Interposta.Info

"Kontakt Home" jurnalisti aldadıb: "Mağaza qanunvericiliyin tələbinə riayət etmir”

Paradoks
 31-10-2022, 19:29     694

"Kontakt Home" şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır. Şirkət alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir”.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo-ya bir müddət öncə mağazadan mobil telefon alan jurnalist Çingiz Səfərli məlumat verib. O bildirib ki, "Kontakt Home"un İnşaatçılar filialından aldığı "Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarmaq istəyib, lakin şirkət razılıq verməyib.

"Əslində "Samsung A32” model telefon almaq istəyirdim. Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və həmin məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım.

Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən "Samsung A32” markalı telefonun 64, "A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim. Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim”, deyə jurnalist bildirib.

Çingiz Səfərlinin sözlərinə görə, mağazada ona ekspertə yönləndiriblər: "Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım.

Bu zaman mağazanın müdiriyyətinə "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu xatırlatdım və göstərdikləri səbəbin əsassız olduğunu bildirdim. Onlar isə dedilər ki, hara istəyirsiniz, şikayət edə bilərsiniz. Bizdə qaydalar belədir. Məhsul alınan gündən etibarən qoruyucu üzlük və qoruyucu örtük taxılıb. Göstərilən səbəblər tamamilə uydurma və məhsulu geri götürməmək üçün irəli sürülən bəhanədən başqa bir şey deyil. Şirkətin qanunvericiliyimizə məhəl qoymamasını, istehlakçılara bu cür münasibətini nəzərə alsaq, "Kontakt Home"dan məhsul almaq istəyərkən iki və daha çox dəfə düşünmək və oradan heç bir şey almamaq lazımdır".

Əslində isə qanun nə deyir?

"İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Resoublikasının qanunun 7-ci maddəsinin ("Qüsuru olan mal satılarkən istehlakçının hüquqları") 1-ci bəndində qeyd olunur ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;
satış qiymətini uyğun məbləğdə azaltmağı;
malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

Qaynarinfo məsələ ilə əlaqədar "Kontakt Home”la əlaqə saxlayıb. Mağazanın əməkdaşı gün ərzində məsələyə aydınlıq gətiriləcəyini desə də, sorğumuza heç bir cavab verilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26