Interposta.Info

Qarabağda antiterror tədbirləri: Separatçıların arzuları darmadağın oldu - TƏHLİL
 

Ölkə
 20-09-2023, 14:37     144

Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində separatizmə qarşı antiterror tədbirləri uğurla yekunlaşıb.

Birgünlük hərbi tədbirlər nəticəsində Azərbaycan:

- 90-dan çox döyüş mövqeyi və strateji əhəmiyyətli mövqeləri nəzarətə götürüb;

- Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin xeyli sayda texnikası, canlı qüvvəsi məhv edilib;

- Yeddi nəqliyyat, dörd minaatan, bir tank, iki piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib.

Bununla da Qarabağda Azərbaycanın suverenlik hüququnun və ərazi bütövlüyünün əleyhinə status tələb etmək çağırışları boğuldu. Yəni “Dağlıq Qarabağ” mifinə olan inam bitdi, dağıldı, yerlə bir edildi.

Qarabağdakı separatçı rejimin nəyə arxalanıb hərəkət etdiyini akademik dairələr belə, müəyyən edə bilməz, axı, doğrudan da, onların güvən yeri nə idi? Beynəlxalq hərbi dəstək?

Gəlin adi bir üsulla izah edək. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaradıb, oradan yalnız qanunla müəyyən edilmiş rejimdə keçid mümkündür. Yəni silah daşınmasından söhbət gedə bilməz.

Hava məkanı? Məgər Ermənistan və onun Qarabağdakı qalıq proksisi düşünürdü ki, Azərbaycanın hava məkanını kimsə pozaraq hava nəqliyyatı ilə silah daşıyacaq? Axı bilmirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin hava məkanını pozan təyyarə, helikopteri məhv etmək səlahiyyəti var və bunu icra etmək Bakı üçün çətin deyil?

Görünür ki, xülyalar, mifik təfəkkür təcrübəsi, saxta idealların əsirinə çevrilmək nə Ermənistanı, nə də separatçıları ağıllı düşünməyə vadar edib.

Bunun artıq əhəmiyyəti yoxdur, antiterror tədbirlərinin hədəfləri məhv edilib, separatçılar isə ağ bayraq qaldırıb təslim olduqlarını bəyan ediblər.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti Azərbaycan tərəfindən nəzərə alınıb.

Beləliklə, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Qısası, 10 Noyabr Bəyanatının 4-cü maddəsinin icrası başlanır, özü də manipulyasiyalara yer qalmadan.

Bəli, Azərbaycanın şərtlərini təhrif etmək üçün barmaq yeri qalmır, artıq separatçılar və mülki erməni əhali Azərbaycanın suveren şərtlərini qəbul etməlidirlər.

Başqa yol yoxdur, yox, olduğunu düşünürlərsə, Azərbaycanın antiterror tədbirlərinin davamı gələcək. Yəni elə xəyala qərq olmasınlar ki, Yevlaxdakı görüş vaxt qazanmaq üçün platformadır, əksinə, Yevlax separatçılar üzərindəki son aktın icrasıdır. Bundan sonra Azərbaycan dövləti hara çağırsa, oraya getməlidirlər, özü də qaça-qaça.

İstəməyən Azərbaycan ərazisini tərk etsin, qalmaq istəyən isə zəhmət çəkib dövlətin Konstitusiya quruluşuna boyun əysin, cinayətkarlara gəlincə, onların da taleyi barədə qərarlar veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26