Interposta.Info

Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."

Paradoks
 2-03-2021, 21:02     379

"Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir”.

"İnterPosta" xəbər verir ki, bu barədə deputat Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparıb. "Əlimdə kifayət qədər sübutlar var. Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mətin Quliyev mənim adımdan "Facebook"da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə söyüşləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Milli Məclisin, eyni zamanda, onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni "Facebook"da olmazın söyüşlərlə təhqir edən "Əbülfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur”, - deyə o əlavə edib.

Milli Dirçəliş Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev isə Qaynarinfo-ya açıqlamasında Etibar Əliyevin ittihamlarının əsassız olduğunu deyib. "Əvvəla, bu adam deyir ki, Fərəc Quliyevin oğlu məni təhqir edir. Sonra da yazır ki, "Əbülfəz Babasoy” adlı profildən təhqir olunuram. Mənim Əbülfəz Babasoy adlı oğlum yoxdur. Bilmirəm, Etibar Əliyev bu açıqlamanı ayıq başla verib, yoxsa yox.

İkincisi, hətta həmin təhqirlər Mətin Quliyev adı altında yayılsa belə, bunu araşdırmaq lazımdır.
Parlamentdə təmsil olunursan, bir az ağayana olmaq lazımdır. O isə əsassız ittihamlar səsləndirir. Həmin ittihamlara görə, onun özü məhkəməyə verilə bilər”, - deyə keçmiş deputat bildirib.

Fərəc Quliyev əlavə edib ki, bununla belə, məhkəməyə müraciət etmək niyyəti yoxdur. "Mən o səviyyəyə enmək istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, əgər sən mənim adımla gündəmə gəlmək istəyirsənsə, bunu açıq de, bilək. Mən də onun dairəsindən deputat olmuşam. Qərəzli çıxmasın, 4 ildə 105 təklif vermişəm, 115 çıxış eləmişəm, 94 məhəllə görüşü keçirmişəm. Amma onun bir fotosunu görmüşəm, o da yatmış formada. Adam bir az ciddi olar. Sən indi beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını qoruyan təkliflərlə çıxış etməlisən, ortaya mövqe qoymalısan. Amma bir saxta profildən təhqir olunmusan və başlamısan ki, bunu Fərəc Quliyevin oğlu edir. Bu qədər qeyri-ciddilik olmaz axı”, - deyə partiya sədri vurğulayıb.

Xatırladaq ki, Etibar Əliyevlə Fərəc Quliyev 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seşkilərində rəqib olublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26