. Tam əksinə, Amerikaya ayaqları üstündə dayanan və Rusiya ilə İranın təsiri altına düşməyən, neft və qazını alternativ yollarla Avropaya çatdıran Azərbaycan lazımdır. Bütün bunları Azərbaycan hakimiyyəti həyata keçirir. Ona görə də Vaşinqton Azərbaycanda niyə rəngli inqilab həyata keçirsin ki? Bəli, Dövlət Departamentinin Azərbaycanda insan haqları və demokratiya ilə bağlı bir sıra iradları var, eynilə rəsmi Bakının da Amerika Konqresinin Azərbaycan əleyhinə və erməni separatçılarına dəstəyi ehtiva edən qətnamələrindən narazıdır. Bu məsələlər dialoq yolu ilə həll olunmalıdır. ABŞ-ın hazırkı prezidenti Donald Tramp may və iyun aylarında azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi iki məktubunda münasibətlərin indiki səviyyəsindən məmnun qaldığını söylədi. Dövlət Departamenti Ağ Ev sahibinin formalaşdırdığı bu xarici siyasətdən kənara çıxmayacaq. Bütün deyilənləri nəzərə alaraq dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin Azərbaycan üçün təhlükəli şəxs olacağını zənn etmirəm. Tam əksinə, Ues Mitçell Bakıya gələcək səfərləri sırasında Amerika-Azərbaycan əlaqələrinin inkişafından danışacaq, TAP və TANAP layihələrini reallaşdırdığına və Əfqanıstana zəruri yardım etdiyinə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirəcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26