Interposta.Info

Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Akif Qurbanov və digərlərinə baş çəkib

Ölkə
 19-03-2024, 17:31     86 623

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Ombudsman Aparatından "İnterPosta"-ya verilən xəbərə görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş növbəti başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.

MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, İlkin Əmrahov və Müşfiq Cabbarovla konfidensial qaydada görüş keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.

Qəbul edilən şəxslərin bəziləri MPQ-nin ixtisasca həkim üzvünün iştirakı ilə Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində tibbi müayinələrdən keçirilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılıb, saxlanma şəraitinin milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26