Interposta.Info

İcma: “Kanada XİN başçısının azərbaycanlılara qarşı ayrı-seçkiliyi onun səlibçi mentalitetindən qaynaqlanır”
 

Ölkə
 26-10-2023, 17:24     35 610

“Kanadanın xarici işlər naziri Melani Jolinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməsi onun səlibçi mentalitetindən qaynaqlanır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Kanadanın xarici işlər naziri Melani Jolinin son vaxtlar Azərbaycanı hədəf alan məsuliyyətsiz və cəfəng fikirləri artıq ənənə halını alıb. Son olaraq, kanadalı nazir Ermənistanda Azərbaycanı ittiham edən açıqlamalar verib.

“Azərbaycanı Qarabağdan olan ermənilərin qayıtmasına imkan verməyə çağıran kanadalı nazirin eyni müraciəti azərbaycanlılara münasibətdə Ermənistan hökumətinə ünvanlamaması, 30 il ərzində bir dəfə belə olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan bir ölkənin indi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə səsləməsi M.Jolinin açıq-aşkar səlibçi mentalitetindən qaynaqlanır.
Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır və həm M.Jolinin diletantlığını, həm də Azərbaycana qarşı qərəzini göstərir. Okeanın o biri tərəfində yerləşən Kanadanın nümayəndəsinin sərhəddə döyüş mövqeyinə baş çəkməsi, binoklla Azərbaycanı müşahidə etməsi tamamilə qəbuledilməzdir. Bu, faktiki olaraq Kanadanın Azərbaycanı düşmən kimi görməsinə dəlalət edir.

Kanadalı nazirin Azərbaycanı sanksiya ilə hədələməsi isə istehza və ikrah doğurur. Kanada yerini bilməli, əsassız və isterik açıqlamalarla özünü gülüş obyektinə çevirməməlidir. M.Joli, deyəsən, özünü vaxtilə Azərbaycanla əmr formasında danışmağa çalışan Yuri Kimə oxşatmaq istəyir.

Tarixi yerli xalqlara qarşı utancverici səhifələrlə dolu olan, polisinin, təhlükəsizlik və sərhəd xidmətinin fərdlər üzərində etnik və dini əsasda nəzarət mexanizmi qurduğu (“racial profiling” təcrübəsi) bir ölkənin, riyakarların, “yeni səlib yürüşü”nə çıxanların Azərbaycana “mühazirə” oxumasını qətiyyətlə rədd edirik”, - deyə bəyanatda qeyd olunur.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26