Interposta.Info

“Rusiya təşkilatlarının aktivləşməsi uzaqda deyil” –

Siyasət
 27-05-2017, 12:19     463

Rusiyanın siyasi institutlarının artıq Bakıda ofis açmaq üçün fəaliyyətə keçdikləri barədə xəbərlər yayılıb.

Xəbərlərdə bildirilir ki, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda belə bir ofis yaratmaq niyyətindədir. Yada salaq ki, rusiyalı ictimai-siyasi xadim, filosof və politoloq A.Duqin Bakıya Azərbaycan rus icmasının dəvəti ilə mayın 1-də gəlmişdi. A.Duqin Bakıya səfəri zamanı rəsmi şəxslərlə və ictimai təşkilatlarla görüşlər keçirib, Bakı Slavyan Universitetində mühazirə oxuyub, İsmayıllıdakı rus icmasının nümayəndələrinin qonağı olub.


Beləliklə, Qərb institutları Azərbaycandan çıxdıqca və ya çıxarıldıqca onların yerini Rusiya tutmaq istəyir sanki. Bəs bu proses genişlənə bilərmi? Geniləşnəcəyi halda Azərbaycanda vətəndaş cəmiyyəti və demokratiyanın ziyanına olacaq, yoxsa xeyrinə olar?

Siyasi ekspert, hüquq müdafiəçisi Əvəz Həsənov bildirdi ki, Aleksandr Duqinin Bakı səfərinin arxasında Avrasiya ideyasını təbliğ etmək məqsədilə mühiti öyrənməkdən ibarət idi. Onun Bakıda ofis açmaq niyyəti təəccüblü deyil. Nəzərə alsaq ki, artıq Ermənistan və Gürcüstanda belə Rusiya təşkilatları fəallaşıb, hətta donorlar belə, peyda olub, bizdə də Rusiya təşkilatlarının aktivləşməsi uzaqda deyil. Avropa və ABŞ təşkilatlarının postsovet məkanında fəaliyyəti məhdudlaşdıqca onların yerinə Rusiya təşkilatları gələcək. Bu siyasi sistemin seçimindən çox, geopolitik vəziyyətin diktəsinin nəticəsidir. Hakimiyyət isə Avrasiya layihəsini qəbul etməsə də, onu inkar edib Rusiyanı qıcıqlandırmaq istəmir”.

Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Beynəlxalq Avrasiya Hərəkatının lideri, müasir Rusiyanın geosiyasətinin nəzəri əsaslarının müəlliflərindən biri olan Aleksandr Duqinin Bakıda ofis açması ölkənin ictimai-siyasi həyatında hər hansı bir formada təsir göstərməyək: “Rusiyada vaxtilə geosiyasi və digər tədqiqatlara ayrılan vəsaitlər xeyli azalıb. Bu ölkənin ayrı-ayrı institutları, ictimai təşkilatları maliyyə problemi yaşayırlar. Bakıya can atmanın səbəblərindən biri də budur. Başqa səbəblər də var, şübhəsiz. Lakin bunun Duqinlə əlaqəli olduğunu düşünmürəm. Duqin nəzəriyyəçidir. Şəxsən mən onun nəzəriyyələrinə skeptik yanaşıram. Duqinin geosiyasi nəzəriyyələri ABŞ və Avropa geosiyasət məktəblərinin interpretasiyasından, yaxud calağından başqa bir şey deyil. Ağıllı adamdır, fundamental bilikləri var. Duqin gəlib Azərbaycanda öz nəzəriyyəsi ilə nə edə biləcək ki?... Biz praqmatik xalqıq və əksər hallarda praktikada tətbiq olunması mümkün olan nəsnələrə diqqət yetiririk. Azərbaycana ideya ilə gəlmək açıq havaya sabun köpüyü buraxmaq kimi bir şeydi.

Duqinə görə narahat olmağa gəlməz. Onun heç olmasa təşkilatının adı, məramı və məqsədi ortalıqdadır, görünür. Adı başqa əməli isə başqa olanlara, görünməyənlərə, yatmış minalara daha çox diqqət yetirmək lazımdır, zənnimcə”.

O ki, qaldı Qərb institutlarının Azərbaycandan getməsinə, politoloq dedi ki, bu institutlar bütün possosialist nəkanını demək olar ki, tərk ediblər. Onların SSRİ-nin süqutundan sonra konkret missiyaları vardı. Bəzi yerlərdə bu missiyanı həyata keçirdilər, bəzilərində isə yox: “Azərbaycanda bacarmadılar və çıxıb getdilər. Bu institutların məqsədi demokratik cəmiyyət, hüquqi dövlət qurmağa dəstək verməkdən ibarət deyildi. Əksinə, onlar çalışırdılar elə bir sistem yaratsınlar ki, istənilən an bu sistemə daxil ola bilib prosesləri arzu etdikləri istiqamətə yönəldə bilsinlər. İndi Qərb institutlarını dünyanın heç yerində demokratiya göstəricisi kimi qəbil etmirlər. Bu institutlar ayrı-ayrı Qərb ölkələrinin geosiyasi və geoiqtisadi maraqlarını ifadə edən casus şəbəkələrindən başqa bir şey deyil”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26