Interposta.Info

Sümbülə Əliyeva məhkəmədə müdirin müəmmalı ölümündən xəbərsiz olduğunu dedi

Ölkə
 10-06-2024, 15:57     158 107

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyərək mənimsəməkdə ittiham olunur.

Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur. Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva çıxış edib. Özünü ittiham üzrə təqsirli bilməyən müttəhim bildirib ki, işi saxtalaşdırılıb.

Sümbülə Əliyevanın sözlərinə görə, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov və intizam komissiyasının üzvləri büroya gəliblər, Sərdar Qasımovun büroya müdir təyin edilməsini təklif ediblər: "Mən etiraz etdim və dedim ki, qanunvericiliyə uyğun olaraq müdir büro üzvlərindən seçilə bilər. Amma Sərdar Qasımov müdir təyin olundu. Sonradan Anar Bağırov soruşdu ki, sənədləri Sərdar müəllimə verməyibsən? Cavabında dedim ki, təhvil-təslim etmək lazımdır. Mənə bildirdilər ki, təhvil-təslimə ehtiyac yoxdur. Mən də özümə yeni ofis tapdım ki, fərdi qaydada vəkil kimi fəaliyyət göstərim. Sonradan sənədləri Sərdar müəllimə təhvil verdim".

Sümbülə Əliyeva deyib ki, istər istintaq, istərsə də məhkəmə dövründə özünü təqsirli bilməyib. Özündən sonra 1 saylı Hüquq məsləhətxanasına müdir təyin olunmuş Sərdar Qasımovun Korrupsiya Qarşı Mübarizə İdarəsinin qəbul şöbəsində ölüm səbəbini də bilmədiyini açıqlayıb.

Sümbülə Əliyeva deyib ki, iş üzrə Nadir İbişovun özünün heç bir müqaviləsi olmayıb, bütün işlərə təyinatla çıxıb: "Təyinatla da çıxışın saatı 6 manatdır. Guya ona 15 min 468 manat yazılıb və bu mənim tərəfimdən mənimsəmə kimi qeyd edilib".

Sümbülə Əliyevanın sözlərinə görə maliyyə sənədlərində onun imzası olmayıb. Əmək haqlarının yazılması ilə heç bir əlaqəsi yoxdur, bu işlərlə mühasibatlıq məşğul olub.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Proses iyunun 13-də davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26