Interposta.Info

Alimpaşa Məmmədov büdcədən 71 min manatı necə mənimsəyib?

Ölkə
 28-02-2023, 22:49     175

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

"Qafqazinfo”nun məlumatına görə, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib.

Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin heç biri işə cəlb edilməyib.

Həmin insanların adları sadəcə, formal olaraq yazılıb. Bəzi hallarda isə adlarına kart hesabı açılan şəxslər ancaq məhkəmədə bu faktı öyrənib.

Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Bir çox hallarda kommunal sahədə çalışanlar üçün ayrılan geyim dəstləri, müxtəlif mal-materiallar da sadəcə, qaimələrdə göstərilib.

Məhkəmədə Alimpaşa Məmmədov tərəfindən Mənzi-Kommunal İstismar İdarəsinin rəisi təyin edilən, hazırda isə rayon İcra Hakimiyyətində çalışan Teymur Hacıyevin və vaxtilə onun tabeliyində olan şəxslərin ifadələri də alınıb.

Bəlli olub ki, sürücü qismində siyahıda 10 əvəzinə, 19 sürücü göstərilib. Beləliklə hər il say süni şəkildə artırılıb. Nəticə etibarı ilə təkcə bu epizod üzrə dövlət büdcəsinə 71 min manat ziyan vurulub.

Bundan əlavə texnikaların nəzərdə tutulan ərazilərdə işləməməsi, daha dəqiq desək, Şəmkir rayonuna aid olmayan Ceyrançöl ərazisində istifadə edilməsi kimi faktlar da ortaya çıxıb. Teymur Hacıyev belə bir göstərişi hazırda İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Mahir Əliyevdən aldığını deyib. Bundan əlavə Alimpaşa Məmmədova məxsus olan "21-ci Əsr” şirkəti də kommunal sahəyə cəlb edilib. Beləliklə yanacaq və avtomobillərin ehtiyat hissələri üçün ayrılan vəsaitlər bu şirkətə yönləndirilib.

Məhkəmə prossesi təxminən 3 saatdan artıq davam edib. Bu fakt üzrə şahidlərin dindirilməsi növbəti prsesdə də davam etdiriləcək.

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin (mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26