Interposta.Info

Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərar ləğv edildi

Paradoks
 28-03-2023, 13:42     964

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədov və digər ittiham olunan şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb.

Lakin məhkəmə Vüqar Səfərli və iş üzrə digər ittiham olunan şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib.

İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26