Yeni qanun necə tətbiq olunacaq? - İKT eksperti yaş yoxlanılması mexanizmini izah edir
Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq uşaqların sosial şəbəkədən istifadəsi ilə bağlı qanun layihəsi qəbul etdi. Qanuna əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcəklər. 16-18 yaş arasında olan yeniyetmələrin isə platformalarda qeydiyyatı valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq. Qanun layihəsi ictimai mühitdə geniş müzakirələrə səbəb olub.
Nəzərə alsaq ki, sosial şəbəkələrdən istifadə həm də sadə İKT bilikləri tələb edir, bu qadağanın yaradacağı texniki problemlər də maraq doğuran məsələlər arasındadır. Xüsusi ilə uşaqların İKT-yə marağı onların bu qadağaları aşa biləcəkləri ilə bağlı sualları da ortaya çıxarır.
Qaynarinfo bu və digər sualları İKT üzrə ekspert Elvin Abbasovla müzakirə edib.
Sosial şəbəkələrdən istifadə etmək göründüyü qədər sadə məsələ deyil. Bu sistemin arxasında böyük texniki göstəricilər, data, idarəetmə dayanır. Belə olan halda 16 yaş məhdudiyyətinin tətbiqinin texniki baxımdan nə dərəcədə mümkünlüyü də maraqlı məsələlərdən biri olur. Məsələn, sual yaranır ki, sosial şəbəkələrdə insanın yaşı necə müəyyən edilir?
İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, sosial şəbəkələrdə 16 yaş məhdudiyyətinin tətbiqi həm qlobal texnologiya nəhəngləri, həm də milli tənzimləyici qurumlar üçün mürəkkəb hüquqi və texniki məsələdir.
Onun sözlərinə görə, bu prosesin texniki tərəfləri, qlobal təcrübədəki tətbiq modelləri, şəxsi məlumatların təhlükəsizliyi riskləri və sistemin praktiki effektivliyi aşağıdakı əsas amillərlə xarakterizə olunur:
"Sosial şəbəkələrdə istifadəçinin real yaşının müəyyən edilməsi və 16 yaş limitinin tətbiqi texniki baxımdan tamamilə mümkündür, lakin bu, platformalardan sadə "doğum tarixi sorğulama" pəncərəsindən daha qabaqcıl metodlara keçidi tələb edir. Hazırda qlobal platformalar istifadəçinin yaşını təyin etmək üçün süni intellekt əsaslı davranış analizlərindən (şəxsin bəyəndiyi səhifələr, yazışma dili, video izləmə vərdişləri) aktiv istifadə edirlər. Əgər istifadəçi qeydiyyatdan keçərkən yaşını 25 göstəribsə, lakin onun platformadakı fəaliyyəti yetkinlik yaşına çatmayan bir uşağın maraq dairəsi və davranış modeli ilə üst-üstə düşürsə, alqoritmlər bu ziddiyyəti qeydə alır və hesabı dərhal əlavə yaş təsdiqi mərhələsinə yönləndirir”.
Bir çox dövlət Avstraliya təcrübəsindən istifadə edərək, sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyəti qoysa da, yaşın yoxlanılması üçün hansı texnologiyalardan istifadə olunması da maraqlı məsələlərdən biridir. Bizim üçün isə maraqlı olan bu modellərdən hansının Azərbaycanda tətbiq olunmasıdır.
Elvin Abbasov deyir ki, dünyada yaşın rəsmi və dəqiq yoxlanılması üçün əsasən üç böyük texnoloji modeldən istifadə edilir:
"Bunlara dövlət tərəfindən verilmiş rəsmi şəxsiyyət vəsiqəsinin/pasportun skan edilərək yüklənməsi, biometrik sifət analizi (istifadəçinin kameraya baxaraq süni intellekt tərəfindən üz cizgilərinə görə yaşının təyin edilməsi) və kredit kartı vasitəsilə yetkinlik təsdiqini aid etmək olar. Azərbaycan ekosistemində isə bu modellərdən ən rasyonal və effektiv tətbiq oluna biləni rəsmi şəxsiyyət vəsiqəsi ilə inteqrasiyadır. Ölkədə rəqəmsallaşma sürətləndiyi və mərkəzləşdirilmiş Milli Məlumat Hövzəsi formalaşdığı üçün sosial şəbəkələrə giriş zamanı yerli e-hökumət infrastrukturuna (məsələn, "Asan İmza" və ya SİMA rəqəmsal imza platformalarına) birdəfəlik sorğu göndərməklə şəxsin fərdi məlumatlarını platformaya ötürmədən, sadəcə "16 yaşdan böyükdür: Bəli/Xeyr" şəklində təsdiq alan təhlükəsiz inteqrasiya modeli qurula bilər. Çünki Azərbaycanın hər hansı bir sosial şəbəkəyə API verməsi həm real deyil, həm də doğru yanaşma deyil”.
Tez-tez müxtəlif sosial şəbəkələrdən istifadə edənlərin hesablarının ələ keçirilməsi hallarına rast gəlinir. Belə olan halda isə sosial şəbəkəyə daxil olan insanların şəxsi məlumatlarının təhlükəsizliyinin, məxfiliyinin nə qədər qorunması da narahatlıq doğurur. "Yaşın yoxlanılması sistemi istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi və məxfiliyi baxımından hansı riskləri yarada bilərmi” sualı meydana çıxır.

Elvin Abbasov isə suala cavab olaraq bildirib ki, bu çox ciddi kibertəhlükəsizlik riskləri yaradır:
"Milyonlarla insanın rəsmi sənədlərinin və ya biometrik üz verilənlərinin sosial şəbəkələrin verilənlər bazasında toplanması, potensial kiberhücumlar və məlumat sızmaları zamanı fərdi məlumatların kütləvi şəkildə ələ keçirilməsinə zəmin hazırlayır. Bu riskləri minimuma endirməyin yeganə yolu "sıfır bilik sübutu" (Zero-Knowledge Proof) texnologiyasından istifadə etməkdir; yəni platforma istifadəçinin sənədini öz serverində saxlamır, sadəcə xarici müstəqil operator və ya dövlət sistemi vasitəsilə şəxsin yaş həddini təsdiqləyir və sənədin skan formatını dərhal sistemdən tamamilə silir”.
Bu cür yaş məhdudiyyətinin praktikada həqiqətən işləyib-işləməyəcəyi də sual doğurur. Müasir uşaqların daha çox bilgili olduğunu nəzərə alsaq, onlar bu məhdudiyyətləri aşa bilmələri də maraqlı məsələdir.
Ekspert isə deyir ki, praktiki nöqteyi-nəzərdən yanaşdıqda, bu cür yaş məhdudiyyətləri yüz faiz keçilməz deyil və uşaqlar VPN xidmətləri, valideynlərinin adından açılmış saxta profillər və ya yaş filtri tətbiq olunmayan alternativ regional tətbiqlər vasitəsilə sistemi dolanmağa çalışacaqlar:
"Lakin texniki sədlərin qurulması kütləvi istifadənin qarşısını əhəmiyyətli dərəcədə alır və uşaqların böyük bir qisminin zərərli onlayn mühitə daxil olmasını çətinləşdirir. Bu səbəbdən, qanuni və texniki yaş məhdudiyyətlərinin uğur qazanması təkbaşına filtrlərdən deyil, ailələrdə uşaqların kiber-gigiyena tərbiyəsinin gücləndirilməsindən və cəmiyyətdə rəqəmsal savadlılıq standartlarının yüksəldilməsindən birbaşa asılıdır”.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



