Interposta.Info

FHN üçün 2 milyonluq yanğından mühafizə bölməsi tikən şirkət kimindir?

Paradoks
 10-10-2024, 18:42     39 481

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsi tikəcək.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN-nin Əsaslı Tikinti İdarəsi artıq bununla bağlı tenderə yekun vurub.

Tenderin qalibi "FİM Group" MMC seçilib. Tikinti işləri nazirliyə 2 439 616,19 manata başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "FİM Group" MMC 25 iyul 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı Şəhəri Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 4, məznil 20-də yerləşən şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.

"FİM Group" MMC ötən il FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 658 988 manatlıq, FHN-nin Əsaslı Tikinti İdarəsinin isə 79 491,88 manatlıq tenderinin qalibi seçilib. Hər iki tenderin satınalma predmeti müxtəlif təyinatlı tikinti işləri olub.

"FİM Group" MMC-nin FHN kimi bir qurumun iri məbləğli tenderlərində qalib gəlməsinə baxmayaraq tanınan şirkət deyil. Hər halda açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir.

Şirkətin qanuni təmsilçisi Fuad Əhmədzadə haqqında da məlumat yoxdur. FHN üçün 2 milyon manatlıq layihə icra edən bir şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26