Interposta.Info

Ölkənin 900-a yaxın məktəbi direktorsuzdur: Müəllimlər niyə rəhbər olmaq istəmir?

 

Ölkə
 12-05-2023, 19:03     170

"Bu gün ölkədə 4440-dan çox orta məktəb olsa da, onların 900-ə yaxınına direktor təyin olunmayıb. Bu da müxtəlif səbəblərdən qaynaqlanır”.

"İnterPosta"ya açıqlamasında bunu təhsil eksperti Elçin Əfəndi Milli Məclisin deputatı Fəzail Ağamalının ölkədə fəaliyyət göstərən orta məktəblərin 1/6-də direktorların olmaması barədə fikirlərinə münasibət bildirərkən deyib. Ekspert həmin səbəblərə aydınlıq gətirib:

"Bir sıra amillər müəlimləri direktor vəzifəsini tutmaqdan çəkindirir. Başlıca səbəb odur ki, bəzi direktorlar şəffaf rejimdə işləməyə üstünlük verdiyi halda, yerli icra hakimiyyətləri, bəzi dairələr və şəxslər tərəfindən müəyyən tələblərin qoyulması, maneələrin yaradılması onları bu işdən çəkindirir. Yerli icra hakimiyyətlərinin təhsil prosesinə müdaxilələrinə son verilməli, onlar bu prosesdən kənar saxlanılmalıdır”.

Ekspertə görə, yaranmış duruma məktəb direktorlarının işə qəbulu üçün keçirilən imtahanlarla bağlı müraciət edənlərin saylarının az olması da öz təsirini göstərir:

"Ona görə də bir sıra məktəblərə direktor təyinatı həyata keçirilə bilmir. Bu səbəbdəndir ki, həmin məktəblərdə direktor vəzifəsini direktor müavinləri həyata keçirirlər”.


Həmsöhbətimiz bildirir ki, direktorun olmadığı orta məktəblərdə təhsil və təlim-tərbiyənin keyfiyyəti aşağı olur:

"Orta məktəblərdə direktorun olması vacibdir. Çünki onun xüsusi öhdəlikləri var. Həmin öhdəliklərin həyata keçirilməsi, şəxsi heyətə diqqətin artırılması, eyni zamanda infrastrukturun tam yerində olması, tədrisin keyfiyyəti kimi məsələlər direktorun öhdəliyinə aid olan məsələlərdir”.

Həmsöhbətimizə görə, problemin həlli üçün müvafiq nazirlik konkret əməli addımlar atmalıdır:

"Direktorlara imkan yaradılmalıdır ki, onların görəcəkləri işlərə kənar müdaxilələr olmasın. Həmçinin, direktorların əmək haqqı məsələsinə də baxılmalı, onların maaşı artırılmalı, əlavə imtiyazlar verilməlidir. Təhsil sferasında, direktorların işə qəbulunda gender bərabərliyinin pozulması da prosesə öz təsirini göstərir. Direktor seçimində daha çox xanım müəllimlərə üstünlük verilir”.

Qeyd edək ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin 1/6-də direktorun olmamasından şikayətlənib. Bildirib ki, Salyan rayonunun 20 məktəbində məktəb direktoru yoxdur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26