Interposta.Info

Avropa Birliyi Türkiyə ilə yollarını ayırdı –

Siyasət
 8-07-2017, 10:54     997

Ekspert: “Bu imtinadan ən çox uduzan Avropa İttifaqı olacaq”

İyulun 6-da Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib. Qətnamə 64 səsə qarşı 477 səslə qəbul olunub, 97 parlamentari isə bitərəf qalıb. Sənəddə Türkiyə hakimiyyət orqanlarının konstitusiya islahatını hakimiyyət bölgüsünü təmin edən dəyişiklik aparmadan reallaşdıracağı təqdirə Avropa Komissiyasına və üzv dövlətlərə bu ölkənin Aİ-yə üzvlüyü barədə danışıqları dayandırmaq tövsiyə olunur.

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qərarını sərt tənqid edib. XİN-dən bununla bağlı verilən açıqlamada deyilir ki, əsası olmayan iddialara və iftiralara söykənən qətnamə quruma bəslənilən etimadı sarsıdır. Türkiyə tərəfi bu qərarı rədd edir və onu yox kimi sayır.

Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar 12 ildir aparılır. Qardaş ölkədə bunun üçün xüsusi nazir də fəaliyyət göstərir. İndi Avropa Parlamentinin Avropa İttifaqı ölkələrini Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul etməsinin nələrə gətirib çıxaracağı maraq doğurur. Danışıqlar dayandırılacaqmı?

Türkiyəyə qarşı qərəz varmı bu məsələdə? Türkiyənin Avropa İttifaqında olması əslində Avropa İttifaqının indiki çətin dövr yaşadığı bir vaxtda özünə daha çox lazım deyilmi? Danışıqların dayanmasından itirən daha çox kim olacaq?

Beynəlxalq məsələlər üzrə tanınmış ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamenti-Türkiyə münasibətlərində son vaxtlar gərginliklər açıq hiss olunurdu. Hətta Türkiyə prezidenti Ərdoğan bir neçə dəfə Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandıracağı ilə bağlı bəyanatlar da vermişdi.

Bu dəfə də belə bir bəyanat Avropa Parlamentindən gəldi: “Əslində tərəflər arasında olan münasibətlərə nəzər salsaq görərik ki, hər iki tərəfdən verilən bəyanatlar gözlənilən idi. Türkiyə Avropa Birliyini üçün çox vacib, həm də regionun iqtisadi və hərbi lideri olan dövlətdir. Yerləşdiyi coğrafiya isə son dərəcə əhəmiyyətlidir. Belə bir dövlətlə dostluq, müttəfiqlik etmək Aİ-yə çox lazımdır. Amma Aİ-ni ”narahat “ edən digər faktorlar da var ki, 10 illərdir Türkiyəni Aİ-yə üzv olmağa qoymur. Birincisi, əgər bu üzvlük baş tutarsa, Aİ-də ilk dəfə böyük bir müsəlman dövləti təmsil olunacaq, ikincisi isə Avropa Parlamentində qəbul ediləcək qərarlara təsir gücünə malik, Almaniya ilə bərabər sayda parlament üzvləri ilə təmsil olunacaq. Məlumdur ki, AP üzvləri dövlətlərin əhalisinin sayına uyğun olaraq artan sayla müəyyən edilir. Türkiyə və Almaniya əhalisinin sayı da təxminən eynidir. Mən hesab edirəm ki, hər iki tərəf bunu gözəl anlayır”.

Ekspertin fikrincə, Aİ və Türkiyə münasibətlərin sona qədər qırılmasının tərəfdarı deyillər: “Aydındır ki, Aİ-yə üzv olan ölkələr içərisində Türkiyənin əleyhinə olan dövlətlər vardır və onlar uzun illərdir əllərindən gələni edirlər ki, Türkiyə bu İttifaqa qoşulmasın. Amma ondan birdəfəlik imtina da edə bilmirlər, çünki bu imtinadan ən çox uduzan Avropa İttifaqı olacaq. Amma zaman-zaman istədiklərini qəbul elətdirmək üçün bu şəkildə bəyanatlardan istifadə edirlər. Türkiyə Rusiya ilə geniş iqtisadi əlaqələrin olmasında maraqlıdır. Lakin Ankaranın Aİ ilə aralarında olan gərginliklərə baxmayaraq Rusiya ilə hər hansı siyasi ittifaq barədə düşünəcəyinə inanmıram. Əgər əvvəllər Aİ-də Almaniya və Böyük Britaniya iki qütblü güc mərkəzləri idilərsə, Britaniyanın Aİ-dən gedişindən sonra bu ittifaq bütünlüklə Almaniyanın təsiri altına düşüb. Türkiyənin Aİ ilə münasibətlərinin gələcəkdə nə şəkildə olacağı Almaniya ilə münasibətlərindən asılı olacaq. Almaniya isə bu münasibətlərin qalmasında maraqlıdır. Avropa Parlamentinin verdiyi bəyanata qalanda isə danışıqlar belə bəyanatlarla dayandırılmır. Bu bir qrup deputatın dövlətlərə olan çağırış bəyanatıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26