Interposta.Info

Yas çadırına çəkilən, yoxsa həqiqətə aparan yol -

Paradoks
 28-04-2017, 14:08     1 223

Tariyel Pənahov özünə və qonaqlarına qoyduğu hörmətin cüzi bir hissəsini niyə ölkə qanunlarına və vətəndaşlarına qoymur ?

"Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Bu sözlər Azərbaycan dövlətinə rəhbərlik edən, dünyada baş verən siyasi təlatümlərə rəğmən ölkəmizdə siyasi-iqtisadi sabitliyi təmin edən, davamlı inkişafı qoruyub saxlayan cənab prezidentə aiddir. Hər bir məmur üçün fəaliyyət prinsipi, həyat kredosu hesab olunacaq bu sözlər ömrünü xalqına, dövlətinə həsr edən bir şəxsiyyətin tələbi, çağırışıdır. Lakin, təəssüflər olsun ki, Azərbaycan reallığında məmur olmaq böyük əksəriyyət üçün əlavə status, bir növ “fərqlənmə nişanı” hesab olunur. Çoxları üçün Azərbaycanda məmur olmaq həm də var-dövlət sahibi olmaq deməkdir, hörmətdir, şan-şöhrətdir. Əksər hallarda bütün bu “statuslar” sonda özünəvurğunluğa və öz şəxsiyyətinə pərəstişə gətirib çıxardır.

Bir neçə məmurun və ailə üzvünün harın həyat tərzinin ölkə çapında geniş rezonans doğurduğunu, onların vəzifədən alındığını, hətta bir neçə halda həbs edildiyini çoxları xatırlayır. Hər dəfə dövlət başçısı bu hallarda dərhal sərt reaksiya verərək heç bir güzəşt etməmişdi. Düşünmək olardı ki, belə halları görən məmurlar özlərinə çəki-düzən verər, bir daha belə hərəkətlərə yol verməzlər. Amma, bu ayın ortalarında baş verən bir hadisə həm sosial şəbəkələrdə, həm də media orqanlarında geniş müzakirələrə səbəb oldu.

Yəqin ki, diqqətli oxucular Bakıda çəkilərək sosial şəbəkələrdə yayılan yas çadırının fotoşəklini xatırlayırlar. Uzunluğu 50 metrdən çox olan çadırın sıradan bir vətəndaş tərəfindən qurulmadığı aydın idi. Çünki belə mərasimlər adətən tanınmış, imkanlı şəxslər tərəfindən təşkil edilir. Biz heç də yas çadırının böyüklüyünü müzakirə obyektinə çevirmək niyyətində deyilik. Öz rəhmətə gedən doğmasına istədiyi kimi yas mərasimi təşkil etmək hər kəsin haqqıdır və bizlərə də mərhuma rəhmət oxumaq düşər. Fotoşəkildə diqqət çəkən və müzakirələrə səbəb olan isə yas çadırına çəkilən asfalt yol idi.

Bir anlıq düşünürsən ki, yəqin ölkədə bütün yollar tam yenidən qurulub, asfaltlaşdırılıb, indi də əlaqədar təşkilatlar yas çadırlarına asfalt yol çəkməklə məşğuldurlar. Amma, paytaxtın, əyalətlərin asfalt üzünə həsrət qalan yolları, küçələri adamın yadına düşür bu məqamda. Yağışda, qarda cəngəlliyə dönən küçələrimiz, bu yollarda əzab çəkən sadə insanlarımız göz önünə gəlir.

Bizdə əvvəl küçəni asfaltlayıb bir həftədən sonra yenidən qazaraq kommunikasiya xəttləri çəkmək artıq adət halını alıb. Amma bu bir ilk idi. Belə bir addımı atmaq həm böyük imkandan, həm də səlahiyyətdən xəbər verirdi. Odur ki, bəhs etdiyimiz hadisə cəmiyyətdə geniş əks-səda doğurdu.

Rubrika.az saytına müraciət edən çoxsaylı oxucularımız bu addımı atan səalhiyyət sahibinin kimliyi ilə maraqlanırdı. Çünki, medyada fotoşəkillər yayılsa da sonradan xəbər bir növ “unutduruldu”. Oxucu marağını nəzərə alaraq jurnalist araşdırması apardıq və üzə çıxardığımız faktlar bizi heç də şaşırtmadı...

Məlum oldu ki, qonaqlarının ayaqları altına təptəzə asfalt yol çəkən şəxs “Azəravtoyol” ASC-nin aparat rəhbəri Tariyel Pənahovdur. Görünür bu yolu çəkməklə cənab Tariyel Pənahov həm də öz sosial statusunu göstərmək istəyib.

Bu yol həm də mərasimə gələnlərə göstərilən hörmətin təzahürüdür. Amma, yuxarıda da qeyd elədik ki, ölkəmizin böyük hissəsində yollar problemli vəziyyətdədir. Bir çox yerlərdə isə yolları gedəndə həm də bir neçə dəfə o dünyaya gedib gəlirsən. Görəsən Tariyel Pənahov özünə və qonaqlarına qoyduğu hörmətin cüzi bir hissəsini niyə ölkə qanunlarına və vətəndaşlarına qoymur, ? Məgər vəzifə səalhiyyətləri kiməsə öz üstünlüyünü göstərmək üçünmü verilir ?

Hər halda belə hərəkətlər heç də cənab prezidentin tələb etdiyi təvazökarlıqdan, sadəlikdən xəbər vermir. Bu heç halal maaşla çəkilən yol da deyil. Çünki dünyanın heç yerində quru maaşla mərasim çadırına asfalt yol çəkdirmək mümkün deyil. Bu artıq vəzifə səalihiyyətlərini aşmaq, dövlət malını özününküləşdirmək deməkdir.

Bu yolda uçub dağılan neçə-neçə küçələrimizin, yollarımızın asfalt payı var. Yetər ki, əlaqədar təşkilatlar belə faktlara göz yummasınlar. Belə asfalt yollar həm də həqiqətə, aparan hamar yollardır. Sadəcə bu yolu getmək lazımdır, o zaman çox qaranlıq mətləblər üzə çıxacaqdır.

interposta.info
Yas çadırına çəkilən, yoxsa həqiqətə aparan yol -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26