Interposta.Info

"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -

Paradoks / Mədəniyyət
 30-07-2017, 07:30     12 302

Biz də doğma mühitdən uzaqlaşmaq istəmədik, bir halda ki, söhbətimizin əsas hissəsi məhz bura aiddirsə... Görüşümüz elə kinostudiyanın həyətində baş tutdu.
Beləliklə, ”Danışan fotolar”ın budəfəki qəhrəmanı xalq artisti, kinomuzun Nəsimisi, Babəki, Beyrəyi, Cavidi, Mirzə Fətəli Axundzadəsi Rasim Balayevdir.

"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Bunu on yaşında Moskvada çəkdirmişəm. Ora məni atam aparmışdı. Sonralar Moskvaya çox gedib-gəldim.

“Tarixçi olmağımı istəyirdilər”

- Uşaqlığınızı, o illəri necə xatırlayırsınız?


- Ailədə səkkiz uşağın böyüyü olmuşam: beş oğlan, üç qız. Burdakı rəhmətə gedən qardaşımdır. Rayonda fotostudiyada çəkilib. Deyəsən, mən birinci sinifdə oxuyurdum.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Onların içərisindən bircə mən aktyor oldum. Yeddinci sinifə qədər əlaçı idim, dərslərimi yaxşı oxuyurdum. Məktəbin tədbirlərində şeir deyirdim. Aktyorluğa həvəsim yaranandan sonra bəzi fənlərə marağım azaldı. Daha çox humanitar fənləri yaxşı öyrənməyə çalışırdım. Ailədə mənim ya hüquqşünas, ya da tarixçi olmağımı istəyirdilər. Amma mən aktyor oldum.

- Qərarınızı necə qarşıladılar?


- Atam partiya sovet işçisi, anamsa evdar qadın idi. Aktyor olmağıma əvvəl etiraz etdilər. Fikirləşirdilər ki, imtahandan kəsilib rayona qayıdacam. Çünki o vaxtlar Teatr İnstitutuna qəbul o biri institutlardan öncə idi. Amma mən qəbul olundum. Buna sevinməsələr də, qarşımı da kəsmədilər.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Səhv etmirəmsə, institutun dördüncü kursunda oxuyanda çəkdirmişdim. Elə-belə, özüm üçün çəkilən şəkillər silsiləsindəndir.

- İnstitutda axtardığınızı tapa bildiniz?


- Mənə çox gözəl müəllimlər dərs deyib. Onlardan çox şeylər öyrənmişəm.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- “Nəsimi”dən bir epizoddur. Mənə kinoda yaşıl işıq yandıran film. Bu filmdən sonra məni foto sınaqsız, kino yoxlanışsız filmlərə dəvət edirdilər. Hətta nəinki Azərbaycanda, xarici ölkələrdə də sınaqsız filmlərə çəkilirdim.

“Adil İsgəndərov məni işə götürəndə şərt kəsdi”


- Bəs “Nəsimi”yə qədər filmlərə düşmək üçün neçə il əziyyət çəkdiniz.

- İnstitutu bitirəndən sonra Akademik Milli Dram Teatrında işləmək istədim, götürmədilər. Dedilər, yerimiz yoxdur. Fotosınaqlara da gedirdim, amma uğursuz olurdu. Baxmayaraq ki, tələbəlik illərində televiziyada şeirlər deyirdim, tamaşalarda oynayırdım. Amma filmə yaxın qoymurdular. “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Axırıncı aşırım” filmlərində şəklimi çəkib, sonra çağırmamışdılar. Dörd ilə yaxın o burulğanda çabaladım. Hətta tamam başqa sənətlə məşğul olmağı da düşünürdüm.

Adil İsgəndərov da məni kinostudiyaya işə götürəndə şərt kəsdi. Dedi, səni müvəqqəti - bir illik işə götürürəm. Bu müddət ərzində bizə lazım olsan, burda qalacaqsan. Əks halda özün çıxıb gedərsən. “Nəsimi”yə qədər işlər yolunda getmirdi, atamın da rəhmətə getməyi mənə çox pis təsir etdi. Depressiyaya düşdüm, əsəblərimi müalicə etmək üçün bir müddət xəstəxanada yatdım. “Nəsimi”yə dəvəti də xəstəxanada olanda aldım. Elə halda idim ki, əvvəlcə razılaşmadım. Çünki ümidim yox idi. Amma sonra Həsən Seyidbəyli məni inandırdı və məşqlərə başladıq. Sizə deyim, hətta məşqlərə gedəndə belə çəkiləcəyimə ümid etmirdim. Fikirləşirdim ki, bu cür böyük, məsuliyyətli bir filmin əsas qəhrəman obrazını hələ kinoda təcrübəsi olmayan birinə verməzlər. Kənardan da bu cür sözlər eşidirdim deyə məşqlərə həvəssiz gedirdim. Amma sonra Həsən Seyidbəylinin məni çəkəcəyini yəqinləşdirdim.

- Həsən müəllim “Nəsimi”də çox çətinliklərlə qarşılaşmışdı. Hətta bildiyim qədər “Babək”i də o çəkməli imiş.

- Bəli, “Babək”i Həsən Seyidbəyli çəkməli idi. İndi deyirlər ki, guya Həsən xəstələndiyi üçün çəkmədi, elə deyil. Filmi ondan alıb, Eldar Quliyevə verdilər.

“Bu hadisə Həsən müəllimə yaman pis təsir etdi”

- Bunların hamısını Mərkəzi Komitə həll edirdi?


- Bu işlərlə əsas “Qoskino” deyilən idarə və Mərkəzi Komitənin Mədəniyyət şöbəsi məşğul olurdu. O şöbənin də sədri o vaxtlar Azad Şərifov idi.

-Təcrübəli, istedadlı Həsən Seyidbəylidən filmin alınıb gənc bir rejissora - Eldar Quliyevə verilməsinin səbəbi nə idi?

- Elə ona görə onun ürəyi partlayıb, öldü. “Nizami”ni də o çəkməli idi. O “Babək”ə də məni çəkmək istəyirdi. Amma qoymadılar. Dedilər, olmaz, başqa adamı çək. O da deyirdi ki, mən Rasimi çəkmək istəyirəm. Sonra filmi ondan alıb, Eldar Quliyevə verdilər.

Eldar Quliyev Babək rolu üçün çox adamı sınaqdan keçirdi, axırda mənim üstümdə dayandı. Bu hadisə Həsən müəllimə yaman pis təsir etdi. Hətta bu mövzuda Həsən Seyidbəyli ilə aramızda söhbət də oldu. Deyirdi ki, mən də səni çəkmək istəyirdim, başqa bir şey istəmirdim ki...

-Bu problemin yaranma səbəbi nə idi?


- Oralarda nə baş verirdi, bilmirəm. O vaxtlar cavan oğlan idim, yuxarılarla əlaqəm yox idi.

Adamlar var idi ki, kinoda hansısa rola düşmək üçün nələr etmirdi. Məni çağırırdılar, yoxlayırdılar, bir də görürdüm ki, çəkirlər. Yəni mən o problemləri yaşamamışam.

O vaxt kinoya çəkilmək çox çətin, xoşbəxtlik və çox böyük bir hadisə idi. İndiki kimi deyil ki...İndi küçədən keçəni də çəkirlər. Seriallara baxıram, aktyor yoxdur. O vaxt belə şeyə icazə yox idi. Professional olmayan adamı işə götürmürdülər.

- Rasim müəllim, “Arxadan vurulan zərbə” filmi ilə bağlı bir sual vermək istəyirəm. O filmi Fikrət Əliyev çəkməli idi, hətta hazırlıqlara başlayıb, aktyorları seçib, özünün dediyinə görə sonra Arif Babayev filmi onun əlindən alıb. Mənə maraqlıdır, siz Fikrət Əliyevin seçdiyi aktyor komandasında yer almısınız?

- “Arxadan vurulan zərbə”yə məni Arif Babayev dəvət etmişdi. Siz dediyiniz məsələdən də xəbərim yoxdu. Amma rəhmətlik Fikrət məni “Qızıl uçurum” filminə dəvət etmişdi. O məni Əliabbas Qədirovun oynadığı Cəlil roluna çəkmək istəyirdi. Burda bir dəfə oturanda zarafatla dedi ki, mən nə qədər elədim, Rasim Balayevi kəndçi eləyə, üz cizgilərini kobudlaşdıra bilmədim. Dedim, mən elə özüm kəndçi balasıyam da.

Babək və “Amerkanskaya sovremennaya poeziya”
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Rejissor Rasim İsmayılovun çəkdiyi “Alman klinikasına şəxsi vizit” filmindən bir kadr. Yanımdakı aktrisa Yelena Tonuntsdur. Onun əri erməni idi. “Onu bağışlamaq olarmı” filmindəki şofer Tərlanı oynayan Qurgen Tonuntsun gəlini idi. Biz filmin bu kadrını Almaniyada çəkmişdik.

- Ora ilk gedişiniz idi?


- Yox, ona qədər artıq alman filmində çəkilmişdim.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- “Amerkanskaya sovremennaya poeziya” kitabını oxuyurdum. Bir nəfər bu kitabı çəkiliş meydançasına gətirmişdi. Kitabı mənə verdi, başladım vərəqləməyə...Həmin vaxt kimsə bu şəkli çəkib. Çox təzadlı alınıb: Babək və “Amerkanskaya sovremennaya poeziya”.

- Kitablarla aranız necə olub?


- Gənclikdə çox kitablar oxumuşam: romanlar, şeir kitabları. Filmlərə çəkildiyim vaxtlarda kitab oxumağa çox az zaman qalırdı. Başım çox qarışıq olurdu. Təsəvvür edin, 30 ilə yaxın ard-arda burda, Orta Asiyada filmlərə çəkilmək, televiziya tamaşalarında oynamaq, dublyajda çalışmaq...hamısı gərgin işlər idi.

-Filmlərinizi saymısınız?


- Əvvəl sayırdım. Təxmini irili-xırdalı 100-dən çox filmə çəkilmişəm.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Həşim Qadoyevdir. “Dədə Qorqud” filmində Qazan xanı oynamışdı. Bu kard onunla bərabər çəkildiyim “Oyanış” adlı özbək filmindəndir.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Türk aktrisa Fatma Girik, Eldar Quliyev, Fatma Giriyin oynadığı “Qızğın torpaq” filminin rejissoru Feyzi Tuna və mən. 26 yaşım var idi. Daşkənddə keçirilən kinofestivalda çəkilib. O festivalda bir neçə dəfə iştirak etmişəm. Sovet İttifaqında Türkiyəyə qarşı münasibət yaxşı deyildi. Bizi Türkiyəyə buraxmırdılar. Onlar sadəcə festivala gəlmişdilər. Ordan Bakıya gəldilər, bir–iki gün qalıb, Türkiyəyə getdilər. Sonralar Feyzi Tuna ilə bir dəfə Türkiyədə görüşdüm.

“Maqomayev böyük sənətkar idi, amma aktyor kimi uğurlu olmadı”

- Sizin türk filmlərinə münasibətiniz necədi?


- O vaxtlar Türkiyədə filmlər bədii cəhətdən çox zəif idi. Təxminən bizim indiki seriallar kimi...Amma sonra türklər təhsil almaq üçün cavan, istedadlı uşaqları Almaniyaya, Amerikaya göndərdilər. İndi əməlli-başlı filmlər çəkirlər.

Bir də o vaxt Türkiyədə belə bir adət vardı: müğənnilər filmə çəkilirdilər. Bu yaxşı hal deyil. İbrahim Tatlısəsin səsinə vurulmuşdum, amma onu aktyor kimi qəbul edə bilmirdim. Zəif aktyordur. Allah ona gözəl, əvəzedilməz səs vermişdi. Heyif ki, sonra vuruldu.

Allah adama hər şeyi vermir. Adam var ki, istəyir hər şeydə birinci olsun. Olmur . Müslüm Maqomayev böyük sənətkar idi, amma aktyor kimi uğurlu olmadı.

- Müğənni demirəm, amma oxumaq bacarığınızın olmasını istəmisiniz?


- Mənim səsim var idi. İnstitutda vokal dərsində müəllimimiz deyirdi ki, yaxşı tenor səsin var, müğənni ola bilərsən. Amma mənim o barədə fikrim olmayıb.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Bu, alman filmindəndir. O vaxtlar bizim hər yerdə şəkillərimiz olurdu. Filmin istehsalçıları da şəklimi görüb, məni dəvət etmişdilər. Filmdə mən ərəbi, polyak aktrisası isə alman qızını oynayırdı.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -



- Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Bir ailəlik bağ evi” filmi çəkilirdi. Rejissoru Yuli Qusman idi. Filmdə Alek rolunu oynayırdım. O filmin fotosınağındandır.

- Qəşəng saç stiliniz var. Elə bildim tələbəlik dönəminizdir.

- Tarixi filmlərdə çəkildiyimə görə uzun saç saxlamaq məcburiyyətində idim.

Tələbə vaxtı bizi bu saç stili ilə instituta buraxmazdılar. İndiyə baxmayın. O vaxt gödək don geyinmək, bakenbard, saqqal saxlamağa icazə vermirdilər. Deyirdilər, tələbənin tələbə görkəmi olmalıdır.

“Türkiyəyə gedib Tarık Akanı axtardım”
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


-Bu şəkil də Daşkənddə kino festivalı zamanı çəkilib. Həsən Məmmədov, ötən il rəhmətə gedən Tarık Akan və mən.

-Sonralar Tarık Akanla münasibətiniz davam edirdimi?


- Yox, sonralar görüşə bilmədik. Daha doğrusu, mən bir-iki dəfə Türkiyəyə gedib onu axtardım. Çox məşğul olduğuna görə görüşə bilmədik. Hər dəfə “Tarık nərdə?” soruşurdum. Deyirdilər, çəkimlərdədir.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Rəhmətlik Fərman Kərimzadədir.”Çaldıran döyüşü”, “Xudafərin körpüsü”nü yazan, “Axırıncı aşırım”ın ssenari müəllifi görkəmli yazıçıdır. Bu şəkli kinostudiyanın girişində - foyedə çəkdirmişik. Onunla həm qonşu, həm də dost idik.
“İsmayılın pulu olanda Abromoviçin bir qəpiyi də yox idi”
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Bu isə 1991-ci ildə Amerikada, Los -Ancelesdə çəkilib. “Disneylend”ə yaxından baxmağa getmişdik. Bizi ora rəhmətlik İsmayıl Tağızadə aparmışdı. O, aktyor Süleyman Tağızadənin oğlu idi. 76 nəfər heyəti Amerikaya apardı, cibimizə 500 dollar qoydu, beşulduzlu oteldə yerləşdirdi.
76 nəfər heyət içərisindən iki nəfər Azərbaycandan idi: mən və “Azərkinovideo”nun sədri Faiq Quliyev. Qalanı isə SSRİ məkanından toplanmışdı. Sonra içi mən qarışıq 700 nəfər heyəti Kann Festivalına apardı. Mən deyərdim ki, SSRİ-də ilk kapitalist o olub. İsmayılın pulu olanda Roman Abromoviçin bir qəpik pulu da yox idi.

“Saçımı qırxıb bığ qoydular, dedilər, Cavid elə sənsən”

"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


-“Cavid” filmindəndir.


- Rasim müəllim, bildiyim qədər “Cavid” roluna sizdən əvvəl Abbas Qəhrəmanovu çəkmişdilər.

- Bəli. Sonra zorla məni gətirdilər. Dedilər, hər şey var, bircə Cavid yoxdur. Dedim, axı mən Cavid deyiləm. Anar, Ramiz Həsənoğlu məcburən saçımı qırxdırdılar, bığ qoydular sonra dedilər, Cavid elə sənsən.

- Kulisarxası söhbətlərdə deyirdilər ki, rejissorlar Rasim Balayevi daha çox gözlərinə görə seçirdilər. Siz bu barədə nə fikirləşirsiniz?

- Kinoda əsas komponentlərdən biri gözdür. Göz də ürəyin aynasıdır. İnsanın düşüncə tərzini, aktyor oyununu əsas gözlə ifadə edirsən.

- Gözü boş olan aktyorlar da var.


- Gözü boş olan aktyor çoxdur. Mən görmüşəm. Sənə baxır, amma səni görmür. Bir var baxmaq, bir də var görmək.

“Həsən Məmmədov bir dəfə zarafat edib”

"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Kamal Abdulla, Murad Yagizarov, rəhmətlik Zəlimxan Yaqub, Həsən Məmmədov. Kino tədbirlərinin birində Bulvarda çəkilib. O vaxt bulvarda həm restoranı, həm də kinoteatrı olan bir məkan var idi.

- Həsən müəllimin yaşlı vaxtlarıdır.


- Həsənin elə cavanlıqdan saçı ağırmışdı. Məndən on yaş böyük idi.

- Deyirlər, Həsən müəllim nadir hallarda zarafat edərmiş.

- O bir dəfə zarafat edib...Onunla bir kursda oxuyanlar danışırdılar ki, Həsən həmişə özünəqapılan adam idi. Günlərin bir günü hamı yığışıb onu məzəmmət edib: ay Həsən, uşaqlara qayna-qarış, de-gül, zarafat elə.

Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva da Həsəngillə oxuyurmuş. Bir gün müəllim girir içəri, uşaqlar ayaqüstə onu salamlayırlar, oturanda Həsən Solmazın stulunu çəkər, o da yıxılar. Özü də hamilə idi. Deyiblər, Həsən sən nə elədin? Cavab verib, demədiniz zarafat elə, elədim də.

“Loretti xanımdan məktub gəlmişdi, baxdım ki, içindəki vizanı götürüblər”
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Bu da Daşkənd festivalında çəkilib. Biri tərcüməçi, o biri amerikalı rejissor Loretti Pauker idi. Loretti xanım “Nəsimi” filminə baxıb, çox bəyənmişdi. Məni Amerikaya dəvət eləyirdi, amma qoymadılar gedəm.
O vaxt kinostudiyanın yanında olurdum. Loretti xanımdan məktub gəlmişdi, baxdım ki, içindəki vizanı götürmüşdülər. Heç məni Amerikaya buraxardılar?

O vaxtlar nəinki Amerikaya, İtaliyaya, Fransaya getməyə də icazə yox idi. Ancaq bir halda gedə bilərdin: raykomun birinci katibi buro çağırırdı, o burodan keçsəydin, sənə yaşıl işıq yanırdı.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


-Bu fotonun qəribə taleyi olub. Moskvada bir nəfər mənə demişdi ki, fotonu Riqada açıqcaların üz qabığı kimi buraxıblar. Heç bilmirəm hansı filmdən götürüblər. Açıqcalar da dükanlarda satılırmış.

- Sonralar o açıqcalar rastınıza çıxdımı?


- Riqaya getmədim, ona görə görmədim. Qəribədir ki, mən heç orda filmə də çəkilməmişəm.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


-“Firəngiz” filmindən bir epizoddur. Əbdül Mahmudovla, Ənvər Əbluc çəkmişdi. Film Moskva televiziyasının sifarişi idi. Firəngizi Vəfa Fətullayeva, mən isə onun ərini oynayırdım. Heyif ki, bir-iki dəfə göstərilib, sonra unuduldu. Demirəm şedevrdir, amma babat film idi.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- Şəfiqə Məmmədova, Rasim Ocaqov və mən. Kinoittifaqda oturmuşuq, onlar söhbət edir, mən də telefonla danışıram.

- Rasim Ocaqovla münasibətləriniz hər zaman yaxşı olub. Amma heç vaxt filmlərində baş rol oynamamısınız. Niyə?

- Onun filmlərinin baş qəhrəmanları Fəxrəddin Manafov idi. İmkan olanda məni dörd filmə: “Qatır Məmməd”də Əziz, “Otel otağı”da Sədiyar, “İstintaq”da Elmar, “Həm ziyarət, həm ticarət”də Davud rollarına çəkdi. Çox real adam idi, deyirdi, təzə ssenari veriblər, sənin üçün bir rol, yaxud da sənin üçün rol yoxdur. Yəni əvvəldən işini bilirdim. Əsl kino işçisi idi.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Şövkət Ələkbərova, qızı, Yaqub Zurufçu, həyat yoldaşı, qızı və mən. O vaxtlar Yaqub Zurufçunun məşhur vaxtları idi. Azərbaycana gəlmişdi, bu şəkil də qonaqlıqda çəkilib.
“Evliliyimizə razı deyildilər”

"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


Həyat yoldaşım Sevil və mən.. “Babək” filminə çəkilmə ərəfəsi idi. Cavan vaxtlarımızdır.
Mən 22 yaşında əmimqızı ilə ailə qurdum. Bir-birimizə hisslərimiz özümüz hiss etmədən yarandı. Ailələr evliliyimizə razı deyildilər, tibbi cəhətdən bunun düzgün olmadığını deyirdilər. Amma maneələri aşıb, evləndik.

“Nəsimi”də çəkiləndə artıq mənim Ülvi, Asim adında iki oğlum var idi. Bakıda kirayədə qalırdıq. Filmə çəkilə-çəkilə mənə kinostudiyanın yanındakı binada qonşulu ev verdilər. Üç otaq mənim, iki otaq buranın mühafizəçisinin idi. Sovetin vaxtında adamlar ev almaq üçün növbəyə dayanırdılar. Heç kim də heç kimdən artıq deyildi. Evi növbən çatanda alırdın. Mən ev növbəsinə dayanmamışdım. Çünki Bakıda qeydiyyatda da deyildim. Ona görə sığınacaq olsun deyə, birtəhər üçotaq verdilər. Yeddi il orda zülm çəkdik. Sonra Heydər Əliyevin tapşırığı ilə Gənclər Dostluğu küçəsində mənə ev verildi. Eşitmişdi ki, evim yoxdur.

Ailəmdən razıyam. Görün neçə illərdir...Mən bütün günü işdə -gücdə olmuşam. Uşaqlarla yoldaşım məşğul olub. İndi işləyirlər, başlarını saxlayırlar. Hərəsinin bir qızı var. Balacası birinci sinifə gedir, o biri nəvəm bu il instituta qəbul oldu. 560 bal toplayıb.
"Loretti mənə viza göndərmişdi, vizanı götürdülər, məni Amerikaya getməyə qoymadılar" -


- 1987-ci ildə Şuşada İsa bulağında çəkilib.

- Ailənizdən, qohumlarızdan sizin sənətinizi davam etdirən olmadı?


- Çoxuna mən məsləhət görmədim. Onlar mənim günümü görürdülər. Bu sənətin çox yaxşı cəhətləri də var, çox dəhşətli tərəfləri də. Həmişə uğur gətirmir, buna da dözmək lazımdır. Heç şöhrəti də hər adam doğru-düzgün qiymətləndirə bilmir. Mən çox sevinirəm ki, şöhrətin dalğasına düşüb səhvlər etmədim.|Teleqraf.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26