Qızların təhsili cəmiyyətin yüksəlişidir! - Qan Turalı yazır
Qızların təhsilə cəlb edilməsi bir cəmiyyətin inkişafının göstəricisidir. Cəmiyyətlərin, dövlətlərin iqtisadi inkişaf sahəsində yeri ilə onların qadınların təhsilinə münasibətinə düz mütənasibdir. Məsələnin bir çox cəhətləri ilə təhlil edilməsi vacibdir.
*
Biz tarixə damğa vuran böyük şəxsiyyətlərdən danışanda onların arasında nadir hallarda qadınlara rast gəlirik. Şekspir, Servantes, Hüqo, Nizami, Höte... Bu siyahıda qadınların olmamağının isə sadə bir səbəbi var. XIX əsrin supergücü Böyük Britaniya idi. Və bu əsrin sonlarında doğulan görkəmli ingilis yazıçısı Virginiya Vulf universitetə gedə bilməmişdi, çünki Viktoriya dövrünün hökm sürdüyü ölkədə qadınların ali təhsil almağı qadağan idi. Əsrlərdir təhsildən məhrum qalan qadınlar necə Şekspirlər yetişdirə bilərdi ki? Bu mənada tarixin görkəmli şəxsiyyətləri arasında qadınların azlığı birbaşa təhsillə bağlıdır.
*
Qadınların təhsil prosesinə cəlb edilməsi modern dövrlərin məhsuludur. O zamana qədər isə qadınların nəsibi ev işləri görmək, uşağa baxmaq, mətbəx idi. Sabirin dediyi kimi...
Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın;
Bitləyərdim nənəmin baş, yaxasın,
Yamayardım babamın çul-çuxasın,
Ətraflı
Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;
Neyləyirdim bəzəyi уа düzəyi?
Dama, divara yapardım təzəyi.
Bu dövrlərdə qadınlar tamamilə hüquqsuz idi. Heç bir halda iqtisadi prosesə qoşula bilmirdilər. Ancaq kapitalizmin inkişafı ilə qadınlar da yavaş-yavaş iqtisadi həyata uyğunlaşmağl bacardılar. Sözsüz ki, bu prosesin dinamikası ölkədən-ölkəyə dəyişirdi.
Bununla belə, qadınların azadlığı, hüquqlar əldə etməsi birbaşa təhsil prosesi ilə və əlbəttə ki, zamanın özü ilə, həyatın özü ilə sıx bağlı idi. Təhsil sayəsində qadınlar əsrlərdir üzərlərində olan köləlik buxovlarını atdılar və tam hüquqlu vətəndaşlara çevrildilər. Təsəvvür edin ki, XX əsrin əvvəllərində az qala dünyanın heç bir yerində qadınların səsvermə hüququ yox idi. Onların hüquqları heyvanların hüquqlarından çox az fərqlənirdi. Bununla belə, tərəqqipərvər bəşəriyyət, bəşəriyyətin işıqlı dühaları qadın azadlığı uğrunda böyük mübarizə aparır və yorulmadan çalışırdılar. Çünki onlar xoşbəxt gələcəyin ancaq və ancaq qadınların bərabərhüquqlu bir vətəndaş kimi qəbul edilməsindən keçəcəyini bilirdilər...
*
Elm və texnikanın görkəmli inkişafından sonra yeni-yeni peşələr yaranmağa başlandı. Artıq əmək prosesi fiziki əməklə yekunlaşmırdı. Buxar maşınlarının kəşfi ilə start götürən Sənaye İnqilabından sonra qadınar əmək prosesinə çox daha güclü dərəcədə qoşulmağa başladılar. Bu bəşəriyyətin inkişafında yeni bir era idi və bu erada qadınlar da iştirak edirdi. Qadınların iqtisadi prosesə fəal şəkildə qoşulmasının ardınca onların siyasi, sosial hüquqları da verilməyə başlandı. XX əsr bu mənada qadınlar üçün bir yüksəliş əsri oldu. Ancaq əmək prosesinə xüsusilə də XXI əsrdə qoşulmaq heç də asan deyil. Bunun üçün ən gərəkli şey təhsildir. Məhz təhsil nəticəsində qadınlar Orta Əsr zülmətindən çıxır, yeni cəmiyyət quruculuğunu azad və bərabərhüquqlu fərdinə çevrilə bilir.
İnkişaf piramadısının əks qütblərində duran ölkələr arasındakı fərqlər heç də ümumi təhsil alan vətəndaşların nisbəti ilə bağlı deyil, eləcə də təhsil alan qadınların nisbəti ilə də bağlıdır. Belə ki, inkişaf etmiş ölkələrdə qadınların təhsilə, dolayısı ilə əmək prosesinə qoşulması daha geniş şəkildə vüsət almışdır.
QEYD: Köşə yazısı Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi çərçivəsində yazılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26