Interposta.Info

“Ermənistan hiss edir ki, Azərbaycan ərazilərini geri qaytarmağa hazırlaşır” –

Siyasət
 14-03-2017, 08:44     431

“Ermənistan hiss edir ki, Azərbaycan ərazilərini geri qaytarmağa hazırlaşır” –Jurnalist-blogger Todd Vud "Üçüncü Dünya müharibəsi Qafqazın bu küncündən başlaya bilərmi?” başlıqlı məqaləsində Qarabağ böhranından bəhs edib

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı növbəti açıqlamalar göstərir ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Bəzi informasiya qaynaqları isə erməni saytlarına və sosial şəbəkələrə istinadən düşmən ölkədə vətəndaşların kütləvi şəkildə səfərbərliyə alındığı ilə bağlı xəbərlər, həmçinin fotolar yayımlayıb.


Cebhe.info-nun xəbərinə görə, aprel müharibəsinin ildönümü ərəfəsində erməni mediası yeni hazırlıq planlarını əks etdirən fotolar yayıb. Yayılan məlumatlarda qeyd olunub ki, Ermənistan hökuməti vətəndaşlarını kütləvi surətdə səfərbər edərək Qarabağ cəbhəsinə yola salır. Bütün bunlar isə tərəflərə danışıqlar masasına qayıtmaqla bağlı çağırışların edildiyi bir dövrdə baş verir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı səfərindən sonra Ermənistana getməyi planlaşdırır. Ancaq vəziyyəti gərginləşdirmək mövqeyindən çıxış edən Serj Sərkisyan 2 aprel parlament seçkilərinə qədər hansısa uğur əldə etmək üçün çalışır ki, bu da nəticədə ağır artilleriyanın işə salınmasına gətirib çıxarır.


Vəziyyətin gərginliyi əcnəbilərin də diqqətini cəlb edib. Jurnalist-blogger Todd Vudun "People’s Pundit Daily”də yerləşdirilmiş və Qarabağ münaqişəsi zonasındakı gərginlikdən bəhs edən "Üçüncü Dünya müharibəsi Qafqazın bu küncündən başlaya bilərmi?” başlıqlı məqaləsində də Qarabağ böhranından bəhs edib. (virtualaz.org ) Müəllif münaqişənin qısa tarixçəsini yada salır, 2000-ci ilin əvvəllərinə qədər təmas xəttində kövrək atəşkəsin qüvvədə olduğunu qeyd edir. Ancaq bildirir ki, Azərbaycan neft gəlirləri hesabına milyardlarla dollarlıq silah almağa başlayıb və Ermənistanın işğalı altında olan ərazilərini hərbi yolla geri qaytarmaq əzmində olduğunu bildirir. "Kövrək atəşkəs ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlara keçdi və dörd gün davam edən döyüşlərdən sonra Rusiyanın müdaxiləsi ilə dayandırıldı. Həmin vaxtdan bu yana təmas xəttində gərginlik azalmayıb, daha da artıb”-müəllif yazır.
"Ermənistan hiss edir ki, müasir silahlarla silahlanmış Azərbaycan 20-ci əsrin sonlarında itirdiyi ərazilərini geri qaytarmağa hazırlaşır. Rusiya Ermənistanla hərbi sahədə sıx bağlıdır, onun ərazisində hərbi baza saxlayır, regiondakı rus komandirləri deyir ki, Azərbaycan Qarabağı geri almaq istəsə, onlar ermənilərə kömək edəcəklər”-Todd Vud yazır.


Cəbhədə aktivliyin müşahidə olunması nə vəd edir?

Image result for İlham İsmayıl


Qarabağ müharibəsi veteranı, sabiq milli təhlükəsizlik zabiti İlham İsmayıl "Yeni Müsavat”a bildirdi ki, bir neçə gün öncə Tərtərdən qayıdıb: "Həmin günlərdə xüsusi bir gərginlik yox idi. Kiçik çaplı silahlardan atılan atəşlər tərtərlilər üçün adi haldır. Artilleriya atəşləri insanları narahat edir, o da son günlər müşahidə olunmur. Bütövlükdə Qarabağla əlaqədar yaxın vaxtlara, deyərdim ki, nə danışıqlar prosesində, nə cəbhədə radikal heç nə gözlənilmir və bu, hələ bir xeyli davam edəcək. Ermənilər istədiyinə nail olub, ”status-kvo" 24 ildir onları qane edir və danışıqlarda və cəbhədə dəyişiklik etmək marağında deyillər. Apreldəki parlament seçkiləri ərəfəsində cəbhədə öz xeyirlərinə hansısa bir əməliyyat keçirib siyasi divident qazanmaq da əks-effekt verə biləcəyindən Sərkisyan hakimiyyəti gərginliyə meylli olmayacaq, sakitlik onların marağındadır. Zatən, fevralda beş kəşfiyyatçımızın öldürülməsini ermənilər öz aktivlərinə yazıblar. Pis vəziyyətdə olan Azərbaycan tərəfidir. Nə diplomatiya, nə də hərbdə, uğur bir tərəfə qalsın, heç təşəbbüs belə biz tərəfdə deyil. Hesab edirəm ki, Qarabağ cəbhəsində uzunmüddətli növbəti passivliyə qədəm qoyulub. Bu passivlik yalnız düşmənin xeyrinədir. Arabir atəşkəsin milyonuncu dəfə pozulması heç nəyi dəyişmir".


İ.İsmayıl növbəti təşəbbüslərdən də nə isə gözləmir: "Minsk Qrupu növbətçi addımlarını atacaq, xarici işlər nazirləri hardasa növbətçi görüşlər keçirəcək. Moskva növbətçi sülh təkliflərini, guya tərəflərin öhdəsinə buraxdığını bir daha elan edəcək. Qərbinsə başı tamam başqa işlərə qarışıb, Qarabağ onlar üçün heç üfüqdə də görünmür. Niyə belədir? Bu başqa mövzudur”.
Düşmən ölkə rəhbərliyi diqqəti seçkiqabağı situasiyadan yayındırmaq istəyir, yoxsa ciddi savaş hazırlığı gedir? İndiki halda Azərbaycan işğalçıya qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirə bilərmi?

Image result for Üzeyir Cəfərov


Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, düşmən təxribatlarına son qoymazsa, ordumuz ona növbəti sarsıdıcı zərbələr endirəcək. Hərbi ekspertin fikrincə, Azərbaycan Silahlı Qüvvələri bütün silah növlərindən, həmçinin hərbi texnikadan istifadə etmək hüququna malikdir: "Şəxsi düşüncəmə görə, Ermənistanın hazırkı rəhbərliyini hakimiyyətə gətirən güc bir vaxtlar onların Qarabağda törətdikləri çoxsaylı cinayət əməlləri olmuşdusa, elə onların hakimiyyətdən silinib-süpürülməsinə də yəqin ki, böyük ehtimalla məhz Qarabağ amili səbəb olacaq. Ola bilsin bu fikrim kimlərəsə bir qədər abstrakt görünsün, amma mən düşünürəm ki, Sərkisyanın hakimiyyətini uzatmaq cəhdləri, deyəsən, yavaş-yavaş öləziməkdədir. Onun üçün ”ölüm zəngi" hələ ötən ilin aprelindən çalınmağa başlayıb. Qarabağ cəbhəsində düçar olduğu rüsvayçı durum, işğal altında olan xeyli ərazilərin itirilməsi Sərkisyanın yuxusuna haram qatıb. Bu adamın psixikası rəsmən pozulub. Hakimiyyət hərisliyi ona rahatlıq vermir ki, əgər o, aprelin 2-də parlament seçkilərində nəyin bahasına olursa-olsun məqsədlərinə nail olmazsa, onda çoxlu qan axıdacaq. Onun üçün fərq etməz ki, qanı axıdılan Ermənistan vətəndaşı olacaq, ya Azərbaycanın Silahlı Qüvvələrinin, ya da mülki Azərbaycan vətəndaşları. Ona görə də diqqət etdinizsə, cəbhədəki vəziyyət zahirən sakit görünsə də, əslində çox ciddi proseslər baş verir. Elə növbəti erməni vəhşiliyinin nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda rəsmi görüşləri baş tutan dəqiqələrdə onlar bizim qəhrəman əsgərlərimizdən birinin həyatına son qoydular.

Allah şəhidimizə rəhmət eləsin!" Ü.Cəfərov hesab edir ki, bu təxribatların sayı-hesabı daha da artacaq: "Ermənistandakı daxili vəziyyət get-gedə daha da ağırlaşacaq və bunu səngitmək üçün onlar diqqətin mütləq cəbhəyə yönəldilməsi üçün bütün güclərini sərf edəcəklər. Həm də yaramaz Sərkisyan və komandası çalışır ki, ötən ilin aprelində nəzarətlərindən çıxan ərazilərin heç olmazsa bir hissəsini öz nəzarətləri altına qaytarsınlar. Özləri də gözəl bilirlər ki, nə qədər cəhd etsələr də xeyri olmayacaq. Əksinə, onların bütün təxribatları artıqlaması ilə cavablandırılacaq. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda olan dəqiqələrdə cəbhədə bizim hərbi qulluqçumuzun həlak olması ilə bağlı baş verən hadisəyə heç bir münasibət bildirməmələri də onların necə vicdansız olduqlarının bariz nümunəsidir. Bir erməni dığası cəhənnəmə vasil olanda ağızları köpüklənən həmsədrlərin, heç olmazsa, insanlıq naminə Allahın quru başsağlığını dilə gətirməyə cürətləri çatmadı. Nə qədər ağır da olsa, mənə elə gəlir ki, biz əsla Ermənistanda keçiriləcək seçkiləri gözləməməliyik. Onların siyasi hoqqabazlıqlarından bizə nə? Biz davamlı olaraq və təkidlə torpaqların azad olunmasını tələb etməliyik. Belə çıxır ki, biz hələ gözləməliyik ki, bu yaramazlar nə vaxt daxildə öz siyası çəkişmələrini bitirəcəklər, sonra da yenidən bunlardan Qarabağla bağlı hesab soraq? Məncə, kifayət qədər dözüm və səbir nümayiş etdirmişik. Nə olursa-olsun biz aktiv şəkildə ərazi bütövlüyümüzün bərpası üçün hərəkətdə olmalıyıq. Yoxsa bizi sonradan gözləyə biləcək fəlakətlərin qarşısını almaqda çətinlik çəkə bilərik”.

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26