Interposta.Info

Mirdaməd Sadıqov

Paradoks
 2-02-2017, 21:02     1 420

Mirdaməd Sadıqov

2013-cü ilin ilk ayında İsmayıllı rayonunda baş verən məlum olaydan sonra Mirdaməd Sadıqovun bu rayona başçı təyin edilməsi ictimaiyyət tərəfindən razılıqla qarşılandı

Kifayət qədər həyat və iş təcrübəsi olan, uzun illərdən bəri elm sahəsində çalışan Mirdaməd Sadıqova böyük ümidlər bəslənirdi. Obyektivlik naminə qeyd edək ki, Mirdaməd Sadıqov rayona rəhbərliyə başladığı ilk vaxtlarda nəzərəçarpacaq işlərə başladı. Belə ki, rayon əhalisinin maddi rifah halının yüksəldilməsi istiqamətində yeni iş yerlərinin açılması və eləcə də şəhərin abadlaşdırılması istiqamətində müəyyən işlər həyata keçirildi.

Ancaq Mirdaməd Sadıqovun İsmayıllı rayonuna rəhbərliyə başladığı dövrdən bir müddət sonra ölkənin bəzi mətbuat orqanlarında İsmayıllı rayonu, xüsusən də başçının əməlləri barədə neqativ informasiyalar tirajlanmağa başladı. Artıq rayonda başçıdan narazı olan yeni şəxslər meydana çıxdı. Düzdür, bu şəxslər əvvəlki başçının dövründə olduğu kimi mütəşəkkilik təşkil etmirlər, amma bununla belə, yenə də az sayda deyillər.

Əlbəttə ki, nə ölkəmizdə, nə də onun hüdudlarından kənarda narazılıqların, çatışmamazlıqların olmadığı məkan yoxdur. Hansısa əsaslı işlər, dəyişikliklər həyata keçirilərkən müəyyən şəxslərin maraqlarına toxunula bilər. Düşünək ki, indiyədək hörmətli Mirdamət Sadıqov barəsində mətbuatda yazılanların böyük əksəriyyəti heç də doğru olmayıb. Heç bizim onun haqqında yazılan doğru ittihamlarla da işimiz yox. Bu yazımızda sadəcə hörmətli Mirdaməd Sadıqovun son zamanlar bəzi media orqanında özünü təriflətməsindən bəhs edəcəyik.

Yuxarıda da qeyd etdiyimiz kimi, Mirdaməd Sadıqovun İsmayıllı rayonunda rəhbərliyə başladığı dövrdən artıq 3 il keçir. Bu müddətdə rayonda doğrudan da xeyli işlər görülüb və bunların mediada işıqlandırılmağı normaldır. Ancaq icra başçısının mediada özünü təriflətməsi və özünü digər icra başçıları ilə müqayisə etdirməsi hər halda cəmiyyət tərəfindən xoş qarşılanmır. Güman edirik ki, bunu hörmətli Mirdaməd Sadıqov da bilməmiş deyil.

Qeyd edək ki, bir neçə gün öncə bəzi saytlarda "Yeganə icra başçısıdır ki...” başlığı ilə (Aztoday.az saytında) yayımlanan yazıda İsmayıllı rayonunun icra başçısı hörmətli Mirdaməd Sadıqov duyğulu notlarla xeyli təriflənəndən sonra müqayisəli formada qısa xarakterizə olunurdu. Adıçəkilən yazıda "… Yeganə icra başçısıdır ki, bu interposta.info biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil elmdən gəlib. Bəlkə də yanılırıq, amma o bizim bildiyimiz yeganə alim icra başçısıdır…” yazılır.

Təsəvvür edirsinizmi? İki cümlənin birində uğursuz müqayisə, digərində isə ciddi yanılma var. Hətta, deyəsən, özləri də yanıldıqlarının fərqindədirlər. Əlbəttə ki, indiyədək Azərbaycanda xeyli elm adamı olan icra başçıları olub. Elə indinin özündə də bu cür icra başçıları var. Xüsusi marağında olmadığımız üçün icra başçılarımızın bioqrafiyasını tək-tək araşdırmayacağıq. Ancaq bununla belə, nümunə üçün qeyd edək ki, Beyləqan RİH-nin başçısı Vaqif Abdullayev də elm adamıdır. Siyasi elmlər doktoru olan professor Vaqif Abdullayev həm də Ulu Öndərimiz Heydər Əliyev haqqında bir neçə kitabın müəllifidir. "Yeganə icra başçısıdır ki, bu interposta.info biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil elmdən gəlib” - cümləsinə gəldikdə isə qeyd edək ki, doğrudan da bu cümlədə öyünüləsi ciddi faktor yoxdur. Bildiyimiz kimi, icra başçısı vəzifəsi siyasi vəzifədir, dövlət başçısı kimi istəsə onu da bu vəzifəyə təyin edə bilər. Bu keçmiş polis də ola bilər, ədliyyəçi də, biznesmen də. Mövcud bazar iqtisadiyyatı dövründə bizneslə məşğul olan insanların dövlət vəzifələrinə təyin olunmaqları əksinə daha məqsədəuyğundur. Dünya praktikasında da kifayət qədər bu kimi hallara rast gəlmək mümkündür. Tarixin tozlu arxivlərində zaman itirməmək üçün 10 gün bundan öncə ABŞ-ın yeni prezidenti D. Trampın vəzifəyə təyin etdiyi şəxslərin siyahısına baxmaq yetərlidir. İkincisi, Azərbaycanda məmur nomenklaturasından (məqalədə deyildiyi kimi) və biznesdən gəlmiş xeyli icra başçıları var ki, səmərəli fəaliyyət göstərirlər və onlar bu fəaliyyətlərinə görə, zaman – zaman dövlət başçısı tərəfindən təltif edilirlər. Üçüncüsü isə Azərbaycanda təəssüflər olsun ki, təhsilin özü də biznesə çevrilib. Bu sahənin özündə də kifayət qədər korrupsiya halları mövcuddur. Hər halda indiyədək mətbuatda bu haqda faktlarla zəngin kifayət qədər yazılar yazılıb.

Onu da nəzərdən qaçırmayaq ki, çox hörmətli alimimiz Mirdaməd Sadıqov da uzun illərdən bəri xaricdə deyil, məhz ölkəmizdə elm-təhsil sahəsində çalışıb.

Daha sonra məqalədə qeyd olunur: "… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona "başçı” yox daha üstün sayğı ilə "Ağa”, "Müəllim” deməsi də burdan qaynaqlanır”.

Fikir verin, "ağa” sözü dövlətin konstitutsiyası ilə müəyyənləşdirilmiş "başçı” vəzifəsindən daha sayğılı (!!!) və üstün (!!!) sayılır. Doğrudanmı bu yazılanların fərqində deyil cənab başçı? Axı Azərbaycanın dünyəvilik prinsipi, dəyişməz unitar quruluşu dövlət konsttitutsiyasında təsbit olunub. Ulu Öndər Heydər Əliyev də müstəqil ölkəmizə rəhbərlik etdiyi illərdə dəfələrlə Azərbaycanın dünyəvi dövlət olduğunu səsləndirib. Özü də bir çox hallarda məhz "ağa” sözünün "üstün sayğı” sayıldığı tarixi torpaqlarımızda yaranan dövlətin rəsmi nümayəndələri ilə görüşlərdə... Və Ulu Öndərin o kəlamı bu gün ən məşhur şüarlardan birinə çevrilərək dərsliklərimizdə tirajlanır. Güman ki, hörmətli alimimiz Mirdaməd müəllim də bu kəlamla nə zamansa kitab səhifələrində qarşılaşıb.

Nəhayət, məqalənin son cümləsi: "… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…”. Bu artıq sözün bitdiyi yerdir. Doğrudan da maraqlıdır- bu centlemen sayağı cümlə hansı məntiqlə izah edilə bilər?

Necə yəni, "ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də”?

Cənab başçı milyonluq villaları, yüzminlik avtomobilləri mediada tirajlanan digər başçılardan, deputatlardan, nazirlərdən bu qədərmi qüdrətlidir? Əlbəttə ki, xeyr! Bəlkə hörmətli Mirdaməd müəllimin bahalı villaları, avtomobilləri yoxdur? Əlbəttə ki, var! Çünki məqalə müəllifi "Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də” yazır...

O zaman, görünür, hörmətli Mirdaməd Sadıqov ya haqqındakı təriflərdən xəbərsizdir, ya da əksinə, gücünü nümayiş etdirir.


Ancaq biz indiki məqamda birinci fikrin daha "ağlabatan” olduğu qənaətindəyik!
Mənbə: qlobal.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26