Interposta.Info

 

Fazil Mustafa: “Bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam” - YENİLƏNİB

Ölkə
 10-04-2023, 14:13     110

“Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam”.

"İnterPosta"-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, hələ ki, səhhəti namaza və oruca imkan vermir:

“İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün köməkçilərimə tapşırıq verdim ki, hər həftə olduğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlayaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim”.

“Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarındayam! Bu Vətən, bu dövlət, bu millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”, - deyə o əlavə edib.

10:38

“Çiyninin yarası dərin idi. Altı əzələsi tikilib, ona görə də bir qədər ağrı hiss edir”.

Bu sözləri Oxu.Az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, güllə yarası dərin olduğu üçün əməliyyatdan sonra F.Mustafa həkim nəzarətində qalmalıdır:

“Şükür olsun, ümumi vəziyyəti çox yaxşıdır. Ayağındakı yara, demək olar ki, sağalıb. Gəzir, rahat oturub-durur. Amma çiyni onu bir az incidir. Tikiş qoyulub, altı əzələsi tikilib. Həkimlər reabilitasiya prosesini davam etdirirlər. Heç bir narahatlıq olmasa, iki-üç günə evə buraxılmasını gözləyirik”.

Xatırladaq ki, Fazil Mustafa aprelin 7-də yenidən cərrahi əməliyyat keçirib. Əməliyyat zamanı onun ayağına və çiyninə tikiş qoyulub.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51-də paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib-keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.\oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26