Interposta.Info

Müəllim ölkə rəhbərliyinə şikayət etdi – Liseydə Mikayıl Cabbarovun qərarına riayət edilmir və...

Paradoks
 25-11-2017, 22:53     10 844

Hər gün ölkədəki saytlarda təhsil sistemində baş verən xoşagəlməz hallarla bağlı bir neçə yazı oxumaq mümkündür. Pisi də odur ki, bu vəziyyət yüksələn xətt üzrə davam edir.

Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova məktəbə rəhbər təyin olunduğu gündən müəllim Natəvan Daşdəmirovanı gözümçıxdıya salıb, onu sıxışdıraraq məktəbdən uzaqlaşdırmağa nail olub. İclas keçirib, tərtib etdilən“ərizə”yə müəllim kollektivini Natəvan Daşdəmirovanın əleyhinə imza atmağa məcbur edib.Nəticədə müəllimi məktəbdən kənalaşdırıb.

N. Daşdəmirovanın əleyhinə çıxış etmədiyim, “ərizə”yə imza atmadığım üçün hazırda məni məktəbdən uzaqlaşdırmaq istəyir. Belə ki, məktəbin direktoru 16 saat dərsimin 6 saatını 2017-ci il fevral ayının ortasında heç bir əsas və nöqsanım olmadığı halda məndən aldı. Həmin ilin oktyabr ayında ikinci dəfə şəxsimə qərəz nümayiş etdirərək, 4 saat dərsimi əlavə olaraq əlimdən aldı . Haqqımı tələb etdikdə mənə şiddətli töhmət verdi. Bir sözlə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə hörmətsizlik edildi. Belə ki, nazirin əmri var, müəllim 1 stavkadan aşağı dərs deməməlidir, vəzifəli şəxslər hesab olunan direktor və müavin dərs aparmamalıdır. Hazırda məndən ikinci dəfə alınan 4 saat ingilis dili dərsimi direktor Sevinc Orucova tədris edir. Liseydə gənc kadrlar 7 saat dərs apardığı halda, direktor müavini Natəvan Bədəlovanın 9 saat dərs yükü var. Bu hansı qanuna sığır. Mən də direktor Sevinc Orucova, müavini Natəvan Bədəlova kimi ingilis dili müəllimiyəm. Niyə onlar vəzifə maaşı aldığı halda ,məndən daha artıq dərs deməlidirlər? Budur, Azərbaycan müəlliminə verilən qiymət?

Bu fikirlər Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 4-də qeydiyyatda olan, Heydər Əliyev adına Liseyin ingilis dili müəllimi Məhərrəmova Sevinc Azay qızı tərəfindən Faktinfo.az-a ünvanladığı ərizədəndir. Sevinc Məhərrəmova daha sonra yazır: “Hüquqlarımı müdafiə etmək üçün Liseyin Həmkarlar Komitəsinin sədri Şahbaba Rəsulova ərizə ilə müraciət etdim. Həmkarlar Komitəsinin sədri ərizəmə baxıb, hüquqlarımı müdafiə etmək əvəzinə direktorun göstərişi ilə mənə “məhkəmə” qurdu. Belə ki, 16.11.2017-ci il tarixində Həmkarlar Komitəsinin keçirdiyi iclasda 20 nəfər müəllimi və valideynləri öyrədərək üstümə qaldırdı, qərara alındı ki, mən məktəbdən qovulmalıyam. Yəni, aldığım 90 manat məvacib də mənə çoxdur, çünki müəllim kimi liseydə baş verənlərə gözümü yummuram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına, digər rəhbər şəxslərə, ölkə mətbuatına şikayət məktubu göndərən Sevinc Məhərrəmova liseyin direktoru Sevinc Orucovanın bir çox qanunazidd hərəkətlərə yol verdiyini də bildirir.

Sitat: “Məktəbdə qeyri-qanuni olaraq, 5 yaşlılardan ibarət 2 qrup fəaliyyət göstərir. Hər şagirddən 150 manat pul yığılır. Qrupa dərs deyən müəllimlər isə məktəbin müəllimləri deyil, kənar yerdən gətirilən şəxslərdir.Özü də qruplar şəbəkəyə daxil edilməyib.Təhsil naziri M.Cabbarovun əmrinə əsasən, 5 yaşlılara hazırlığı həmin məktəbin 4-cü siniflərinə dərs deyən ibtidai sinif müəllimləri aparmalıdır.

Bundan əlavə, bütün siniflər üzrə şagirdlər dərs zamanı tədrisdən çıxarılır, ixtisas müəllimlərinə əlavə hazırlıq qrupları təşkil edilib, hazırlıq keçirilir. Hazırlıq aparan müəllim hər şagirddən ayda 100 manat pul alır,pullar direktor və müavini olan Natəvan Bədəlova arasında bölünür”.

Şikayətçi onu da bildirir ki, müəllimlər otağında olan 3 kompüterdən heç biri işləmir, məktəbdə özbaşınalıq baş alıb gedir. Məsələn, dərs deməyə gəlirəm, sinifdə şagird yoxdur. Öyrənirəm ki, direktor şagirdləri göndərib başqa otağa, digər müəllimlər onlara hazırlıq kursu keçir. Mən də jurnala qaib yazmaq istəyəndə mənimlə düşmənçilik edirlər, “ya ərizəni yaz get, ya da səni kollektivin əli ilə məktəbdən qovacağıq” – deyirlər. Bir sözlə, direktor öz müavini Natəvan Bədəlovanın rəhbərliyi altında mənə qarşı kampaniya aparır. Fakt odur ki,aldığım 90 manat məvacib də mənə çox görülür.

Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirən Sevinc Məhərrəmova məktəbdən uzaqlaşdırılacağı təqdirdə bütün məhkəmə instansiyalarına müraciət edəcəyini,hüquqlarını qorumaq üçün axıra qədər mübarizə aparacağını da qeyd edir.

"XeberBiz" xəbər verir ki, "Faktinfo.az"-ın əməkdaşı direktor Sevinc Orucova ilə əlaqə saxlamaq, onun mövqeyini öyrənmək üçün 4 dəfə liseyə zəng edib, hər bir cəhd “direktor hal-hazırda məktəbdə yoxdur, yuxarıda dərs prosesini izləyir, sonra zəng edin” kimi cavablarla yekunlaşıb.

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26