Putin Krımdan heç vaxt imtina etməyəcək - “Bloomberg”in köşə yazarı

Demokratik ölkələrin xalqlarının əksəriyyəti 1945-ci ildə Polşa uğrunda yeni müharibə aparmaq istəmədiyi kimi, bu gün də çətin ki, Krımın azad edilməsi uğrunda mübarizəni sona qədər dəstəkləsinlər.
"İnterPosta""Bloomberg”in köşə yazarı, "The Daily Telegraph” və "London Evening Standard” qəzetlərinin keçmiş baş redaktoru Maks Qastinqsin yazısını təqdim edir.
Reallığı dəyişmək çətindir. Bu, elmdə olduğu kimi geosiyasətdə də, demək olar ki, belədir.
Mən, Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini ürəkdən dəstəkləyirəm. Bununla belə, artıq bir ilə yaxındır ki, ədalətin nədən ibarət olmasından, müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, Vladimir Putinin Krımdan, ola bilsin ki, Donbasdan da imtina etməsinin hərbi baxımdan mümkünsüzlüyü barədə danışıram.
Rusiya çoxəsrlik tarixə və quldurluqda əhəmiyyətli uğurlara malikdir - bəzən kontinental miqyasda. Artıq İkinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Baş naziri Uinston Çörçill Sovet lideri İosif Stalinin mənəvi cəhətdən Adolf Hitlerdən fərqlənməyən canavar olduğuna şübhə etmirdi.
Bununla belə, əksər britaniyalılar nasizmi məhv etmək üçün lazım olan ən böyük qurban verdiyi üçün rus xalqına minnətdar idilər. Onlar Çörçillin Şərqi Avropada yeni imperiyasına zülm edən Stalinə olan qəzəbini başa düşmürdülər. İngilislər yaşlı baş nazirlərindən və xüsusən də artıq Hitlerin olmadığı bir vaxtda onun yeni düşmənlər axtarmaq həvəsindən bezmişdilər.
Çörçill xüsusilə polyaklara görə qəzəbli idi. 1939-cu ilin sentyabrında Böyük Britaniya və Fransa Hitlerin Polşaya əsassız hücumuna cavab olaraq Almaniyaya müharibə elan etdilər. Lakin bəzi tanınmış britaniyalı xadimlər uzaq Şərqi Avropa ölkəsinə kömək etmək üçün Hitlerlə döyüşməyə cəhd etməyin qrotesk olduğunu bildirirdilər. Varşavada sadəlövh polyaklar Britaniya səfirliyinin qarşısında səfirin "təcavüz və ədalətsizliyə qarşı çiyin-çiyinə mübarizə aparacağıq" sözlərini alqışlarla qarşılayırdılar. Nəticədə ingilislər faktiki olaraq heç nə etmədilər. Onlar Almaniyaya dərhal hava hücumu həyata keçirməklə bağlı müharibədən əvvəl verdikləri vədi pozdular, çünki nasistlərin cavabından qorxdular.
Həmçinin fransızlar polyaklara söz verdilər ki, müharibə olarsa, onların ordusu 13 gün ərzində qərbdən Almaniyaya hücum edəcək. Əslində, sentyabrın 7-də Fransanın 10 diviziyası Almaniyanın Saar əyalətinin cəmi beş mil dərinliyinə irəlilədi. Sonra isə dayandılar. Bütün bunlar indiki Qərbi Avropa ölkələrinin Ukraynaya dəstək verməsi ilə eyni deyilmi?
1939-cu il oktyabrın 5-nə hərbi kampaniya başa çatdı. Almanlar Polşanı işğal etdilər, bu ölkə, Alman imperiyasında növbəti beş il ərzində işğalçılarla fəth olunanlar arasında praktiki olaraq heç bir əməkdaşlıq olmadığı yeganə ölkə oldu. Hitlerin həyasız təcavüzkarlığının ən çirkli tərəfi 1939-cu ilin avqustunda nasist-sovet paktının gizli şərtlərinə uyğun olaraq almanların ölkənin şərqinə nəzarəti Stalinə verərək qərbi Polşaya çəkilmələri oldu.
Rusiya polyakları almanlardan da amansızlıqla idarə edirdi. Bu ölkə 1945-ci ildə "sülh" gələnə qədər bir milyona yaxın polyakın ölümünə görə məsuliyyət daşıyır.
Qərbi Avropa nasizmdən qurtuluşunu qeyd edərkən Çörçill bütün bunları bilirdi. Baş nazir impulsiv olaraq belə bir fikrə qapıldı ki, əgər Stalin Polşanın azad idarə olunmasına dair 1945-ci ilin fevralında imzalanmış Yalta sazişinin şərtlərini kobud şəkildə pozmağa davam edərsə, Qərb onları silah gücü ilə həyata keçirməli olacaq. Böyük Britaniya Baş qərargah rəislərinin rəhbəri general Ser Alan Bruk Çörçill polyakların ingilis-amerikan orduları tərəfindən azad edilməsi perspektivləri haqqında məlumat tələb edəndə heyrətə gəldi.
O, plan quranlardan "Polşaya ədalətli sövdələşməni” təmin etmək üçün "ABŞ və Britaniya İmperiyasının iradəsini Rusiyaya yeritmək” vasitələrini nəzərdən keçirməyi xahiş etdi. Onlara ABŞ və Britaniya ictimai rəyinin dəstəyinə arxalanacağı söylənildi (əslində, bu, heç vaxt mümkün olmayacaqdı). Daha ağlasığmazı odur ki, hərbi rəhbərlərə "alman əməyinin istifadəsinə və Almaniyanın sənaye potensialından qalanlara” ümid edə biləcəklərini söylənilirdi. Belə bir hücum 1 iyul 1945-ci ildə gözlənilirdi.
Britaniya Birgə planlaşdırma qərargahı Qərb müttəfiqlərinin SSRİ-yə qarşı "Ağlasığmaz” adlı hücum əməliyyatı üçün ətraflı təklif hazırlamağa başladı. Milli arxivimizdə bu heyrətamiz 100 səhifəlik sənədi öyrənmək üçün çoxlu saatlar sərf etmişəm.
Planlaşdıranlar qeyd etdilər ki, hətta əməliyyatın uğuru Rusiyanı mütləq tabe olmağa məcbur etməyəcək. Əgər o, total müharibə istəyirsə, onu başlada bilər. "Rusiya üzərində həlledici qələbəyə nail olmaq üçün ABŞ-ın nəhəng resurslarının əhəmiyyətli hissəsinin Avropada yerləşdirilməsi, həmçinin Almaniyanın və bütün Qərbi Avropa müttəfiqlərinin işçi qüvvəsinin yenidən təchiz edilməsi və təşkili tələb olunur".
Planlaşdıranlar etiraf etdilər ki, Qərbin aviasiyası sovet kommunikasiyalarına qarşı effektiv şəkildə istifadə oluna bilər, lakin "Rusiya sənayesi o qədər geniş ərazilərdə səpələnib ki, o, çətin, sərfəli hava hədəfi ola bilsin”.
Onlar 14-ü zirehli olmaqla 47 ABŞ və Briyaniya diviziyasından istifadə etməyi təklif etdilər. Mümkün Sovet əks-hücumuna qarşı 40-dan çox digər birləşmələr ehtiyatda saxlanılacaqdı. SSRİ buna cavab olaraq 30-u zirehli olmaqla 170 diviziya ortaya çıxara bilərdi: "Havada taktiki üstünlüyümüz və qüvvələrimizin üstün idarəetmə sistemi balansı nə dərəcədə bərpa edəcəyini söyləmək çətindir”.
Nəzərdə tutulan əməliyyatı xarakterizə etmək üçün "təhlükəli" sözü səkkiz dəfə istifadə olunur. Müharibə planlaşdıranlar xəbərdarlıq edirdilər ki, Qərbi Avropadakı kommunistlər hücumu sabotaj etməyə çalışacaqlar. Almaniya Baş qərargahı həqiqətən də müttəfiqlərlə əməkdaşlıq etmək istəsə də, alman əsgərləri çətin ki, ruslarla münaqişənin təzələnməsindən məmnun olsunlar.
Britaniya Baş qərargahı heç vaxt şübhə etmirdi ki, "Ağlasığmaz” planı həqiqətən də baş nazirdən başqa hər kəs üçün ağlasığmazdır. Xarici İşlər Nazirliyi Çörçilin təklifi qarşısında dəhşət içində geri çəkildi. Bruk mayın 24-də yazırdı: "İdeya, əlbəttə ki, olduqca fantastikdir və uğur qazanmaq şansları, demək olar ki, yoxdur".
Unudulmamalıdır ki, Londonda bu mübahisələr hətta müttəfiqlərin yaponlara qarşı mübarizəsi davam edərkən də baş verirdi. Bir ay sonra, amerikalılar Sovet əsarətində olan Şərqi Avropada Polşa və ya hər hansı digər millət uğrunda ruslarla döyüşmək fikrindən əl çəkdikdə "Ağlasığmaz” məsələsi qapandı. Prezident Trumen Vaşinqtondan teleqraf göndərdi ki, o, fevralda Yaltada razılaşdırılmış işğal zonalarına Britaniya-ABŞ qoşunlarının qərbə doğru çıxarılmasını təxirə salmaq üçün heç bir səbəb görmür.
Stalin yeni imperiyasını əldə etdi və Rusiya onu 20-ci əsrin son onilliyində Sovet İttifaqının dağılmasına qədər saxladı, çünki ora ilk olaraq Qırmızı Ordu gəlmişdi. Əgər Çörçil və ya Qərbi müttəfiqlər Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya və ya Baltikyanı dövlətləri Stalinin cəngindən xilas etmək istəsəydilər, Avropanın şimal-qərbində genişmiqyaslı, baha başa gələn kampaniya lazım olardı və bunu planlaşdırmaq daha tez lazım idi, hətta 1944-cü il belə artıq gec idi.
Nə olursa olsun, SSRİ belə bir reallıq yaratdı ki, Çörçil və amerikalı general Corc Pattondan başqa heç kim silah gücünə meydan oxumağa hazır deyildi. Düşünürəm ki, bu gün Putinin Krımı ələ keçirməsi də eyni şeydir. Bunun etibarlı şəkildə mübahisə edilə biləcəyi yeganə vaxt 2014-cü il idi, Qərb bu zamanı itirdi.
Bütün geosiyasət ədalətin, dürüstlüyün və azadlığın məhdud rol oynadığı hesablamalar tələb edir. Bu gün bir çox insanlar deyirlər ki, "əgər Rusiyaya Ukraynanın bir hektar belə torpağını saxlamağa icazə verilsə, Qərbin demokratiyası və təhlükəsizliyi təhlükə altına düşəcək”. Bu doğrudur. Amma demokratik ölkələrin xalqlarının əksəriyyəti 1945-ci ildə Polşa uğrunda yeni müharibə aparmaq istəmədiyi kimi, bu gün də çətin ki, Krımın azad edilməsi uğrunda mübarizəni sonadək dəstəkləsinlər. Bu, geri qaytarılması mümkün olmayan bir reallıqdır.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26