Interposta.Info

Azərbaycanda tanınmış iş adamı bəraət aldı: 10 milyonluq ziyan, 10 il həbs... (FOTO)

Ölkə / Manşet
 13-04-2023, 10:15     511

Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş "Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində şikayət qismən istintaq aparılmaqla yenidən araşdırılıb.

Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğunu deyib. Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən "oğurluq etməsinin” real görünmədiyini deyib.

Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov günahsız elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub.

Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, "Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26