Hansı əsgər Qarabağa gəlsin -

Anjiy Kasprşikin idarəsini genişləndirmək təşəbbüsü aprel döyüşlərindən sonra yaranmış yeni hərbi-siyasi reallığı dəyişdirmək üçün rəsmi İrəvanın əsas diplomatik məqsədinə çevrilmişdi. Budur, erməni təbliğat maşını son ayların əsas uğuru kimi müşahidə missiyasının tərkibinin daha 7 nəfər artırıldığı haqda təmtəraqlı bəyanatlar verir. Doğrusu, təmas xəttinin yüz kilometrlərlə ölçüldüyü Ermənistan-Azərbaycan cəbhəsində hətta ən peşəkar beynəlxalq hərbi kəşfiyyatçı dəstələrinin də nəyəsə nail olmasına inanmaq qeyri-mümkündür.
Axı monitorinq qrupu hər halda silahsızdır və onların malik olduqları uzaqgörmə cihazları, məsafədən dinləmə qurğuları ağır döyüş əməliyyatları zamanı tərəflərin arasında gedən qanlı savaşları, yaxud hərbi yerdəyişmələri izləmək üçün xüsusi imkanlara malik deyil. İndiyədək hətta ön cəbhəyə xüsusi maşın karvanı və fərqləndirici nişanlarla daxil olan heyətə yalnız bəlli koordinat sistemlərində yaradılan koridordan keçməyə şərait yaradılıb ki, belə dəhlizlər hesabına da ən yaxın məsafədə üz-üzə duran orduların son aylar ərzində artırdıqları silah və texnika kütləsinin tam siyahısını müəyyənləşdirib onu Vyanaya vermək qeyri-realdır.
Lakin ATƏT-in baş ofisində Qafqazlardan bərk narahatdırlar. Görünür, Qərbdə Rusiya ilə bağlı formalaşan son qorxu və həyəcan siqnalı şəraitində çalışan mütəxəssislər ötən ilin hərbi əməliyyatlarını da rəsmi Bakı və Moskva arasında razılaşdırılmış ssenari hesab edirlər. Hər halda qəfil zərbədən özünü itirmiş Serj Sarkisyanın o vaxtlar təxirə salmadığı Almaniya səfəri zamanı dedikləri yaddan çıxmayıb. Merkel qarşısında “80-ci illərin metalalomu” ilə vuruşduqlarını söyləyən keçmiş səhra komandiri ona qədər xalqa Qafqazın güclü ordusu barəsində təntənəli raportlar verir, hərbi paradlarda Sezar ədası ilə gövdə göstərirdi.
Yaxşı, Sarksiyanın Berlindən silah almağa nə maddi imkanı, nə də icazəsi yox idi. Siyasi qibləsini dəyişməkdənsə söhbət gedə bilməzdi. Hər halda parlamentdə gülləbaran edilən sələflərinin taleyi onun yadından çıxmamışdı. Bəs erməni prezidenti böyük bir işğalı əvvəlcə həyata keçirib, sonra ələ keçirilmiş torpaqlarda hansı qüvvə hesabına tarazlığı təmin etdiyini söyləməyə məcbur idi axı. Tiqranın ruhunu köməyə çağırmaqla iş bitmirdi.
Sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinə Putinin münasibətini yaxşı bilən nazir Edvard Nalbadyan qorxulu aprel günlərində onu Razdan meydanında “rus casusu” adlandıran kütlənin qəzəbi qarşısında yeni avantüraya əl atdı. Guya Azərbaycanın “müharibə hüququ”nu əlindən almaq üçün müxtəlif paytaxtlarla razılaşmalarından bəhs edərək, həmin planın tərkib hissəsi kimi regionda sülhməramlı qüvvələrə bənzər kontingentin yerləşdirilməsinin artıq zaman məsələsi olduğunu biz birinci dəfə onun dilindən eşitdik.
Münaqişənin tarixində ilk dəfə dəyişən hərbi mövqeləri və dağıdılmış mühəndis-texniki istehkamları yeniləri ilə əvəz etmək üçün fərqli strategiyaya ehtiyac duyulurdu. İrəvanda baş qaldıran etiraz dalğasını Putinin əleyhinə “Maydan aksiyası”na çevirmək yaxşı ssenarilərdən biri ola bilərdi. Hər halda rus prezidentinin dünyaya silah ixracına məsul olan şəxslərindən biri - Dmitri Roqozini Azərbaycanla gizli işbirliyində günahlandırmaqla onlara vəd olunan 200 milyon dollarlıq kredit məsələsini sürətləndirmək, nəticədə Moskvadan xeyli hərbi yardım qoparmaq mümkün idi. Lakin Sarkisyanın qorxusu o qədər böyük oldu ki, hətta “cənub cinahı” kimi Rusiyanın hərbi platsdarmına çevrilmiş Gümrüdəki “İskəndər” raketlərinin Bakıya tuşlanmış fotolarını yaymaqla da xalqı sakitləşdirmək mümkün olmadı.
Ohanyan komandasından xilas olan Ermənistan siyasi rejimi aprel müharibəsinin nəticələrini daxili düşmənləri ilə hesablaşmaq vasitəsinə çevirməkdən də geri durmadı. Lakin yalnız “rus silahı” hesabına cəbhə xəttində tarazlığı təmin etməyə ümid bəsləmək olmazdı. Siyasi təminatlar və diplomatik zireh üçün mütləq ATƏT-dən dəstək almaq gərək idi. Lakin prezident İlham Əliyev dünya siyasətinin patriarxlarından olan atası Heydər Əliyev kimi Azərbaycan əleyhinə qurulmuş ssenarini pozdu. Bakı münaqişənin çətiri altında Qarabağda yerləşdirilməyə çalışılan beynəlmiləl qüvvələrə “yox” dedi.
90-cı illər böyük Əliyevin hakimiyyətə ikinci qayıdışında bütün hərbi məğlubiyyətlərə baxmayaraq, ordusuz sərkərdəliyə o, nail ola bilmişdi. Hər halda atəşkəs sənədi Bişkek və Brüssel arasında dartışıldığı həmin ağır günlərdə Azərbaycan prezidenti qeyri-adi siyasi manevrlərlə demokratik Yeltsin hökuməti adından diktat dili ilə danışan Kazimirovun hədələrinə məhəl qoymadan, özünü Qafqazın baş canişini kimi aparanlara yerini göstərmiş, təkbaşına qaydada “sühməramlı ordu”nun iki xalqının arasında hakimliyinə imkan verməmişdi.
Razılaşın ki, Osetiya və Abxaziya hadisələrinin hansı vektor üzrə inkişaf etməsi də Əliyevin siyasi uzaqgörənliyini bir daha sübuta yetirmişdi. Neft müqaviləsini Qərblə bağlayaraq, Moskvanın o vaxtkı iqtisadi blokunu öz tərəfinə çəkmək, hərb partiyasının maraqlarına zərbə vurmaq və Avropalı tərəfdaşlarını artırmaq böyük şahmat taxtasında bir millət üçün edilən məharətli gedişlər idi. 1994-ci ilin Budapeşt sammitində Rusiyanın Qafqazda təkbaşına hakimiyyətinə son qoyduğu zamanda da Əliyev Qarabağa xarici silahlı birləşmələrin gəlişinə razılıq vermədi. Hərçənd, həmin kartı uzun zaman əlində saxlamaqdan da imtina etmək olmazdı. Xəzərin ətrafında dəyişən küləklərin ahənginə qulaq asmadan burada sabitliyi təmin edə bilməzsən.
İndi Kazimirov yoxdur, lakin əvəzində daha təhlükəli oyunlar hazırlayan Lavrov var. Məgər Qromıkonun xələfinə bəlli deyilmi ki, ATƏT Qarabağda hansı planlar hazırlayır. Diqqət edin - erməni hava hücumundan müdafiə sistemi Azərbaycan ordusunun bir zərbəsi ilə darmadağın edilir. Yəqin, hərbi peşəkarlıqdan uzaq olan nazir Vihen Sarkisyan ön xətdə yerləşdirilən xüsusi raket qurğuları hesabına ən azı 50 kilometr radiusda uçaq bütün obyektləri zərərsizləşdirəcəyini əmin imiş. Lakin Vyanadan verilən bəyanatda Bakını günahlandırmağa cəhd edirlər. Nalbandyan günlər öncə İrəvanda qəbul etdiyi ATƏT-in baş katibi Lamberto Zannierə buna görə təşəkkürlərini bildirir, lakin daha təsirli tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulayıb xarici diplomata məsləhət verməyi də unutmur. Sən demə, sanksiyalar və xüsusi cəza siyasəti işə salınmasa, Bakını hərbi inadından döndərmək mümkün olmayacaq. Kənardan baxanda belə təəssürat yaranır ki, Avropa təsisatları Rusiya və Azərbaycan arasında yaxınlaşmanı pozmaq üçün bütün gücləri ilə Ermənistanı öz tərəflərinə çəkməyə cəhdlər göstərirlər. Yoxsa, işğalçıya öz ərazisində ara-sıra raket zərbəsi endirən tərəfi münaqişənin çözülməməsində günahlandırmaq yalnız əbləhlərin ağlına gələ bilər.
Bəs, ATƏT-in yeni heyəti Qarabağda harada yerləşəcək? Prezident Əliyevin qarşısında hansı tələblərlə çıxış etmələrinə baxmayaraq, Ağdərə, Tərtər və yaxud Füzuli bölgəsini özlərinə üçün sərhəd xəttinə, bufer zonasına, təhlükəsizlik qurşağına çevirmək Kasprşikin idarəsinə müyəssər olası deyil. Çünki Qarabağda demarkasiya xəttini çəkib də tərələri bir-birindən on kilometrlərlə məsafəyə uzaqlaşdırmaq üçün yeni müharibə gərəkdir. İndiki reallıqda Rusiya XİN-in müavini Qriqori Karasinin dediyi kimi, bu heç bir tərəfə lazım deyil. Ona görə aprel döyüşlərinin sayəsində dirçəldiklərini və ayıldıqlarını zənn edən, dövlətçilikləri üçün unikal şəraitin yarandığını iddia edən düşmənin hərbi-siyasi toxunulmazlığını təmin etməyə heç kəs qarantiya verməz. Azərbaycanın əl-qolunu bağlamaq üçün gərək Minsk qrupu döyüşə özü girsin.
Amerika tankları Gürcüstandan çıxıb Qarabağa gələsi deyil. Fransanın yeni başçısının Qafqazlarda müharibəyə qatılması onun Avropadakı planlarının üzərindən xətt çəkməsi demək olar. Makron Putinə 300 il əvvələ qayıtmağı təklif edərkən, yeni rus çarının I Pyotr kimi gəlib Parisdə 15-ci Lüdovikin xələfinin əlindən öpəcəyinə inanacaq qədər sadəlövh deyil. Putini diz çökdürmək Obamaya müyəssər olmadısa, hələ sərkərdəliyini Donbas şaxtaları ətrafında döyüşlərdə təsdiqləməmiş Dartanyana - müşketyor Makrona heç qismət olası deyil. O üzdən fransızlar gəlib Qarabağda ruslarla birlikdə və yaxud düşmən səngərində lövbər salmazlar.
Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində də vəziyyət eynidir. Qazax, qızğız, yaxud belarus oğullarını gətirib Murovun ətəyində - yad bir coğrafiyada onlar üçün doğma olan Azərbaycan əsgərlərinə qarşı vuruşdurmaq bir kimsənin gücü daxilində deyil. Lakin günlər öncə NATO-nun Gürcüstanda keçirilən toplantısı zamanı erməni nümayəndə heyətinin üzvü Edmund Marukyan Atlantik dünyasının aldatmaq və rəğbətini qazanmaq üçün maraqlı bir bəyanat səsləndirib. Deputat deyib ki,Qarabağda rus qoşunları yerləşdirilməyib, onu osetin, abxaz və digər münaqişələrdən ayırmaq lazımdır.
Diqqət edin, görün NATO-nun dəstəyini qazanmaq üçün hansı hiyləyə əl atılır. Sən demə, Brüsselin Baş Hərbi qərargahına regionun siyasi xəritəsi bəlli deyilmiş. Doğrudur, gürcü nazir cavab olaraq dolayısı ilə, britaniyalı parlamentari isə açıq şəkildə Rusiyanın bütün münaqişələrdə iştirakçı olduğunu söyləyib. Lakin Qərbləşmənin özü də Qarabağa təminat vermir və bunu hər addımda görməyən gözlər sadəcə qapalıdır.
90-cı illərdə bizi Rusiya ilə toqquşdurdular. İndi Ukrayna eyni aqibəti yaşayır. Donbasda Qarabağın taleyi həll olunmur, əksinə, orada Almaniya bütün Qərbin adından rusizmə qarşı döyüşür. Qələbə hansı tərəfin olsa da, ukraynalı yüz minlərlə insan bədbəxtlik zolağına düşüb. Ona görə də Qarabağı yeni beynəlmiləl qüvvələrin savaş meydanına çevirmək olmaz.
Anjiy Kasprşik Xankəndinə gedən yolda qocalıb əldən düşdü. İndi onu əvəz etməyə yeni heyət gəlir. Qarabağ regional iqtisadi-siyasi müharibənin bir hissəsi olmaqla bərabər, həm də iş yeridir. İki xalqın davası-ən azı üç dünya nəhənginin arasında gedən müharibənin sadəcə kiçik bir kölgəsidir!/musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26