Interposta.Info

Arvadının xeyrinə sənəd saxtalaşdırmaqda ittiham edilən şəxs bəraət aldı
 

Ölkə
 5-02-2024, 16:54     21 989

Şəki Apellyasiya Məhkəməsində rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən İlqar Mustafayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Ələddin Məcidovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib.

Belə ki, İ.Mustafayevin irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.
Qeyd edək ki, ittihama görə, o, rəsmi sənəd hesab edilən ərizəyə arvadının imzasını özü əlyazma ilə çəkməklə həmin ərizəni saxtalaşdırıb. Bundan başqa, o, saxta olduğunu bilə-bilə həmin sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə mənzilə arvadının adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alıb.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə İ.Mustafayev Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib. Lakin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin olunmayıb.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26