Interposta.Info

 

Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb: Xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

Ölkə / Manşet
 30-06-2023, 14:49     170

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

12:47

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində altı nəfər ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb ediliblər: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26