Interposta.Info

Qabil Hüseynli:

Siyasət
 3-03-2017, 09:25     503

Qabil Hüseynli:

“İslam Həmrəyliyi Oyunlarının gətirəcəyi siyasi divident ”Eurovision" mahnı yarışmasının və Avropa Oyunlarının gətirdiyi siyasi dividentdən böyük olacaq"

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Mayın 12-dən 22-dək keçiriləcək yarışlarda təxminən 50-yə yaxın ölkənin təmsilçiləri Azərbaycanda olacaq. Bütün İslam dünyasının və ümumiyyətlə, dünya ölkələrinin diqqəti Azərbaycana yönələcək.

IV İslam Həmrəyliyi Oyunları çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına məhz Azərbaycan ev sahibliyi edəcək. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əslində İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri hesab olunmamalıdır. Çünki bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Ekspertlər bildirir ki, biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı yarışması öncəsi və 2015-ci ildə ölkəmizdə Avropa Oyunları öncələri işğalçı Ermənistan cəbhədə təxribatlarını artırmışdı, atəşkəs pozulması halları intensivləşmişdi. İşğalçı ölkənin bu cür addımlarla Azərbaycanın sözügedən mötəbər beynəlxalq tədbirlərdən götürəcəyi dividentləri mümkün qədər azaltmaq, ölkəmizə gələn qonaqların sayının mümkün qədər az olmasına çalışdığı aydın idi. Lakin bəllidir ki, Ermənistan istəyinə nail ola bilmədi.

İndi də qarşıda böyük bir beynəlxalq tədbirə-İslam Həmrəyliyi Oyunlarına hazırlaşırıq. Bu böyük tədbirə iki aydan bir qədər çox zaman qalıb. Ermənistan yenə də cəbhə boyu təxribatlar həyata keçirir. Bəs bu cür təxribatlar may ayına qədər daha da arta bilərmi? Ermənistanın son təxribatlarında Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hansısa şəkildə problem yaratmaq niyyəti də güdülə bilərmi?


Politoloq Qabil Hüseynli bildirdi ki, İslam Həmrəyliyi Oyunlarının Azərbaycana gətirəcəyi siyasi divident “Eurovision” mahnı yarışmasının və Avropa Oyunlarının gətirdiyi siyasi dividentdən böyük olacaq. Bu, həm İslam həmrəyliyini gücləndirəcək, həm də İslam ölkələrinin diqqətini Azərbaycana cəlb edəcək. Ola bilsin ki, bir neçə dövlət Dağlıq Qarabağ problemi ilə bağlı daha ciddi və qətiyyətli addımlar atmaq üçün Azərbaycana kömək edəcək: “Ermənistanı təşvişə salan İslam həmrəyliyinin yaranması və onu daha da möhkəmlədəcək İslamiyadanın Azərbaycanda keçirilməsidir. Ermənilər bunun qarşısını almaq, buna mümkün qədər mane olmaq arzusundadır. Düzdür, buna gücləri çatmasa da, hər halda, bunu istəyirlər. Belə güman edirəm ki, İslamiyadanı pozmaq niyyətinə təkcə Ermənistan yox, işğalçı dövlətin hamiləri də düşüblər. Bütün bunları nəzərə alaraq belə söyləmək mümkündür ki, İslam olimpiadasının pozulması və ya onun üçün seytnot vəziyyətinin yaradılması bu saat Ermənistan və bu ölkənin ağasının qarşısında duran vəzifələrdən biridir. Ermənistanın hamisinin özünün ərazisində xeyli sayda müsəlman respublikaları var. Azərbaycanda keçirilən İslam oyunları onların içərisində də müsbət rezonans doğura, onlara da stimul verə bilər. Bax, bütün bu nöqteyi-nəzərdən İslam Həmrəyliyi Oyunlarının İslam dünyası üçün çox ciddi siyasi dividentləri ola bilər. Bu isə Ermənistan və onun hamisini narahat edir. Bilirlər ki, belə bir tədbirdən sonra İslam təsiri daha böyük coğrafiyanı əhatə edə bilər. Ermənistanın cəbhədəki son fəallaşması öz şəxsi təşəbbüsü deyil, hamisinin istəyidir. Ermənistan keçən ilin aprelindən sonra ümumiyyətlə müstəqil hərəkət edə bilmir, ordusuna güvənmir. Bu durumda olan Ermənistan cəbhə boyu özbaşına irimiqyaslı hərəkətlərə getməyə risk etməzdi. Həm Ermənistanda apreldə parlament seçkiləri, həm aprel döyüşlərinin bir ilinin yaxınlaşması, həm də Azərbaycanda mayda İslam oyunlarının planlaşdırılması Ermənistan hakimiyyətinin verilən sifarişə uyğun olaraq yaxın aylarda cəbhə xəttində gərginliyi artırmağa çalışacağını proqnozlaşdırmağa əsas verir”.

Politoloq vurğuladı ki, bütün bunlara baxmayaraq, İslam Həmrəyliyi Oyunları keçirilən zaman sakitlik olacaq:
“Qədimdə Yunanıstanda olimpiya oyunları keçiriləndə hərbi qarşıdurmalar, hərbi tədbirlər səngiyirdi və dayandırılırdı. O zamandan bəri dünyada qəbul edilmiş bir qayda var. Bu qaydaya görə olimpiya oyunlarının keçirilməsi zamanı hərbi əməliyyatlara başlayan və hərbi qarşıdurmaları qızışdıran ölkə bütün dünya tərəfindən ittiham edilir və onun cəzalandırılması məsələsi gündəmə gətirilir. Ona görə də, məncə, Ermənistan bunu nəzərə alsa, onun özü üçün yaxşı olar. Ermənistan nə qədər addımlar atsa da Azərbaycanda keçiriləcək İslam oyunlarına mane ola bilməyəcək. İslam oyunları keçirilən günlərdə isə cəbhədə, məncə, sakitlik olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26