Interposta.Info

Elton Məmmədovun 80 milyon dollarlıq mülkünün yeni sahibi açıqlandı

Paradoks
 20-06-2017, 15:55     724

Bundan əvvəl keçmiş nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin yeni mülkiyyətçisinin adı açıqlanıb. Virtualaz.org xəbər verir ki, avtovağzal kompleksinin fəaliyyətini kurasiya edən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin “Azadlıq” radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi “Azerbaijan Graund Services” MMC şirkətidir. Başqa sözlə, avtovağzal kompleksi özəl mülkiyyətdir və həmin MMC-yə məxsusdur.

Nazirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır. “Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda belə yazılıb.

Avtovağzal kompleksinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilməsi haqda virtualaz.org bundan əvvəl məlumat yaymışdı. Daha əvvəl isə obyekt Prezidentin İşlər İdarəsinin müvəqqəti nəzarətinə verilmişdi. Lakin kompleksin yeni mülkiyyətçisi açıqlanmamışdı.

Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən “Baku XXI Centry” LLC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı. Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.

Lakin məmmədovlar klanının vurulmasından sonra onlara məxsus digər biznes aktivləri kimi avtovağzalın da mülkiyyətçisinin dəyişdiyi haqda xəbərlər dolaşmağa başladı. Bəs yeni mülkiyyətçi kim idi?

İndi avtovağzalı kurasiya edən nazirlik bu mülkiyyətçinin adını açıqlayır. Lakin “Azerbaijan Graund Services” şirkətinin özünün mülkiyyətçisi kimdir, bu məlum deyil.

Bu şirkətin internet saytında göstərilir ki, “Azerbajan Graund Services” 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: “Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

“Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa “Azerbaijan Ground Services” MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq “Bakı-Batumi” reysini həyata keçirməyə başlayıb”.

Şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub. İndi isə belə görünür ki, Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı həmin avtovağzallar da məmmədovlardan alınıb, yeni mülkiyyətçiyə keçib.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26