Interposta.Info

Qobuda küçə itləri uşağa hücum edib: "Vəziyyəti ağırdır" (VİDEO/YENİLƏNİB)

Ölkə
 4-03-2024, 14:36     22 192

Ötən gün "Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə "İnterPosta"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"03.03.2024-cü il tarixində saat 17:37 radələrində "Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev da açıqlamasında faktı təsdiqləyib:

"Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz it 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək".

10.58

Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İddia olunur ki, küçə itləri azyaşlı uşağa xəsarətlər yetirib. Görüntülərdə sakinlərin kimisə xalçanın arasında təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.

Hətta videonu çəkən qadın itlərin hücumuna məruz qalan uşağın öldüyünü də iddia edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26