Interposta.Info

Ermənistanın “İsgəndər” təhdidinin sorağı ABŞ-a çatdı -

Siyasət
 19-04-2017, 09:50     1 179

Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünə dair təşəbbüs olsa da, İrəvan təmasdan yayınır; ordumuz döyüşə hazırlıq təlimlərinə başlayıb, bəs xalq necə?

Son vaxtlar ayrı-ayrı erməni hərbi ekspertləri, həmçinin siyasilər Ermənistanın əldə etdiyi “İsgəndər” və “Verba” raket komplekslərinin Azərbaycana zərbə vurmaq şansı yaratdığını iddia edirlər. Lakin bunun əksini düşünənlər və bu raketlərin düyməsinin Moskvanın barmağının altında olduğunu xatırladanlar da var. Ancaq hələ ki işğalçı ölkə danışıqların bərpasından yan qaçmağa çalışır.

Bu arada növbəti təşəbbüslər də göstərilir. ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, ATƏT-in Minsk Qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər. O deyib ki, Azərbaycan və Ermənistan parlamentarilərinin də görüşünə dair ümumi təşəbbüslər var, amma hələlik konkret qərar yoxdur.

Göründüyü kimi, erməni tərəf bütün müqavimətini işə salıb təmaslardan yayınır. Odur ki, savaş təhlükəsi yenidən gündəmə gəlib. Ordumuzun genişmiqyaslı təlimləri də növbəti döyüşlərə hazırlıq kimi dəyərləndirilir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov dedi ki, ölkə rəhbərliyi bu istiqamətdə lazım olan göstərişlərini verib: “Yerlərdə çox güclü hərbi-vətənpərvərlik işləri həyata keçirilir. Təkcə 2016-cı ilin məlum aprel hadisələrinə həsr olunmuş anım mərasimlərinin miqyasına baxsanız, milyonlarla vətəndaşımız bu tədbirlərdə öz ordusu və komandanlığı ilə bir olduğunu sübut etdi. Ona görə də hesab edirəm ki, həm televiziya kanallarımız, həm dövlət, hökumət, QHT sektoru bu istiqamətdə işlərini daha da genişləndirməlidir. Tez-tez ön xətdə olan əsgər və zabitlərimizlə görüşlər keçirilməli, həm birinci Qarabağ savaşının, həm də son dövrlərdə yüksək qəhrəmanlıq və əsgəri rəşadət göstərmiş şəxslərin fəaliyyəti geniş təbliğ olunmalıdır”.

Hərbi ekspert Silahı Qüvvələrimizin genişmiqyaslı təlimlərini də olduqca zəruri saydı: “Şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməklə həm döyüş hazırlıqlarını yüksəldir, həm də müəyyən bilik və yeni vərdişlərə yiyələnir. Əlbəttə ki, bu gün təlim kimi yerinə yetirilən bütün tapşırıqlar real döyüş vaxtı düşmən üzərində üstünlük əldə etmək üçün ən gözəl məşq sayıla bilər. Düşmən tərəf çox narahatdır və onların narahatçılığı da özünü açıq şəkildə büruzə verir. Təlimləri öz ərazimizdə və əvvəlcədən təsdiq edilən plan üzrə keçirən Azərbaycana Ermənistanın hərbi komandanlığı absurd bir şəkildə münasibət açıqlayıb. Bunu ancaq erməni ağlı edə bilərdi və necə ki, etdilər. Bunlar ATƏT-ə, nə bilim daha harasa şikayət ünvanlayıblar ki, Azərbaycan tərəfi, sən demə, belə genişmiqyaslı təlimlər haqqında əvvəlcədən kimlərisə xəbərdar etməliymiş. Bu binəvalar nədənsə anlamaq istəmirlər, ya özlərini dəli yerinə qoyublar ki, guya biz gizlincə, hansısa məxfi işlər görürük, kimlərinsə xəbər tutmamasına çalışırıq. Həm Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin üzvləri onsuz da məlumatlıdırlar və onları maraqlandıran bütün suallara Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsi vasitəsilə lazım olan bütün zəruri məlumatlar da çatdırılır, həm də onları maraqlandıran suallar cavablandırılır. Bəlkə biz bədnam qonşularımızdan icazə almalıyıq? Beynəlxalq hüquq və normalara, qanunlara hörmətsizlik edən tərəf Ermənistan və onun işğalçı qüvvələridir. Məhz onlar Azərbaycanın işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində hərbi təlimlər keçirir, bizim ərazilərimizi dağıdır və ziyan vurur. Hər dəfə əzəli torpaqlarımızda hansısa qondarma tədbirmi deyim, toplantımı söyləyim, keçirəndə bizim onsuz da gərilmiş vəziyyətdə olan əsəblərimiz bir az da tarıma çəkilir. Bu axmaqların həm siyasətçiləri, həm də Ter-Tadevosyan ağlında olan generalları da hər addımbaşı bizə hədə-qorxu gəlirlər. Bunları başa salan tapılmır ki, bütün parametrlər üzrə Azərbaycan sizi üstələyir. Həm insani resurs, həm silah və sursat baxımından siz qat-qat zəif durumdasınız. Nə tutmusunuz bu ”İsgəndər" raketlərindən, indi də əlinizə daha bir “Verba” oyuncağı veriblər, başlamısınız sərsəm-sərsəm hədyanlar səsləndirməyə".

Bu arada, nəhayət, Ermənistanın “İsgəndər” təhdidinə ABŞ-dan reaksiya verilib. “Ermənistanın əldə etdiyi ”İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır. “Report” xəbər verir ki, bu barədə ABŞ-da işıq üzü görən “Washington Times” nəşrində dərc olunmuş məqalədə deyilir. “Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, azərbaycanlılara qarşı hərbi təcavüz olub, o cümlədən 1992-ci ildə bu ölkənin 600 vətəndaşını kütləvi şəkildə qətlə yetirib. Təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır”, - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında Rusiyadan “İsgəndər” raket sistemləri alıb. “Bu, Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribat idi. Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xarakteri daşımaqla bağlı siyasi xəttinə əsaslanır”, - nəşr vurğulayır.
Bunun ardınca ABŞ konkret hərəkətə keçəcəkmi? Gözləyək./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26