Interposta.Info

Soçidə razılaşdırılmayan məqamlar:

Siyasət
 5-05-2017, 13:43     492

Rusiya və Türkiyə prezidentləri iki ölkə arasındakı əməkdaşlıq baxımından Soçi görüşünün nəticələrini uğurlu sayıblar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq vurğulayıb ki, prezidentlərin əsas müzakirə mövzusu Suriya idi. Əldə olunan razılaşmaya görə, Suriyada təhlükəsizlik zonaları yaradılacaq:

“İkincisi, Rusiya Türkiyəyə C-400 raketləri satmağa qərar verib. Bu həm Türkiyə, həm də Rusiya üçün vacibdir. Rusiya tarixində ilk dəfə olaraq NATO üzvü olan ölkəyə silah satacaq. Türkiyə isə digər dövlətlərdən ala bilmədiyi müdafiə məqsədli raketləri Rusiyadan alacaq. Çünki NATO-ya üzv olan ölkələr tərəfdaşları Türkiyəyə müasir raketlər satmırlar.

Üçünçüsü, Rusiya və Türkiyə prezidentləri iqtisadi münasibətlərdəki embarqonu ortadan qaldırdılar. Rusiya Türkiyənin kənd təssərrüfatı məhsullarının rus bazarına ixracına maneə yaratmayacaq. Türkiyə isə Rusiyadan taxıl alınmasıyla bağlı embarqonu ortadan qaldırdı. Türkiyə Rusiyadan taxıl alacaq. Yalnız Türkiyədən Rusiyaya ixrac olunan pomidorla bağlı razılaşma əldə olunmadı. Putin bunu belə izah etdi ki, Rusiyada pomidor istehsalçılarına kreditlər verilib və onlar məhsullarını satmalıdırlar. Ancaq Putin onu da vəd etdi ki, müəyyən zamandan sonra Türkiyə pomidorlarının ixracına şərait yaradılacaq.

Dördüncüsü, Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı tam gücüylə davam edir. Rusiya “Türk axını” layihəsini reallaşdıracaq. Bu boru xətti ilə Rusiya qazı Qara dənizin dibi və Türkiyə üzərindən Avropanın cənubundakı ölkələrə çatdırılacaq. Digər tərəfdən, Rusiya Türkiyənin Akkuyu ərazisində dəyəri 22 milyard dollar olan AES-i tikəcək.

Putinlə Ərdoğan arasındakı görüşdə həll olunmayan məsələlərdən biri kimi vizanı göstərmək olar. Rusiya vətəndaşları viza almadan 90 gün ərzində Türkiyədə qala bilərlər. Daha əvvəl bu 60 gün idi. Rusiya isə Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etmək istəmir. Putin sadəcə onu dedi ki, Rusiyada biznesi olan Türkiyə vətəndaşlarına uzunmüddətli vizaların verilməsi mümkündür”.

Politoloq Soçi görüşündə Ərdoğanın Putinə rusiyalı hərbçilərin Suriyada silahlı kürdlərlə şəkillərini təqdim etdiyi məqama da toxunub:

“Ərdoğan istəyir ki, Rusiya hərbçiləri Suriyada silahlı kürdlərlə əməkdaşlıq etməsinlər. Putin cavabında Ərdoğana Türkiyəyə narahatlıq yaradacaq addımların atılmayacağını deyib. Ancaq Kremlin Suriyada silahlı kürdlərə, faktiki isə PKK kimi terrorçu təşkilata bağlı olan YPG və PYD ilə əlaqələrini kəsəcəyinə təminat yoxdur. Çünki ABŞ hərbçiləri də bu qruplaşmalarla əlaqələrini gücləndirir. Kreml isə istəmir ki, YPG və PYD tamamilə ABŞ-ın nəzarəti altına keçsin. Ona görə də YPG və PYD-nin simpatiyalarını qazanmaq uğrunda Rusiya ilə ABŞ arasında yarış gedir. Sadəcə, bu yarışda ABŞ və Rusiya Türkiyənin maraqları əleyhinə addım atırlar. Təsadüfi deyil ki, Ərdoğan Rusiyadan sonra ABŞ-a səfər edəcək və PYD ilə YPG-lə əlaqələrin zərərli olması məsələsini Vaşintonda Prezident Donald Trampla görüşdə qaldıracaq”.

E.Şahinoğlu Soçidə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə olunmamasına da aydınlıq gətirib:

“Türkiyə və Rusiyanın əsas gündəm mövzusu Suriyadır. Çünki bu ölkədə müharibə gedir və bu müharibə həm Rusiyanın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına toxunur. Ona görə də prezidentlər Suriya mövzusunun müzakirəsinə daha çox vaxt ayırırlar. Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhəddində atəşkəs intensiv pozulsa da, müharibə yoxdur. Ona görə də bu məsələ nə Moskvanı, nə də Ankaranı ciddi narahat edir.

Doğrudur, Ərdoğan Putinin Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsini istəyir və bu mövzunu tez-tez Rusiya prezidentinin diqqətinə çatdırır. Ancaq çox təəssüf ki, Putin Ərdoğan qədər Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ona görə də Ərdoğan razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə Putinlə geniş müzakirə açmaq istəməyib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26