Interposta.Info

Beş il əvvəlki müəmmalı oğurluq: Keçmiş səhiyyə işçisini rəis otağından niyə qovub? - ŞİKAYƏT

Paradoks
 9-07-2022, 14:26     1 335

Azərbaycanda keçmiş səhiyyə işçisi evindən oğurluq edənlərin tapılmamasından narazıdır.

"İnterPosta"nın məlumatına görə, bu barədə Oxu.Az-ın redaksiyasına Masallı rayon Yeyənkənd kənd sakini Məmmədov Müslüm Qulam oğlu müraciət ünvanlayıb.

O bildirib ki, 2017-ci ildə yaşadığı evdə oğurluq hadisəsi baş verib:

“Məsələ hələ də həllini tapmayıb. Həmin il evdən gəlinlərimə məxsus zinət əşyaları oğurlanıb. Oğurluq olan gecə qonşumuz Azad Bağırovun oğlunun toy məclisi keçirilirdi. Oğru və ya oğrular sanki öz əliylə qoymuş kimi qızılları götürüblər”.

Vətəndaş iddia edir ki, qızıllarını qonşuları oğurlayıblar:

“Biz Azad Bağırov və ailə üzvlərindən şübhələnirik. Çünki Azad Bağırova aid olan həyətdə təhlükəsizlik kameraları quraşdırılıb. O kameralardan həyətinin darvazasında da var. Kameralardan bizim həyətə də kimin girib-çıxdığı görünür. Mən təklif etdim ki, kameraları açsınlar, oğruların tapılmasına köməklik olsun. Amma onlar bunu qəbul etmədilər.

Məsələ barədə Masallı Rayon Polis Şöbəsinə müraciət etdik. Polislər gəlib evdən əl izləri götürdülər. Daha sonra dəfələrlə Masallı RPŞ-də olsam da, işə baxmayıblar. Keçmiş polis rəisi Habil Əmiraslanov bu işdə bizə çox zərbə vurub, bizi çox incidirdi və hətta bizi şöbədən də qovdu.

Həmin dövrdə RPŞ-nin Cinayət axtarış şöbəsinin rəisi Anar Xəlilov bizə dedi ki, “siz heç bilirsiniz neynirsiniz? Bu iş birdəfəlik bağlandı. Tapşırıq gəlib ki, 100 000 manat da versəniz, işinizə baxmayaq”. Tapşırıq görəsən kim tərəfindən gəlib? Hətta bir dəfə inspektor Pərviz Məmmədov özü mənə: “Bu işin açarı məndədir. Mən necə istəsəm, iş elə bağlanacaq. Pul gözləyirəm, əgər istədiyim məbləğ gəlməsə, işi açacam, istədiyimiz gəlsə, iş bağlanacaq” dedi”.

M.Məmmədov deyir ki, oğurluqla bağlı 5 ildir dayanmadan şikayət bildirsə də, müraciətinə baxılmır:

“Məsələ Masallı RPŞ-yə çatana kimi işə xitam verilir. Üç ay bundan əvvəl daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Lənkəran şəhərində vətəndaş qəbulu keçirən zaman mən şikayətimi bildirdim. Nazir işin araşdırması üçün göstəriş verdi. Amma heç bir nəticə yoxdur, hətta əməkdaşlar zənglərimə cavab vermirlər”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb:

“Əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri aparılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılıb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26