Interposta.Info

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran diplomat haqda müəmma  

Paradoks
 30-07-2021, 09:44     1 909

Rövşən Qarabağlının adaşının Kiyevdən qaçırılmasına şəxsən rəhbərlik etməsi, səfirliyin avtomobili ilə hava limanına aparıb diplomatik keçiddən təyyarəyə mindirməsi iddiası; hüquqşünasdan açıqlamalar
Bakı Hərbi Məhkəməsində hakim qarşısına çıxarılan general Rövşən Əkbərovla bağlı yeni sensasion məlumat yayılıb. Bildirilir ki, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə biznesmen Elçin Əliyevi bıçaqla qətlə yetirdikdən sonra vəzifəli şəxslərin köməyi ilə Bakıya qaçırılıb.

İddia edilir ki, bu işdə həmin vaxt Ukraynada səfir olan Nazim İbrahimovun ən yaxın adamı, Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının müstəsna xidmətləri olub. Həmin vaxt səfiri əvəz edən Rövşən Qarabağlı adaşının Kiyevdən qaçırılmasına şəxsən rəhbərlik edib. O, Rövşən Əkbərovu səfirliyin avtomobili ilə hava limanına aparıb və diplomatik keçiddən təyyarəyə mindirib. (mənbə:bakupost.az) Maraqlıdır ki, cinayət işi üzrə şahid qismində Kiyevdəki sabiq səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də dindirilib. Onlar Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər. Gələn məlumatlardan belə anlaşılır ki, diplomatik xidmətdə olmuş Rövşən Qarabağlı istintaqdan kənar qalıb. Əgər iddia həqiqətdirsə, həmin şəxsin də tutulması və ya axtarışa verilməsi gərəkir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hər hansı bir cinayət törədilirsə, həmin cinayətin bütün iştirakçılarının dairəsinin müəyyən edilməsi istintaqın ümdə vəzifəsidir: “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təyinatı həm də budur. Məcəllənin 1-ci maddəsi ”Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı" adlanır.


1.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;

1.2.3. heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

1.3. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Əgər Rövşən Əkbərov cinayəti törədəndən sonra Ukrayna paytaxtından Bakıya gələ bilibsə, bu işdə ona dəstək verənlərin olması ehtimalı yaranır. Yəni iş üzrə istintaq orqanı bu ehtimalı yoxlamağa və müvafiq addımlar atmağa borclu idi. İddia varsa, ehtimal varsa, istintaq həmin iddiaları da, ehtimalları da yoxlamalı, suçu olan hər kəsi cəzaya çatdırmalıdır. Bunu qanun tələb edir. Bu işdə Rövşən Qarabağlının adı Rövşən Əkbərovu Kiyevdən Bakıya qaçışını təşkil edən vəzifəli şəxs kimi keçir. İstintaq bu məsələni araşdırmaya bilməzdi. Rövşən Qarabağlı istintaqa cəlb edilməli və dindirilməli idi. Əgər onun Rövşən Əkbərov qətl törədəndən sonra qaçmasına yardımçı olması təsdiq edilərdisə, Rövşən Qarabağlı da qətldə iştirakçılığa görə istintaqa cəlb edilməlidir. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakın xarakterindən asılı olaraq iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri fərqləndirilir. Cinayət Məcəlləsinin 32-ci və 33-cü maddələrində cinayətdə iştirakçılığın növləri; cinayətin iştirakçılarının məsuliyyəti konkret göstərilir:

32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.

32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.

32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.

32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

33-cü maddə - cinayətin iştirakçılarının məsuliyyəti adlanır.

33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.

33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.

33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.

Göründüyü kimi, Rövşən Qarabağlı Elçin Əliyevə qarşı törədilən cinayətdən sonra Rövşən Əkbərovun Kiyevdən qaçmasına köməklik göstərib. Bu baxımdan istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar olub".

Hüquqşünas deyib ki, ibtidai istintaq zamanı bu məsələ araşdırılmayıbsa, məhkəmə zamanı Rövşən Qarabağlının barəsində tədbir görülməsi üçün Baş Prokurorluğa müraciət ünvanlana bilər.

Qeyd edək ki, Rövşən Əkbərov barəsində 2021-ci il martın 15-də həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Elçin Fəday oğlu Əliyevin 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Rövşən Telman oğlu Əkbərov 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Rövşən Əkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır.Mənbə: musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26