Interposta.Info

Rasim Məmmədovun Suraxanıda gizli zavodu üzə çıxdı

Paradoks
 9-02-2021, 09:30     1 118

“Baku Steel Company”nin sabiq rəhbəri məsuliyyətə cəlb ediləcəyini 2018-ci ildən bilirmiş, amma...

Rasim Məmmədov “Baku Steel Company”dən (BSC) uzaqlaşdırılacağını 2018-ci ildən sonra bilirmiş. Buna görə də ən müxtəlif yollarla özünü həbsdən qurtarmağa, gələcəkdə metallurgiya sahəsində şəxsən özünün bir zavodunun olmasına çalışırmış. Aparılan təhlillər, əldə olunan məlumatlar bunları deməyə əsas verir.

Siyasi baxımdan elə addımlar atırmış ki, sonradan həmin işlərə istinad edib yaxasını istintaqın “dəmir qolları”ndan kənar saxlaya bilsin. Bunun üçün müxtəlif vəzifə daşıyıcılarına, bəzi deputatlara pul ötürüb özünün ləkəli reputasiyasını bu yollarla təmizləməyə can atıb.

2019-cu ildə ona göstərilən etimad tamamilə itib. “Patronlarına” “atıb”, gizli pul qazanması bilinib. Bundan sonra özlüyündə yəqinləşdirib ki, “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı gün uzaqda deyil. Elə həmin günlərdə Suraxanı rayonu ərazisində Rasim Məmmədovun gizli saxladığı zavodda genişləndirmə işləri başlayıb. “Steel Company” adlanan zavod Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hücum etdiyi günlərdə qurulub. Hətta orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub.

Rasim Məmmədov ile ilgili görsel sonucu

Yada salaq ki, Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi dazbaşlar dəstəsi metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hücumları edib, işi məcburi qaydada dayandırıblar. Zülfüqarlı qardaşlarının 3 zavodu böyük cinayətlər işlədilməklə Rasim Məmmədovun başçılıq etdiyi dazbaşların köməyi ilə əllərindən alınıb. Sahibkarların qara metal ehtiyatları talan edilib, metal istehsal edən, həmin dövr üçün son model texnoloji avadanlıqlar, istehsal xətləri sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib. Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə atdırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilib. Rasim Məmmədovun 11 illik fəaliyyəti nəticəsində bu sahədə yaranmış durum göz qabağındadır. Barbar yanaşma metallurgiya sahəsinin dizini yerə gətirib.

Rasim Məmmədovun gizli zavod saxlaması maraqlı mətləblərdən xəbər verir. Məlumata görə, həmin zavod “Suraxanı Əməliyyat Şirkətinin” bir addımlığındadır. İllərlə həmin zavodun sexlərində metal əridilib, armatur çəkilib. İndi məlum olur ki, Rasim Məmmədov gizli zavoduna “Steel Company” adını verməsini də təsadüf olmayıb. O, gizli zavodun adını “Baku Steel Company”nin adına uyğunlaşdırmaqla müxtəlif dövlət qurumlarının sorğu-sualından yayınmağa müvəffəq olur. Ona yaradılan şəraitdən özünün varlanması üçün geninə-boluna istifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Rasim Məmmədov külli miqdarda dələduzluq, külli miqdarda mənimsəmə və digər cinayət əməllərini törətməkdə ittiham olunur. İstintaqın Rasim Məmmədovun gizli zavodu ilə bağlı epizodu araşdırıb-araşdırmadığı haqda hələlik məlumat yoxdur.

Metallurgiya sahəsində çalışmış iş adamları “Yeni Müsavat”a deyiblər ki, Rasim Məmmədovun həbsindən sonra bu sahədə vəziyyətin stabilləşəcəyinə böyük ümidlər yaranıb.

Məsələn, ölkənin metal boru bazarında tələbatı artıqlaması ilə ödəmək iqtidarında olan boru prokatı zavodlarının mövcud olmasına baxmayaraq onlar daxili tələbatın çox cüzi hissəsi həcmində istehsal həyata keçirir.

Rasim Məmmədov külli miqdarda dələduzluq, külli miqdarda mənimsəmə ile ilgili görsel sonucu

Sovet dövründə ölkənin ən iri metallurgiya müəssisəsi olan, 2013-cü ildə “Baku Steel Company” tərəfindən özəlləşdirilən “Azərboru” da bu sıradadır. Rasim Məmmədov “Azərboru”nu o vəziyyətə gətirmişdi ki, zavod stabil işləyə bilmirdi. 2020-ci ildə “Azərboru” ASC maliyyə hesabatını açıqlayarkən məlum olmuşdu ki, zavod iflasa uğrayıb. Mənfi kapitalla (20,6 milyon manat) Azərbaycanın qara metallurgiyasının nəhəngi olan boru prokat zavodunun qısamüddətli öhdəlikləri 13 milyon manata çatırdı. 2019-cu ildə “Azərboru”nun gəlirləri 332 min manat (195 min dollar) təşkil edib. Bu vəsait əmək haqqına (263 min manat), vergilərə (48.3 min manat), sosial ödəmələrə (6.8 min manat) yönəldilib. İl ərzində zavodun digər əməliyyat gəlirləri 1 milyon manatdan çox olub. Halbuki “Azərboru” zavodunun əsası qoyulduğu gündən respublikanın ən rentabilli zavodları sırasında olub. Zavodun əsası Böyük Vətən müharibəsinin başa çatmasından az sonra, SSRİ-də Stalinin əmri ilə böyük sənayeləşmə proqramının həyata keçirildiyi dövrdə - 1947-ci ildə Sumqayıtda qoyulub. 1952-ci ildə zavod ilk məhsullarını buraxmağa başlayıb və tezliklə Azərbaycanın ən iri, ən şöhrətli sənaye müəssisələrindən birinə çevrilib. Zavodun müxtəlif diametrli qazma, qoruyucu, sorucu-kompressor, neft ötürücü və ümumi təyinatlı boruları keçmiş SSRİ-nin müxtəlif regionlarına və 40-a yaxın ölkəyə göndərilirdi.

Müəssisənin tam gücü ilə işlədiyi dövrdə illik istehsal gücü 800 min ton polad və 600 min ton hazır məhsul olmuşdu. 2013-cü ildə zavod Rasim Məmmədovun idarəçiliyə keçəndən sonra isə borc içində itib-batırdı.

7 il ərzində zavodun acınacaqlı duruma düşməsini dövlət də görürdü. Ona görə də 2020-ci ildə səhmlərinin 100 faizi dövlət mülkiyyətində olan “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-nin satınalma və logistika departamentinin direktoru Eldəniz Cəfərov rəsmi qəzetdə məqalə ilə çıxış etdi. 2011-ci ildə 90 min ton boru istehsalına nail olmuş “Azərboru”nun 2013-cü ildən etibarən qeyri-effektiv idarə edildiyini açıqladı. Müəssisənin borclarının yarandığını, işçi heyətinin azaldığını və nəticədə fəaliyyətini dayandırdığını qeyd etmişdi. Aydın idi ki, “Azərboru”da baş verənlər Rasim Məmmədovun və onun hamilərinin maraqları çərçivəsindədir.

Eldəniz Cəfərov təklif edirdi ki, zavodun fəaliyyətinin bərpası və onun effektiv işinin təmin edilməsi üçün “Azərboru” “müvafiq dövlət strukturunun”, yəni “Polad İstehsalı Kompleksi” ASC-nin tərkibinə verilməlidir. Bundan başqa, o “Bakı Poladtökmə” ASC-nin də “Baku Steel Company”nin mülkiyyətinə keçməsindən sonra pis idarə olunduğunu və bu üzdən bağlandığını qeyd etmişdi.

Rasim Məmmədovun inhisar dövrü Azərbaycanın metallurgiya sahəsinin dəhşətli dərəcədə tənəzzülə uğradılması ilə yadda qalıb. Bu sahəni ayaqda tutan domna sobaları məcburən işini dayandırıb, hər bir ölkənin güclü iqtisadiyyatının varlığını göstərən ağır sənaye məhvə məhkum edilib. Rasim Məmmədovun dövranı onun həbsi ilə bitdi, domna sobaları yenidən gur yanmalı, ölkə iqtisadiyyatını reyder hücumlarla çökdürənlər o sobalarda “yandırılmalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26