Interposta.Info

Kürdüstan “Orta Şərq layihəsi”dir:

Siyasət
 30-09-2017, 10:37     10 548

Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığının olmaması onların bu bölgədə maraqlarının toqquşmadığından xəbər verir.

Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra etdiyi açıqlamaları şərh edərkən deyib. O bildirib ki, Rusiyanın Türkiyə ilə ortaq fikirdə olduğunu bildirməsi onun kürdlərdən tam imtina etməsi anlamına gəlmir.

“Rusiyanın da, Türkiyənin də bu məsələdə öz marağı var. Məlum məsələdir ki, Kürdüstan ərazisində olan təbii sərvətlərdən həm Türkiyə, həm də digər bölgə ölkələri böyük vəsaitlər əldə edir. İraqın şimalında baş tutmuş referenduma münasibət bildrərkən siyasi məsələlərdən öncə iqtisadi məsələlər ön plana alınır. Bir sözlə, bütün dövlətlərin burada əsas marağı neftin bölünməsi və buradan götürüləcək gəlirin faizidir. Bölgədə həm də nüfuz mübarizəsi gedir. Hər bir ölkə prosesə rəhbərlik etmək istəyir. Bu isə onların öz nüfuzlarını bölgədə bərpa edərək sonradan maraqlarını tam şəkildə təmin etmək istəyi ilə bağlıdır”.

Politoloq bildirib ki, artıq Rusiyanın “Rosneft” şirkəti ilə İraq Kürd Muxtariyyəti təbii qaz boru kəmərlərinə sərmayə qoymaq üçün razılığa gəlib:

“Eyni zamanda Kürd Muxtariyyətində İsrailə satılan neftin bir hissəsi də Türkiyədən keçir və Türkiyə bundan kifayət qədər yararlanır”.

A.Nağıyev vurğulayıb ki, İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaranmasının qarşısının alınması təkcə Rusiya və Türkiyədən asılı olan bir proses deyil:

“Burada əsas məsələ İraqın parçalanmasıdır. Bu “Orta Şərq layihəsi” adlandırılan məsələnin tərkib hissəsidir. Buna əngəl olmaq üçün bir çox dövlətlərin cəhdlərinə baxmayaraq, müstəqil kürd dövlətinin yaranması istisna deyil. Fikrimcə, bu prosesin qarşısını almaq üçün əsas maraq göstərən ölkə İraq olmalıdır”.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Görüşdən sonra hər iki prezident İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu məsələsində ortaq fikirdə olduqlarını bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26