Interposta.Info

Yevda Abramov:

Siyasət
 31-01-2017, 10:34     699

Yevda Abramov:

Ötən ilin dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri iki dövlət arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az-a açıqlamasında iki dövlət arasındakı münasibətlərə toxunub.

O bildirib ki, münasibətlər yüksək səviyyədədir. “İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. İsrail dövləti ilə strateji partnyor səviyyəsində dostluq edirik. Elm, təhsil, iqtisadiyyat, hərbi sahədə böyük müqavilələrimiz var. Bizim də bir neçə nazirimiz İsrail dövlətində olub. Hərbi sahədə böyük uğurlarımız var.

Parlamentlə əlaqələr çox güclüdür. 13 ildir ki, İsrail-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəriyəm. Orada “İsrail-Azərbaycan dostluq cəmiyyəti”miz var. Həmin cəmiyyət Azərbaycan-İsrail arasında olan münasibətləri tənzimləyir. Azərbaycan haqqında İsrail mətbuatında mütəmadi olaraq məlumatlar yazırlar. Son 5 ildə Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə İsrailin bütün şəhərlərində Xocalı qətliamı barədə geniş foto sərgilər nümayiş etdirilib. “Azərbaycan-İsrail cəmiyyəti” fevral ayının ortalarından başlayaraq böyük konfranslar keçirir.

Rus dilində informasiya verilir və televiziya kanallarında çıxış edilər. Həm Quba, həm də Oğuz əsilli yəhudi qardaşlarımız çıxışlar edirlər. Keçmiş Azərbaycan vətəndaşlarının iştirak etdiyi İsrail şəhərlərində Azərbaycan dilində və yerli dildə səhnələşdirilmiş tamaşalar göstərirlər”.

Yevda Abramov deyir ki, İsraildə Azərbaycan səfirliyi açılarsa, işlər xeyli yüngülləşər. “Hər bir ölkənin demokratiya və inkişaf səviyyəsi var. Əlbəttə yəhudi dostlarımızın yaşadığı ölkələrin əksəriyyəti tipik demokratik dövlətlərdir. Yerlərdə gedən xırda tədbirləri ümumiləşdirmək, qayə vermək onlarda çətinlik yaradır. Deməzdim ki, orada pərakəndəlikdir. Əgər İsrail dövlətində Azərbaycan səfirliyi olsa idi, mədəniyyət attaşesi də olardı.

Bütün böyük şəhərlərdə özlərinin iştirakı ilə daha əhatəli, daha geniş bunu etmək olardı. O zaman görülən işlərin faydalılıq əmsalı daha çox olardı. Burada oturub telefonla işçi qrupunun rəhbərinə, dostlarımıza nəsə demək çətindir. Səfirlik açılsa mənim də işim xeyli yüngülləşər”.

Deputat bildirib ki, viza məsələsini yoluna qoymaq o qədər də asan deyil. “İsrailə getmək o qədər də asan deyil. Viza problemləri var. Məsələn, Rusiya İsrailə vizasız gedib-gəlir. Düzdür, həm İsrail prezidenti, həm də baş naziri Bakıda olanda bu məsələlər müzakirə edilib. Təklif irıəli sürülüb. Amma, bunu da etmək asanlıqla başa gəlmir. Müəyyən hazırlıqlar olmalıdır. Sərhəd-keçid məntəqələrində müasir texnologiyalar olmalıdır. Eyni zamanda, insanlar özləri də buna hazır olmalıdırlar. Bütün bunlara baxmayaraq İsraillə münasibətlərimiz çox əladır”.

Yevda Abramov deyir ki, daha yaxşı olardı ki, qolumuzu çırmalayıb iş görək. “Ən güclü yəhudi diasporu İsraildədir. Bu, Rusiyadan sonra ən güclü diaspor təşkilatıdır. 80 minə yaxın keçmiş Azərbaycan vətəndaşı İsraildədir. Təbii ki, səfirlik məsələsi cənab prezidentin səlahiyyətindədir. Yəqin ki, beynəlxalq münasibətlərdə böyük uğurlarımız və Qarabağ məsələsində irəliləyiş olarsa, gələcəkdə bu məsələ də həll olunacaq. Bu məsələ hər zaman cənab prezidentin diqqətindədir. Bir də gördünüz ki, cənab prezidentin təşəbbüsü ilə İsraildə Azərbaycan səfirliyi açıldı. Düşünürəm ki, səfirlik açılandan sonra diaspordan gözləntilərimizin yeri var. Durub müsahibə verməklə iş bitmir. Qolumuzu çırmalayıb iş görməliyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26