Interposta.Info

Gəncənin bitmək bilməyən yol problemi: “Dağıdıb gediblər, asfaltlayan yoxdur” - FOTO

 

Ölkə
 1-05-2023, 17:15     106

Gəncənin Mahrasa bağında yaşayan sakinlər öz evlərinə getmək üçün 15-20 dərinləşmiş xəndəkdən keçmək məcburiyyətində qalırlar. Yağışlı günlərdə isə vəziyyət daha da acınacaqlı olur.

Şota Rustavelli küçəsində yaşayan Cahan adlı sakin Bizim.media-nın yerli bürosuna açıqlamasında küçədəki acınacaqlı vəziyyətdən şikayətlənib:

“Artıq iki aya yaxındır ki, küçəmizdə işlər yekunlaşıb. Amma təəssüf ki, gəlib dağıtdıqları yolları asfaltlamırlar. Yağış yağanda da qazılmış torpaqla örtülən xəndəklərdən keçmək mümkün olmur. Maraqlıdır, əgər işlər yekunlaşıbsa, niyə yol asfaltlanmır?”

Mahrasa bağında yaşayan və ərazidə taksi fəaliyyəti ilə məşğul olan Əli də yolların bərbad vəziyyətindən şikayətlənib:

“Mahrasa bağına mərkəz tərəfdən gəlmək üçün artıq rahat yol yoxdur. Şota Rustaveli və Pərviz Səmədov küçələrində yol çox bərbad durumdadır. Maşınlarımız sıradan çıxır. Xəndək və çuxurlardan artıq bezmişik. Heç kimi sakinlərin vəziyyəti maraqlandırmır”.

Məsələ ilə bağlı tikinti işlərini aparan “Maqro Construction” MMC-nin iş icraçısı Amil adlı şəxslə əlaqə saxladıq. Məsul şəxs məsələni araşdıracağını və yaxın günlərdə problemin həlli istiqamətində əməli addımlar atılacağını bildirib.

Lakin həmin verilən vədlərdən yenə də 3-4 gün ötüb. Nə yolları düzəldən var, nə də vətəndaşların problemləri ilə maraqlanan.

Əlbəttə, su və kanalizasiya xətlərinin çəkilməsinə və yolların yenidən asfaltlanaraq bərpa olunmasına cavabdeh olan qurum “Maqro Construction” müəssisəsidir. Lakin bu işlər Gəncə şəhəri ərazisində görülür və təbiidir ki, şəhərin aidiyyəti olan qurumları da vəziyyəti nəzarətdə saxlamalıdırlar. Çünki sonda əziyyət çəkən məhz yerli sakinlərdir.

Mövzu diqqətdə saxlanılır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26